Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Din / Məktəblərdə din tədris olunmalıdır?

Məktəblərdə din tədris olunmalıdır?

08.07.2022 [10:16]

Nizami Cəfərov: Orta məktəblərdə din yox, dinşünaslıq tədris olunmalıdır

Yeganə BAYRAMOVA

Müxtəlif zamanlarda orta məktəblərimizdə dini fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb. Dinin məktəblərdə tədrisi məsələsi cəmiyyətdə ikili yanaşma yaradır. Orta məktəblərdə böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür. Həmçinin neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar verilir. Buna baxmayaraq, dini biliklərin geniş tədris olunmasını əsas gətirərək bu tendensiyanın genişlənməsini tələb edənlər var...

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Statistik rəqəmlərə əsasən, Azərbaycan əhalisinin 93.4 faizi müsəlman, 3.1 faizi xristian, 3 faizi hər hansı bir dinə bağlı deyildir. Yerdə qalan 0,5 faizə isə digər dinin mənsubları aiddir. Azərbaycan Respublikasının ərazisində dövlət tərəfindən rəsmi qeydiyyatdan keçmiş 500-dən çox dini icma fəaliyyət göstərir.

Azərbaycanda dini tolerantlıq

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən,  Azərbaycanda hər kəsin öz dininə etiqad etmək hüququ var. Bununla belə dövlətimiz din sahəsinə qayğı və dəstək göstərir. Ölkəmizdə hər bir vətəndaşın vicdan azadlığı və dini ayinləri sərbəst yerinə yetirməsi Konstitusiyada müəyyən edilib. Ali qanunda göstərir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur. Azərbaycan müxtəlif din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Beynəlxalq qurumlar tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir. Hər dinin nümayəndəsinin öz yeri, öz ibadət tərzi var. Tolerantlıq bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzidir. Bu da bizim fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır.

Beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri də ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcudluğu, müxtəlif dinlərin dözümlülük şəraitində sərbəst fəaliyyət göstərməsidir. Prezident İlham Əliyev də dini, milli tolerantlığı ən böyük sərvətimiz olaraq dəyərləndirir. Ölkəmizin mövcud mənzərəsi onu göstərir ki, Azərbaycanda bütün azadlıqlarla yanaşı, dini azadlıqlar da təmin edilib. Eyni zamanda, din xadimlərinin, eləcə də dinə bağlı insanların Azərbaycanda gündəlik fəaliyyəti üçün ölkədə hər cür şərait və sərbəstlik yaradılıb. Bu fonda belə bir mühüm faktı qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə mindən çox məscid, on bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir.

Xatırladaq ki, ötən ay Azərbaycan Respublikası Milli Məclisi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Azərbaycanda dini təhsil - mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilmişdi. Konfrans zamanı çıxış edən deputatlar, adıçəkilən qurum rəsmiləri ölkəmizdə dini təhsilin mövcud durumu, yerinə yetirilməsi vacib olan məqamlara diqqət çəkərək, dini təhsilin əhəmiyyətini vurğulayıb, cəmiyyətin dini baxımdan maarifləndirilməsi, din təhsilinin metodologiyası baxımından onun tədrisinin həyata keçirilməsi və din təhsilinin məzmun baxımından hansı mövzuları əhatə etməsi barədə təqdimatla ətraflı çıxış ediblər.

Çoxları düşünür ki, dünyada sadəcə İslam dini var

Əməkdar elm xadimi, professor, millət vəkili Nizami Cəfərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, məktəblərdə dini dərslər tədris olunacağı təqdirdə sırf İslam dini deyil, digər dinlər barədə də məlumatlar verilməlidir. Professor vurğulayıb ki, sovet dövründə uşaqlara dini dərslərin tədrisi barədə söhbət gedə bilməzdi: “Təbii ki, dövlətimiz dini böyük bir mədəniyyət və mənəviyyat kimi qiymətləndirir. Reallıq budur ki, ölkə başçısı səviyyəsində məscidlərimiz təmir olunur, eyni zamanda, kilsələr və sinoqoqlar bərpa edilir və yeniləri tikilir. Bu baxımdan, ölkəmizdəki bütün insanların vicdan azadlığı təmin olunur. Lakin Azərbaycanda din dövlətdən ayrıdır. Sovet dövründə də din dövlətdən ayrı hesab olunurdu, eyni zamanda, dinə qarşı mübarizə aparılırdı. İndiki dövrdə isə dinə qarşı mübarizə aparılmır, sadəcə olaraq təmiz, dəqiq, tarixi məzmunu olan, kitablarda nə yazılıbsa ondan ibarət dini məlumatlar verilir, müxtəlif təriqətlərin təqdim etdiyi din formaları yox. Təbii ki, orta məktəblərimizdə klassik dinin öyrədilməsi mümkün ola bilər. Amma orta məktəblərdə din yox, dinşünaslıq dərsi keçirilməlidir. Bu, ayrıca bir fənn kimi yox, müxtəlif fənlərin içərisində tədris edilməlidir. İndi məktəblərimizdə “Həyat bilgisi” dərsliyində din ibtidai formada tədris olunur. Amma ədəbiyyat dərsləri dinsiz mümkün deyil, çünki klasssik ədəbiyyatımız müxtəlif dinlərdən- zərdüştlükdən başlanır, həmçinin iuadizmin, yəhudiliyin, xristianlığın materiallarından istifadə olunur. Yəni ki, ədəbiyyatımıza Məryəm obrazını gətirməzdən öncə uşaqların mütləq İncildən, xristianlıqdan, eləcə də başqa dinlərdən məlumatları olmalıdır”.

