Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hidayətin “Burdan min atlı keçdi” kitabından bir hissə...

Hidayətin “Burdan min atlı keçdi” kitabından bir hissə...

04.05.2023 [10:11]

İSMİXAN MƏMMƏDOV  

(1930-1994)

Aşıq Ələsgərin qardaşı Məşədi Salahın nəvəsidir. Şeirləri Göyçədə, Qərbi Azərbaycanın çox bölgələrində dillərdə gəzirdi. Azərbaycanda da tanınırdı. Lakin yazdıqlarından toplu tərtib etmək, kitab nəşri prosedurası ilə məşğul olmaq

( o illərdə kitab nəşr etdirməyin yolu uzun çəkirdi, indiki kimi deyildi) fikri ağlına da gəlmirdi. Üstəlik, həmişə onun kitabının çapı məsələsini qaldırmağım, Azərbaycan Ədəbiyyatı Şurasının sədri seçiləndən sonra əlyazmasını hazırlayıb mənə təqdim etməyi təkidlə xahiş etməyim də bir nəticə vermədi. İsmixan öz aləmində, öz poetik dünyasındaydı: şeirlərini yazar, bir-iki dost tanışa oxuyar- ya oxumaz, “ sandığa” atardı. Mən axır ki, onun bir neçə şeirini ala bildim və “Ədəbi Ermənistan - 83” toplusuna daxil etdim. Həmin şeirlərdən biri:

O titrəyən dodaqların

Həsrətinə qurban olum.

Həyat verən nəfəsinin

Şəfqətinə qurban olum.

Ulduz kimi axışının,

Şimşək kimi çaxışının,

Baxışınla baxışımın

Söhbətinə qurban olum.

Şöhrətisən diləyimin,

Qüvvətisən biləyimin,

Ürəyinlə ürəyimin

Vəhdətinə qurban olum.

Sonasısan bizim gölün,

Qönçəsisən qızılgülün.

Bu könüllə o könülün

Ülfətinə qurban olum.

Deycək gözə o surətin

Dinmək olur mənə çətin

Dili bağlı məhəbbətin

Hikmətinə qurban olum.

Sən bəxtimin əzəlisən,

Söz-söhbəti məzəlisən,

Azərbaycan gözəlisən,

İsmətinə qurban olum!

Təbii və gözəl! Sanki qələmə alınanda misralar üstündə düşünülməyib, nəsə axtarılmayıb, ürəkdən-candan necə gəlibsə-eləcə kağıza  köçürülüb.

İsmixanın bütün şeirləri belədir, Göyçə çeşmələrinin həzin səsidir ritmləri, çehlim mənzillidir misraları.

Şeirlərinin dillərdə gəzməsini sözgəlişi demədim, bu gerçək faktı xatırlayanda heyrətlənirəm, çünki mətbuatda ardıcıl çap olunmayan, kitab çap etdirməyən şairin misralarının dillərdə, dodaqlarda gəzməsi o illərdə də, bizim günlərdə də hər istedad sahibinə nəsib olmur. Soydaşlarımızın Qərbi Azərbaycandan, o sıradan Göyçədən sonuncu deportasiyasınadək doğma kəndində - Ağkilsədə yaşadı. Mən 1969-cu ilin yayında ilk dəfə bu kəndə gedəndə elə bilirdim müqəddəs  yerin ziyarətinə gedirəm. Aşığın məzarı önündə xeyli düşündüm, əvəzsiz poetik misraları. Dərin himkətləri, təbii lirikası səsləndi başımda, üstü torpağın otun səthiylə bir olmuş məzarı ağrıtdı ürəyimi, böyük sənət önündə ehtiramla baş əydim. Elə həmin gecə mehmanxanada misralar doğuldu:

                         

ƏLƏSGƏR DƏRSİ

Yollarda nurlandı şeir çırağım,

Bu nə gözəl səfər,

nə xoş görüşdü?!

Ömrün bir səhəri səyyar ayağım

ustad  Ələsgərin qəbrinə düşdü...

Sinədəftər aşıq  yatır  burada,

məzarı ən qədim şeiri andırır.

Onun söz həvəsi soyuq məzarda

Torpağı  yandırır, daşı  yandırır.  

Təbiət  bəxş etdi onu cahana,

ustad kəməndini misraya atdı.

Tale ilham verdi, təb verdi ona,

Aşıq nəğmə dedi, dastan yaratdı.

O ki, əlindəki sədəfli sazı

ana təbiətin özü sanıbdır.

Bəlkə ona görə sadə məzarı

çəmənlə çiçəklə naxışlanıbdır?!

Yer əkib, əlinə çomaq da alıb...

Yazısı- el zehni, bir sadə sazıdır.

“Bisavad” aşıqdan nələr yazılıb,

innən belə nələr yazılasıdır!

Şeir məclisində odur tamada,

təcnisi şərbəttək içilməlidir.

Bütün şairlərə institutda  

Ələsgər dərsi də keçilməlidir.

1969, Basarkeçər.

