Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İşğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır

İşğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır

04.09.2024 [12:50]

Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcər rayonuna səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı ilə yadda qaldı. Qeyd edək ki, dövlət başçısı rayon ərazisində görülən işlərlə tanış oldu və bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərdi.  

Yeri gəlmişkən, 2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının müasir tarixində yeni dövrün başlanğıcı oldu. Bu dövrün milli prioriteti isə işğaldan azad edilmiş ərazilərimizin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunmasıdır. Prezident İlham Əliyevin həm də milli  ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Cəmi 4 il ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar. İndiyədək 7 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurda qayıdıb və bərpa-quruculuq işləri tamamlandıqca onların sayı da yüksəlir. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq edib.  Proqramda qarşıya qoyulan məqsədlərə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yüksək standartlara cavab verən yaşayış məntəqələri, o cümlədən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, etibarlı su, elektrik, qaz, istilik təminatı, habelə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan "yaşıl" texnologiyaların tətbiqi ilə "yaşıl enerji" zonası yaradılır, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə, sosial xidmət, yol-nəqliyyat infrastrukturu qurulur. O cümlədən geri dönən vətəndaşlarımızın məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzindədir və hər bir məqsəd birinci növbədə əhalinin layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir. Eyni zamanda barbar düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur. 

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər Prezident İlham Əliyevin quruculuq əzmini, qətiyyətini və Azərbaycan dövlətinin iqtisadi gücünü nümayiş etdirir. Təsadüfi deyil ki, indi Azərbaycan dövləti Livan boyda, dörd Lüksemburq boyda bir ərazidə bərpa və quruculuq işləri aparır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə hər səfəri yeni təməllərin qoyulması və inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur. Qarabağ və Şərqi Zəngəzurun bərpasında Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da böyük fəallıq nümayiş etdirir, quruculuq işlərinə layiqli töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələri möhtəşəmliyi ilə fərqlənir. Fond hazırda bu ərazilərdə tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Ötən 4 ilə yaxın müddətdə onların bir qismi tam icra olunub. Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidlərinin, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamın, Şuşada Yaradıcılıq Mərkəzinin, Zəngilan məscidinin, Ağdam Cümə məscidinin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.
Heydər Əliyev Fondu tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri dövlətə və xalqa xidmətin ən gözəl örnəyidir. Qarşıdakı dövrdə isə fond tərəfindən işğaldan azad edilmiş ərazilərimizin bərpasına yeni möhtəşəm töhfələr veriləcək.

İşğaldan azad edilmiş digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.   Xatırladaq ki, 2020-ci ildə havaların soyuq və şaxtalı olduğu bir dövrdə azad olunmasına baxmayaraq, Kəlbəcərdə dərhal quruculuq işlərinə başlanılmış, ilk növbədə rayonun enerji ilə təminatı yoluna qoyulmuşdu. Rayonda ilk inşa olunan obyekt də enerji infrastrukturudur. Sonrakı dövrdə dağ çaylarının bol olduğu Kəlbəcərdə yeni su-elektrik stansiyalarının inşasına başlanmış, onların bir çoxu istifadəyə verilmişdir.  Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox yüksəklikdə, uca dağlar qoynunda yerləşən Kəlbəcərdə aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün xüsusi bir təntənəsidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentybarın 2-də Kəlbəcərə etdikləri səfər də bu baxımdan əlamətdar oldu. Dövlət başçısı Tərtər çayı üzərində yerləşən 22,5 MVt gücündə "Yuxarı Vəng" və 4,3 MVt gücündə "Zar" su-elektrik stansiyalarının, "İstisu" mineral su zavodunun açılışında iştirak edib. "İstisu" zavodunun təməli 2022-ci ilin iyununda qoyulmuşdu və onun istifadəyə verilməsi göstərir ki, artıq Kəlbəcərin iqtisadi potensialı hərəkətə gətirilir.  Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və onların bir qismi Kəlbəcərin payına düşür. Su-elektrik stansiyalarının inşası həm də Qarabağ və Şərqi Zəngəzurdakı "yaşıl quruculuğun" göstəricisidir. Dövlət başçısı Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin və İstisu qəsəbəsinin təməlini də qoyub. İkinci yaşayış kompleksində 160 ailənin yaşaması planlaşdırılır. Şəhərdə birinci yaşayış kompleksinin inşası isə davam edir və tezliklə öz doğma sakinlərini qarşılayacaq. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri əzəmətli, nəhəng və genişmiqyaslıdır. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır.

Ən əsası, dövlətimizin başçısının qətiyyəti, iradəsi və quruculuq əzmi ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır.

Anar Süleymanov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Dünya

YAP xəbərləri

Separatizmə son qoyuldu

12 Sentyabr 14:09

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dünya

ABŞ-da debat gecəsi...

12 Sentyabr 09:14

Dünya

Fransa şokda...

12 Sentyabr 09:10  

Elm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30