Gürcüstanda Şərq-Qərb savaşı
12.10.2024 [08:40]
Cari ilin əvvəlində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ikinci cəhddə növbəti dəfə Gürcüstan parlamentinin gündəliyinə çıxarıldıqdan və bir neçə ay ərzində aparılan gərgin müzakirələr nəticəsində qəbul olunduqdan sonra artıq bəlli idi ki, qarşıdan gələn payız və qış ölkədə hərarətli keçəcək. Söhbət oktyabrın 26-na təyin olunan parlament seçkiləri ilə bağlı Gürcüstanda siyasi atmosferin hədsiz dərəcədə gərginləşməsindən, iqtidar-müxalifət qarşıdurmasının pik həddə çatmasından, cəmiyyətdə və hakimiyyətdə parçalanma meyllərinin güclənməsindən gedir. Əlbəttə, seçkiöncəsi mərhələdə hakim komanda ilə müxalifətdə dayanan partiyalar arasında rəqabətin güclənməsini gözlənilən təbii siyasi proses kimi dəyərləndirmək olardı - iqtidar öz mövqeyini qorumağa çalışır, müxalif qüvvələr isə hakimiyyətə gəlməyə can atırlar. Bu, siyasətin hamı tərəfindən qəbul olunan əlifbasıdır. Ancaq seçkiöncəsi mərhələdə Gücüstanda vəziyyətin gərginləşməsinin pərdəarxası məqamları da çoxdur.
Respondentlər nə deyirlər?
Ölkədə seçkiöncəsi aparılan rəy sorğularına əsasən, hakim komanda ictimai rəydə daha çox üstünlüyə malikdir. Bu günlərdə ictimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası önə çıxıb: Respondentlərin 59,5 faizi oktyabrın 26-na təyin olunmuş parlament seçkisində bu parti?aya səs verəcəyini bəyan edib.Vurğulayaq ki, “Gürcü Arzusu” seçki marafonuna “Xalqın Gücü” Partiyası ilə birlikdə qatılıb.
Üç müxalifət partiyasını birləşdirən “Birlik - Milli Hərəkat” koalisiyası 13,6 faiz səslə göstərilir. Bu koalisiyada əsas qurum sabiq prezident Mixail Saakaşviliyə bağlı “Vahid Milli Hərəkat” Partiyasıdır. “Yeniliklər” koalisiyasına respondentlərin 10,3 faizi dəstək ifadə edib. Bu koalisiyaya “Vahid Milli Hərəkat” Partiyasının sabiq üzvlərinin yaratdığı üç müxalif partiya daxildir. Qalan seçki iştirakçılarının heç birinin 5 faizlik baryeri aşmadığı bildirilir.
Parlament seçkisinə 19 partiya qatılıb.150 yerlik parlament proporsional üsulla (partiya siyahıları üzrə) seçilir. Qanunverici orqana düşmək üçün etibarlı səslərin azı 5 faizini toplamaq tələb olunur. Hökuməti qanunverici orqanda azı 76 mandata malik partiya formalaşdırır. 2012, 2016 və 2020-ci illərin parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası qalib gələrək hökumət qurub.
Gürcüstanda açılan iki cəbhə
Məsələ burasındadır ki, ölkədə siyasi atmosferi bu qədər gərginləşdirən amillərin heç də sırf ölkənin öz daxilində formalaşdığı fikrini ifadə etmək mümkün deyil. İndiki mərhələdə xarici təsirlər ölkədə, necə deyərlər, katalizator rolu oynayır, cəmiyyətin və hakimiyyətin qollarının sosial-siyasi sifarişləri daha çox dərəcədə bu təsirlərdən qaynaqlanır. O qənaət hasil olur ki, yanan odun üstünə kənardan yağ tökülür və proseslərin də sonu görünmür.
Bu gün Gürcüstan hakimiyyəti milli maraqların qorunması xəttini israrla bəyan etsə də, müxalifət demokratiya, insan haqları, ifadə azadlığı kimi tezisləri əldə bayraq tutsa da, əslində ölkədə iki cəbhə açıldığının, Şərq-Qərb savaşı getdiyinin konturları açıq-aydın müşahidə edilməkdədir. İqtidarla müzalifət arasında fikir ayrılığının getdikcə dərinləşməsi də məhz bu amildən qaynaqlanır. Şərq dedikdə qonşu Rusiya, Qərb dedikdə isə Avropa İttifaqı və ABŞ nəzərdə tutulur.
Sabiq prezident M.Saakaşvili məhz Qərbdən güclü dəstək alan siyasi fiqur kimi Gürcüstan hakimiyyətinə gəlməyə müvəffəq oldu və o, ölkəsinin inteqrasiya siyasətini Aİ-yə yönəltdi. O dövrdə münasibətlərin gərginləşməsi hətta Gürcüstanın Rusiya ilə qısamüddətli müharibəyə qoşulmasına və ərazilərinin bir hissəsini itirməsinədək uzandı.
Sonrakı mərhələdə M.Saakaşvili hakimiyyətinin ömrünü uzatmağa müvəffəq olmadı. Bununla belə, Qərb bloku hakimiyyət dəyişikliyi baş verən Gürcüstanı yenə də öz orbitində saxlamaq cəhdlərindən vaz keçməyib. Müxtəlif şirnikləndirici vədlərlə ölkənin Qərbə inteqrasiyasına cəhdlər göstərilir. Buna ən son və ən “sanballı” nümunə kimi, Aİ məkanına vizasz keçid rejiminin Gürcüstan vətəndaşlarına da şamil edilməsini, keçən ilin dekabrında isə ölkənin Avropa İttifaqına namizəd statusunun təsdiqlənməsini göstərmək mümkündür. Bütün bunlarla, həmçinin Gürcüstana maliyyə və texniki dəstək göstərməklə kollektiv Qərb hakimiyyəti özündən asılı vəziyyətə gətirmək istəyirdi.