N.Cəfərov qeyd edib ki, uşaqlar dinşünaslığı, yəni ayrı-ayrı dinləri bilsələr, onların düşüncəsində xurafat kimi xoşgəlməz anlayışlar olmaz: “Çox insana elə gəlir ki, dünyada sadəcə bir din var, o da İslam dinidir. İslam dininin aurasına düşürlər və çıxa bilmirlər. Bu da insanlarda dini təəssübkeşlik yaradır və ömrünün sonuna qədər başqa dinlərlə mübarizə aparıb öz dininin dəyərlərini müdafiə etməyə çalışırlar, ancaq bilmirlər ki, bütün dinlərin mənşəyi eynidir, bir-biri ilə bağlıdır. Hər bir din mifologiyadan, insanların real gerçəklikləri anlamaq ehtirasından bəhs edir. Bu mənada bütün dinlərin mənşəyi, üslubu, ideya məzmunu və funksiyası eynidir. Bütün bunlar da sadə dildə orta məktəblərdəki bəzi dərsliklərdə izah olunmalıdır. Düşünürəm ki, mütəxəssislərlə məsləhətləşib dinşünaslıq adlı bir dərs tətbiq etmək olar. Lakin söhbət ondan getmir ki, din təbliğ olunsun. Ümumiyyətlə, din elə bir anlayışdır ki, istər-istəməz insanların ruhuna, dünyagörüşünə, həyat tərzinə daxil olur. Çünki hər bir mühit dini təqdim edir. Düşünürəm ki, məktəblərdə ayrıca olaraq dinşünaslıq keçirilsə yaxşıdır. Uşaqlar dinin nə mənada mənəviyyatımız, mədəniyyətimiz, gələcəyimiz, əxlaqımız, tariximiz və hüququmuz olduğunu dərk etməlidirlər.

Bir zamanlar - 17-18-ci əsrlərə qədər belə bir fikir var idi ki, əxlaq yalnız dinə məxsusdur. Yəni sən dindar deyilsənsə, sənin əxlaq normaların zəngin deyil, guya əxlaq normalarını din müəyyənləşdirir. Lakin bu məsələ yeni dövrdə Avropada geniş müzakirə edildi və görkəmli filosoflar sübut etdilər ki, əxlaqın dinə aidiyyəti yoxdur, əxlaq insanın təbiətindədir. Dinlə bağlı çoxlu sayda fundamental məsələlər var. Həmin fundamental məsələlər uşaqlara ya ayrıca fənn kimi, ya da bəzi dərsliklərin içində öyrədilməlidir”.

Zərərli dini ideologiyanın daşıyıcısı dərs keçə bilməz!

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, orta məktəblərdə şagirdlərə din haqqında biliklərin verilməsinə ehtiyac var. Deputatın sözlərinə görə, bu, bizə gənclərimizi gələcəkdə zərərli dini təsirlərdən qorumağa imkan yaradacaq: “Yəni gənclər dinin tarixi, zərərli dini təsirlər və təriqətlər haqqında məlumat əldə edəcəklər. Bu gün orta məktəblərdə “Həyat bilgisi” fənnində bəzi məlumatlar verilir, lakin bu, yetərli deyil. Hesab edirəm ki, ciddi proqramlar işlənməli, dərslik hazırlanmalı, eyni zamanda, müəllim kontingenti olmalıdır. Ancaq zərərli dini ideologiyanın daşıyıcısı bu fəndən dərs keçə bilməz. Fikrimcə, orta məktəblərdə mərhələli şəkildə gənclərimizə dini biliklərin verilməsi prosesinə başlaya bilərik. Məsələyə çox həssas və diqqətlə yanaşmaq lazımdır. Dini biliklər verərkən şagirdlərin və gənclərin zərərli təbliğata məruz qalmasına şərait yaratmamalıyıq”.

Dinin tədrisi təhsilin dünyəviliyinə zidd deyil

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin qənaətincə, orta və ali məktəblərdə dinin tədrisi müsbət addımdır. Din vasitəsilə manipulyasiyalar edildiyi, dindən siyasi məqsədlər üçün istifadə olunduğu bir dövrdə din haqqında gənclərdə ümumi təsəvvürün formalaşması zəruridir: “Bəziləri əsas gətirir ki, Azərbaycanda təhsil dünyəvidir və dinin tədrisi təhsilin dünyəvi xarakterinə ziddir. Hesab edirəm ki, bu, təhsilin dünyəviliyi ilə hər hansı ziddiyyət təşkil eləmir. Söhbət dinlər haqqında minimum məlumat verilməsindən gedir”.

İlahiyyatçının sözlərinə görə, bir sıra ölkələrdə bu praktika tətbiq edilir, Azərbaycanda da ənənəvi dinlər haqqında bilgilər verilməlidir: “Təbii ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alıb, islam dini haqda geniş məlumat verilməli, ümumilikdə bütün dinlər barədə biliklər olmalıdır. Radikallığın qaynağının göstərilməsi indiki dövrdə xüsusilə zəruridir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə görə, bəzən Azərbaycanı dini azadlığın pozulduğu ölkələrlə eyni sırada göstərməyə cəhd edirlər. O, bildirib ki, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: “Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilat kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər”.

S.Heydərov qeyd edib ki, dini mövqedən yönələn təhdidləri nəzərə alsaq, belə hallar bir an belə Azərbaycana qarşı səngimir: “Reallıq odur ki, Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun da heç bir xoş nəticəsi olmayacaq. Əksinə, bununla onlar öz işlərinə kölgə salırlar”.

Paylaş:
Baxılıb: 188 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31