Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan ilə Türkmənistan arasında yeni əməkdaşlıq imkanları

Azərbaycan ilə Türkmənistan arasında yeni əməkdaşlıq imkanları

24.06.2026 [14:29]

Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan dəyişikliklər yeni siyasi və iqtisadi güc mərkəzlərinin meydana çıxmasını sürətləndirir. Ənənəvi geosiyasi yanaşmalar tədricən öz yerini qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq platformalarına verir. Belə bir şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi görüşdən sonra verdiyi bəyanat regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi mesaj kimi xüsusi əhəmiyyət daşıyır.

Səsləndirilən fikirlər təkcə Azərbaycan-Türkmənistan münasibətlərinin perspektivlərini deyil, həm də Xəzər regionunun, Mərkəzi Asiyanın və bütövlükdə Türk dünyasının gələcək geosiyasi mənzərəsini əhatə edir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakına verilən yüksək qiymət oldu. Dövlət başçısının bu hadisəni tarixi addım kimi xarakterizə etməsi təsadüfi deyil. Uzun müddət Mərkəzi Asiya və Cənubi Qafqaz müxtəlif geosiyasi platformalarda təmsil olunsa da, son illərin reallıqları göstərir ki, artıq bu iki regionu bir-birindən ayrı şəkildə dəyərləndirmək mümkün deyil. Ortaq tarix, mədəni bağlar, iqtisadi maraqlar və nəqliyyat əlaqələri bu geniş məkanı vahid inkişaf zonasına çevirir.

Azərbaycan bu prosesdə mühüm rol oynayır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Şərqlə Qərb arasında etibarlı körpü mövqeyini daha da gücləndirib. Bu gün Bakı yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və iqtisadi mərkəzlərindən biri kimi tanınır. Dünyada geosiyasi gərginliklərin artdığı və yeni çağırışların meydana çıxdığı bir dövrdə etibarlı tərəfdaşlıq münasibətləri və təhlükəsiz nəqliyyat marşrutları xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının logistika və nəqliyyat sahəsinə verdiyi önəm də məhz bu amillərlə bağlıdır.

Son illər qlobal ticarət sistemində baş verən dəyişikliklər Orta Dəhlizin strateji rolunu daha da artırıb. Asiya ilə Avropanı birləşdirən ən əlverişli və təhlükəsiz marşrutlardan biri hesab olunan bu xətt artıq beynəlxalq iqtisadiyyatın diqqət mərkəzindədir. Lakin bu uğurun əsasını yalnız coğrafi mövqe deyil, eyni zamanda siyasi etimad təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi əməkdaşlıq olmadan heç bir nəqliyyat layihəsi tam potensialını reallaşdıra bilməz. Azərbaycanın formalaşdırdığı etibarlı tərəfdaş imici, qonşu dövlətlərlə qurduğu balanslı münasibətlər və beynəlxalq layihələrdə nümayiş etdirdiyi məsuliyyət Orta Dəhlizin inkişafına ciddi təkan verən amillərdəndir.

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir dəmir yolu şəbəkəsi və geniş logistika imkanları sayəsində Azərbaycan Avrasiya nəqliyyat sisteminin əsas qovşaqlarından birinə çevrilib. Türkmənistan isə Xəzərin şərq sahilində yerləşərək bu sistemin mühüm hissəsini təşkil edir. Hər iki ölkənin səylərinin uzlaşdırılması yalnız yükdaşımaların həcminin artmasına deyil, həm də yeni iqtisadi əməkdaşlıq məkanının formalaşmasına xidmət edir.

Cənab Prezident İlham Əliyevin bəyanatında enerji sahəsinə dair səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkdi. Qlobal enerji bazarlarında baş verən dəyişikliklər yeni əməkdaşlıq formatlarının yaranmasını zəruri edir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Türkmənistan isə zəngin təbii qaz ehtiyatları ilə dünyanın aparıcı enerji ölkələrindən biri hesab olunur. Bu iki dövlət arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi yalnız region üçün deyil, beynəlxalq enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır.

Bu gün Xəzər hövzəsi artıq təkcə enerji resurslarının hasil olunduğu məkan deyil. Region eyni zamanda beynəlxalq tərəfdaşlıq, sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq platforması kimi çıxış edir. Azərbaycanın həyata keçirdiyi təşəbbüslər də məhz bu məqsədlərə xidmət edir. Son illərdə Türk dünyasında müşahidə olunan inteqrasiya meyilləri də Prezident İlham Əliyevin çıxışında öz əksini tapdı. Türk Dövlətləri Təşkilatının güclənməsi, ortaq iqtisadi və nəqliyyat layihələrinin genişlənməsi, humanitar və mədəni əlaqələrin inkişafı yeni siyasi reallıq formalaşdırır. Bu reallığın təməlində qarşıdurma deyil, əməkdaşlıq dayanır.

Azərbaycan bu prosesdə birləşdirici rol oynayır. Şərqlə Qərb, Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Xəzər regionu ilə Avropa arasında qurulan körpülər ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir. Ölkə Prezidenti İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu da məhz bu nəticələrin əldə olunmasına şərait yaradıb. Bu gün Azərbaycan artıq hadisələri müşahidə edən deyil, regional proseslərin istiqamətini müəyyənləşdirən və təşəbbüslərlə çıxış edən dövlətlər sırasında yer alır.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya dövlət səfəri və aparılan müzakirələr göstərdi ki, qarşıdakı illərdə Xəzər regionunda əməkdaşlığın yeni mərhələsi başlayacaq. Bu prosesin əsas iştirakçılarından biri isə Azərbaycandır. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat bir daha nümayiş etdirdi ki, ölkəmizin həyata keçirdiyi siyasət yalnız milli maraqların qorunmasına deyil, eyni zamanda regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın möhkəmlənməsinə xidmət edir.

Məhz buna görə də Azərbaycan bu gün təkcə yerləşdiyi regionun deyil, bütövlükdə Avrasiya məkanının gələcəyinə təsir göstərən əsas siyasi aktorlardan biri kimi çıxış edir. Xəzər hövzəsindən Mərkəzi Asiyaya, Türk dünyasından Avropaya qədər uzanan əməkdaşlıq əlaqələrinin qurulması ölkəmizin artan beynəlxalq nüfuzunun, strateji baxışının və uzaqgörən dövlət siyasətinin bariz göstəricisidir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 39 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30