Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatı öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub

YAP Gəncə şəhər təşkilatı öz fəaliyyətini günün tələbləri səviyyəsində qurub

10.07.2020 [09:54]

Hazırda şəhər təşkilatında 44 min 212 nəfər partiya üzvü birləşib
Məlum olduğu kimi, ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı vaxtdan böyük inkişaf yolu keçib. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiyamız bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 750 mindən çox üzv birləşib.
Ölkəmizin siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyasının gücünü şərtləndirən amillərdən biri də onun monolit yerli strukturlara malik olmasıdır. Ötən illər ərzində partiyanın rayon və şəhər təşkilatları da əhəmiyyətli dərəcədə inkişaf edərək ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Gəncə şəhər təşkilatı da belə təşkilatlardandır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib, ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib. Hazırda YAP Gəncə şəhər təşkilatının 252 ərazi ilk partiya təşkilatında 44 min 212 nəfər partiya üzvü birləşib. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinə olan inamın ifadəsidir. Söhbətimiz zamanı YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib ki, təşkilatın 27 illik tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır: “Fəxrlə deyə bilərik ki, təşkilatımızın sıraları bu gün də savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Şəhər təşkilatının üzvlərinin 55,6 faizini gənclər, 62 faizini isə qadınlar təşkil edir”.
N.Həmzəyevin sözlərinə görə, YAP Gəncə şəhər təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını vaxtında yerinə yetirməyə, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak etməyə çalışır. Belə ki, son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan uğurların əsas meyarına çevrilib.
“Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya - koronavirus infeksiyası yer kürəsinin, eyni zamanda ölkəmizin saknlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlı Gəncədə də müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir” - deyən, N.Həmzəyevin sözlərinə görə, partiyanın yerli strukturlarından biri olaraq YAP Gəncə şəhər təşkilatı da bu yöndə işlər görür. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan şəhər təşkilatının əməkdaşları mart və aprel ayları üzrə əmək haqlarını, ümumilikdə 28 440 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Bu günə qədər YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşlara, aztəminatlı ailələrə gigiyenik vasitələr, ərzaq olan sovqatlar çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmayıb.
Şəhər təşkilatının sədri deyib ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə, aksiyalarda yaxından iştirak ediblər. Eyni zamanda, YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə bu yöndə onlayn tədbirlər də keçirilib. Belə ki, “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” və “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzularında keçirilən videokonfranslarda ölkəmizdə həyata keçirilən sosial siyasətin, sosial dəstək proqramlarının əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasına, sosial rifaha olan təsirlərindən bəhs edilib.
N.Həmzəyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı koronavirus pandemiyası ilə mübarizədə bundan sonra da yaxından iştirak edəcək: “Ən əsası isə xalq-hakimiyyət birliyi, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti koronavius kimi qorxunc kabusa qalib gəlməkdə yardım edəcək, tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük”.
Onu da qeyd edək ki, YAP Gəncə şəhər təşkilatının üzvü olan qadınlar da ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadənin sözlərinə görə, Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, müdriklik, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək olub: “Qadınlarımızın missiyası bu gün də davam edir. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır. Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır”.
P.Kərimzadənin sözlərinə görə, YAP Gəncə şəhər təşkilatının sıralarında qadınlar 60 faiz təşkil edir. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusla mübarizə sahəsindəki ardıcıl, yorulmaz və məqsədyönlü fəaliyyətini, ölkə vətəndaşlarının mənafelərinə həsr edilmiş ümummilli siyasətini ürəkdən dəstəkləyir və müdafiə edir. Eyni zamanda, onlar koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.