Doğrudanmı Aşıq Ələsgər bisavad olub? Bəlkə təhsil almayıb- heç molla məktəbinə də getməyib, bu, mümkündür. Ancaq savadlı, geniş dünyagörüşlü, hətta tarixin, zəmanəsinin ictimai-siyasi proseslərdən baş çıxaran, sabaha açıq gözlə baxa bilən nadir istedadlı şəxsiyyət olması şübhəsizdir. İsmixan dahi ustadından fərqli olaraq peşəkar təhsil almışdı, Azərbaycan  Dövlət Pedaqoji İnstitutunu bitirmişdi, təbiidir ki, orta məktəbdə də, institutda da ona sadəcə bilik vermişdilər, istedad, poetik düşüncə verməmişdilər ( çünki verə bilməzdilər)  və məncə, onun zərif misralarının aldığı təhsillə əlaqəsi yoxdur, əgər varsa da -  çox cüzidir. Ancaq İsmixan “Litinstitutu” bitirənlərdən fərqli olaraq başqa bir böyük ədəbiyyat institutunda dərs almışdı, bu - Ələsgər məktəbiydi, Ələsgər dərsiydi. Dədə Ələsgərin, Aşıq Qurbaninin Aşıq Alının, başqa söz ustadlarının şeirlərini peşəkar ədəbiyyat nəzəriyyəçisi kimi təhlil edər, bu əvəzsiz söz xəzinəsi işığında və ruhunda gözəl misralar  yardırdı.

Sonralar yolum tez-tez düşürdü Göyçəyə və demək olar, hər dəfə ora gedəndə Aşığın qəbrini ziyarət edərdim. Aşığın anadan olmasının 150 illiyi münasibətilə Qərbi Azərbaycanda bir çox tədbirlər keçirilmişdi, qəbrinin üstü götürülmüş, mərmərdən baş daşı və sinə daşı qoyulmuşdu. İsmixan deyirdi ki, Aşıq özü vəsiyyət edib- qəbrinin üstü götürülməsin: “Qəbrimin üstünü götürməyin, ot bassın , çığır düşsün, yola dönsün, insanlar sinəm üstündən keçsin...”

İsmixanla İrəvanda keçirilən yubiley zirvə tədbirlərini də xatırladıq. Tədbir hazırlanan vaxt mən Moskvada idim, İrəvana qayıdan günün sabahısı Aşığın yubileyiydi. Və eşidəndə ki, yubiley Filarmoniyanın kiçik zalında keçiriləcək- heyrətimi gizlədə bilmədim və mədəniyyət nazirinə telefon açdım. Nazir təəccüblənirdi ki, Aşığın bu qədər pərəstişkarı ola bilər? (Ya da özünü o yerə qoyurdu.) Əlbəttə, üzə vurmasa da, xoşuna gəlmirdi ki, teatr direktoru paytaxta səfərindən qayıdandan sonra dərhal qəbula gəlib, nazirə orada gördüyü işlər barədə məlumat verməkdənsə, Aşıq Ələsgərin yubileyinin harada keçirilməsi ilə maraqlanır və bu haqda danışır. Amma daha gec idi, nazir deyirdi ki, dəvətnamələr paylanıb, Mərkəzi Komitəyə məlumat verilib, bir sözlə, iş elə qurulmuşdu - necə deyərlər, qatar artıq yola düşmüşdü... Ertəsi günü Filarmoniyanın kiçik zalının önü böyük, lakin səssiz mitinq meydanını xatırladırdı: bura toplaşanların ancaq onda biri zala sığırdı. Mədəniyyət naziri isə “xəcalətdən” özü gələ bilməmişdi, müavinini göndərmişdi. Və ertəsi günü iş təzəcə başlayanda mənə telefon açdı: “Sən düz deyirmişsən. Mən... belə bilmirdim” - dedi. Aşığın Ağkilsədə açıq havada keçirilən yubileyində isə minlərlə insan iştirak edirdi. Ermənilərin soydaşlarımıza qarşı apardıqları ayrı-seçkilik, deportasiya və mənəvi soyqırımı siyasəti İsmixanı çox düşündürür və incidirdi. Bir dəfə Aşığın qəbri üstündə: - “Bizi burada saxlayan Aşığın qəbridir, yoxsa doğma Vətəni tərk eləmək məcburiyyətində qalacaqdıq”, - dedi, - “bizi burada saxlayan bax, bu qəbirdir”, - təkrar elədi və gözlərindən yaş axdı. İsmixan da, hələ o vaxtlar Göyçədə yaşayıb-yaradan Alqayıt da, Cəlaloğluda Tahir Talıblı da və bir çox başqaları Qərbi Azərbaycanda soydaşlarımızın mənəvi terrorla üzləşdiyini, irticalara qarşı müqavimətini və mübarizəsini əks etdirən şeirlər yazırdılar, belə şeirlər gizlicə yayılırdı... Çox şeirlər imzasız yayılardı. Göyçə sahillərində (güman edilirdi ki, Ardanış kəndində) sovet rejiminə və erməni millətçiliyinə qarşı satirik şeirlər yazan “Fontomas” ləqəbli şair vardı, şeirləri yayılırdı, ciblərdə gəzirdi, “KQB” də onu araşdırıb üzə çıxara bilmirdi. Axıracan - 1988-ci iləcən dözdü İsmixan, qaçqın düşəndə də nə Bakıya gəlmək istədi, nə Gəncəyə, Sumqayıta... torpağı, abı-havası bir az Göyçəyə oxşayan Daşkəsən rayonunun Bayan kəndinə üz tutdu, pənah gətirdi, İsmixan Didərgin ləqəbiylə şeirlər yazdı, yazdı... lakin ürəyi dözmədi belə məşəqqətə, Bayanda dəfn olundu və Bayanın qibləsi sən demə, Göyçəyə tərəf imiş...

Paylaş:
Baxılıb: 485 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31