Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir

Güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir

26.06.2022 [14:47]

Bu gün müstəqil Azərbaycanda əlamətdar tarix, 26 İyun - Silahlı Qüvvələr Günü böyük qürur hissi ilə qeyd olunur. Bu günün təsis edilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanmalıdır ki, 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu öndər Heydər Əliyev milli hərbi kadrların yetişdirilməsinin, Azərbaycan Ordusunun təkmilləşdirilməsinin əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin səyi ilə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması respublikamızın hərbi təhsil tarixində yeni bir səhifə açdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilirdi.

1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Ordu səriştəsiz insanların fəaliyyəti nəticəsində səhv istiqamətə yönləndirildi, daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. Bunun nəticəsində də Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğalçı Ermənistan torpaqlarımızı zəbt etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanlar başçılıq edirdi.

1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ordu quruculuğu siyasətini yenidən aktuallaşdırdı. Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfat fəaliyyəti nizama salındı. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Müasir, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu öndər Heydər Əliyev 26 iyunu Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirdi.

Son üç onillik ərzində müharibə şəraitində yaşayan və işğal faktı ilə üzləşən Azərbaycanın öz Ordusunu davamlı şəkildə gücləndirməsi strateji önəm daşıyıb. Azərbaycan ötən dövrdə müasir ordu quruculuğunu daim öz gündəliyinin mərkəzində saxlayıb. Respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Bəhs olunan dövrdə dövlət büdcəsindən hər il Silahlı Qüvvələrin möhkəmləndirilməsinə böyük həcmdə vəsaitlər yönəldilib. Qeyd etmək yerinə düşər ki, iqtisadi-maliyyə imkanları getdikcə genişlənən respublikamız 2003-cü ildən bəri özünün hərbi xərclərini də adekvat şəkildə artırıb.

Davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Bu gün Silahlı Qüvvələrimizin arsenalında ən müasir silahlar - hava hücumundan müdafiə sistemləri, tank və digər zirehli texnikalar, pilotsuz uçuş aparatları, hədəfləri yüksək dəqiqliklə müəyyənləşdirən və məhv edən qurğular və s. cəmləşib. 2020-ci il il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi bir daha təsdiqlədi ki, Azərbaycan ordu quruculuğunda innovativ texnologiyalardan daha geniş istifadə edib. Ordumuzun peşəkar kadrlarla təchizatı da kifayət qədər yüksək səviyyədədir. Prezident İlham  Əliyev 2021-ci ildə Bakıda Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son 17 ildə ölkəmizdə ordu quruculuğunun geniş vüsət almasından bəhs edərək vurğulayıb: “Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq”.

Eyni zamanda, qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən mindən çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Qeyd edək ki, 2005-ci ildən bəri ölkənin hərbi-sənaye kompleksində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi dəfələrlə artıb.

Hazırda Azərbaycan ordu quruculuğu baxımından dünyanın güclü ölkələrindəndir. Bu, nüfuzlu beynəlxalq reytinq agentliklərinin də hesabatlarında öz əksini tapıb. Həmin reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Belə güclü Ordu isə ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı rolunda çıxış edir. Müstəqil Azərbaycanın dünyanın ən güclü ordularından birinə malik olması, heç şübhəsiz, xalqımızın qürur mənbəyidir.

Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olundu və beləliklə, tarixi ədalət öz yerini tapdı. Bu böyük qələbənin sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirən rəşadətli Silahlı Qüvvələrimiz yaşatdı. Prezident İlham Əliyev 2020-ci ilin dekabrında Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı Qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb ki, hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. “Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”, - deyə dövlətimizin başçısı bildirib.

Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Vətən müharibəsində Ordumuzun şəxsi heyətinin nümayiş etdirdiyi qəhrəmanlıqlar iftixar mənbəyimizdir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Ümumiyyətlə, güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan Ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır.

Elmar Əhmədov

YAP Salayan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31