Şəhər təşkilatının işində gənclər də olduqca fəal iştirak edirlər. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti Gəncədə də uğurla həyata keçirilir: “YAP Gəncə şəhər təşkilatının sıralarında birləşən gənclər şəhərin sosial-iqtisadi və mədəni həyatındakı fəal iştirak edir, onlar üçün yaradılan imkanlardan yararlanırlar. Birliyin gənc üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanıblar. YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi yüksək vətəndaş mövqeyi, ictimai-siyasi proseslərdə fəallıq və yüksək vətənpərvərlik nümayiş etdirən gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində maraqlı, ardıcıl layihələrlə çıxış edib. Bunun bəhrəsi olaraq, təşkilatın sıraları keyfiyyət etibarı ilə günü-gündən zənginləşib, yeni fəal gənclər böyük fəxr və qürur hissi ilə partiya sıralarına qoşulublar. Gənclərimizin partiyamıza könüllülük əsasında gəlməsi YAP-ın ölkəmizdə avanqard rola malik olmasını və alternativsiz siyasi qüvvə olduğunu bir daha sübut edir”.
Təşkilatın Gənclər Birliyinin daim yeniliklərə üstünlük verdiyini, gənclərin maariflənməsi, ictimai-siyasi cəhətdən fəallığını təmin etmək üçün müxtəlif layihələr, tədbirlər həyata keçirildiyini deyən K.Abbasovun sözlərinə görə, burada mütəmadi tələbə-gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması, onların içtimai-siyasi fəallığının genişləndirilməsi, hərtərəfli biliklərə yiyələnməsi, asudə vaxtının səmərəli təşkili məqsədi ilə dəyirmi masalar, diskussiyalar, işgüzar müzakirələr, debat və treninqlər aparılır. Təlim və Resurs Mərkəzinin, dil kurslarının, hər şənbə günü fəaliyyət göstərən “Cine Club”un fəaliyyəti, gənclərin ictimai fəaliyyətinin onların inkişafında, gələcək arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol oynayır. Gənclərin siyasi, sosial, mədəni, tarixi dünyagörüşünün artırılması, yeni bilik və bacarıqlara yiyələnməsi üçün 4 mərhələdən ibarət “Yerində Tarix” eko tur layihəsi, “Gənc bloggerlər” təlim kursu, “Xeyriyyə klubu”, I kurs tələbələri ilə görüşlər, “Gəncə şəhərinin ekoloji problemləri” mövzusunda iməciliklər, “Gənclər gələcəyimizdir” adlı dəyirmi masalar, seminarlar keçirilib. Hazırda isə pandemiya səbəbindən “Cine Club” onlayn fəaliyyət göstərir.
Həmsöhbətimizin sözlərinə görə, partiyanın Gəncə şəhər təşkilatı koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub: “Təşkilatımızın əməkdaşları, gənc könüllülər əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərir, ahıl, tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımlarını çatdırırlar. Xüsusi karantin dövründə gənc fəallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayıb, onlara sosial xidmətlər göstərib, “Sağlamlığımız milli həmrəyliyimizdədir!”, “Biz birlikdə güclüyük” aksiyasaları çərçivəsində yüksək fəallıq nümayiş etdiriblər. Eyni zamanda, gənclərimiz karantin qaydalaraına əməl etməklə mütəmadi olaraq Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə baş çəkirlər”.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvü, partiyanın könüllüsü Pərvin Abbasova isə qeyd edib ki, ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi bu baxımdan gənclərə və könüllülərə verilən növbəti dəyərdir.
“Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “2020 Könüllülər ili” çərçivəsində partiya könüllülərinin toplantısında iştirak etməyim, könüllü qismində seçkilərdə fəal iştirakıma görə diplomla təltif olunmağım həyatımın ən yadda qalan günlərindəndir. Bu gün də mənim üçün qürurverici haldır ki, Yeni Azərbaycan Partiyasının könüllüləri bu çətin günlərdə- koronavirus pandemiyasının dünyada tüğyan etdiyi zamanda öz əməlləri ilə cəmiyyətə faydalı olmağa çalışıblar. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq, hər zaman Prezident İlham Əliyevin çağırışlarına və birinci xanım Mehriban Əliyevanın təşəbbüslərinə qoşulan gənclərimizin, xüsusi ilə Yeni Azərbaycan Partiyasının yüzlərlə könüllüsünün bu ağır, çətin günlərdə ərzaq məhsullarının aztəminatlı ailələrə, yaşlı və tənha vətəndaşlara çatdırılmasında iştirakı alqışa layiqdir”, - deyə P.Abbasova söyləyib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 636 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30