Aİ Gürcüstanı özünə çəkmək siyasətində digər coğrafiyalarda həyata keçirdiyi cəmiyyəti ələ almaq metodunu da işə salıb. Belə ki, ayrılan böyük həcmlərdə maliyyə vəsaitinin nəticəsi olaraq Gürcüstanda Qərbə bağlı qeyri-hökumət təsisatlarının sayı yağışdan sonra göbələk kimi artıb. Bu gün kiçik Gürcüstanda 10 minədək QHT fəaliyyət göstərir ki, onların da əksər hissəsi məhz Avropa və ABŞ təsisatlarından gələn vəsaitlərlə maliyyələşir. Beləliklə, tam qətiyyətlə o fikri ifadə etmək mümkündür ki, hakimiyyətə müxalif mövqe sərgiləyən qüvvələr böyük dərəcədə Qərbdən maliyyə asılılığına malikdirlər ki, yaşanan gərginliklərin kökündə də məhz bu amil dayanır.
Kollektiv Qərbin gerçək simasını üzə çıxaran iki qanun
Cari ildə Gürcüstan parlamentində hakim partiyanın təşəbbüsləri əsasında iki mühüm qanun qəbul olunub. Onlardan biri yuxarıda bəhs etdiyimiz “Xarici təsirin şəffaflığı haqqında” qanundur. Gürcüstan hakimiyyəti bu qanunun qəbul olunmasını ölkənin milli maraqlarının qorunması zərurəti ilə əlaqələndirir. Qanunda xaricdən maliyyələşən müvafiq təsisatlara nəzarət mexanizmi nəzərdə tutulur. Bu nəzarət mexanizmi isə ilk növbədə şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədi daşıyır. Fəaliyyətlərini qanunla müəyyənləşdirilən prosedurlara uyğun qurmayan təsisatları ciddi cərimələr gözləyir. Eyni zamanda, Gürcüstan hakimiyyəti gələcəkdə vətəndaş cəmiyyəti təsisatlarının hökumətdən maliyyə alacaqlarının anonsunu edib və bu istiqamətdə müzakirələrə başlanıb. Aydın şəkildə görünür ki, bütün bunlar Gürcüstan cəmiyyətinin Qərbdən asılılığının azaldılmasına hesablanan addımlardır.
Qərb isə bunu istəmir və bəhs olunan qanunu başqa izahlar altında təqdim edir. Qərb o qənaətdən çıxış edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar, həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.
Beləliklə, Qərb dairələri bəhs olunan qanunun qüvvəyə minməsini əngəlləməyə çalışır. Gürcüstan hakimiyyəti isə qanunun işləməsində israrlıdır. Son olaraq bu günlərdə Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun fəaliyyətinin dayandırılması ilə bağlı ölkə prezidentinin və müxalifətin vəsatətini təmin etməyib. Bununla bağlı Konstitusiya Məhkəməsi məlumat yayıb.
Bundan başqa, məhkəmə təqdim olunmuş iddiaları məqbul sayıb və həmin iddiaların mahiyyəti üzrə müzakirələr aparılacaq. Qeyd olunub ki, açıqlanan qərar bir neçə hakimin fərqli fikirləri ilə müşayiət olunub. Qeyd edək ki, Qərbə açıq simpatiyasını gizlətməyən prezident Salome Zurabişvili həmin qanunu təsdiq etməmişdi. Bundan sonra parlamentin sədri qanuna müvafiq olaraq həmin qanunu təsdiqləmişdi. Ölkə prezidenti, müxalif siyasi partiyalar və qeyri-hökumət təşkilatları “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi və ya fəaliyyətinin dayandırılması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlamışdı.
Qərb dairələri, həmçinin Gürcüstan parlamentinin sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstan öz ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atırsa, Avropa nə üçün bu qədər narahat qalır?
Gürcüstan Avropa strukturlarına, o cümlədən Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud, “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. Bu gün ərazisi param-parça olmuş Gürcüstanın suverenliyinin təmin edilməsi üçün ATƏT və AŞ hansı real addımları atıblar? Avropa instituları “LGBT+” icmasının hüquqlarını qorumaq üçün göstərdikləri entuziazmı, qətiyyəti Gürcüstanın ərazi bütövlüyünün, suverenliyinin bərpası məsələsində nə üçün sərgiləmirlər?
Ərazi bütövlüyü, suverenliyi pozularkən ATƏT-dən, Avropa Şurasından real əməli dəstək görməyən Gürcüstanın indi də daxili sabitliyi pozulursa, cəmiyyətin dayağı olan ailə institutu yad təmayüllü cərəyanlar vasitəsilə çökdürülürsə, dövlət bu təhlükənin qarşısını almaq üçün addım atmalı deyilmi? Cəmiyyətin sabitliyini, sağlamlığını qorumaq yönündə addımlar atdığı üçün Gürcüstan ittihamlara və sanksiyalara məruz qalmalıdırmı?
Qərbdən Gürcüstana total hücum
Qeyd olunan iki qanuna görə Gürcüstana ABŞ-dən və Aİ-dən total hücum kampaniyası aparıldığını müşahidə edirik. Kollektiv Qərbdən ölkənin siyasi hakimiyyətini, necə deyərlər, “ağ yuyub, qara sərən” bəyanatlar eşidilir. Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski gürcü mediasına müsahibəsində deyib ki, “Gürcü Arzusu”nun hakimiyyəti dövründə Gürcüstan heç vaxt Aİ-yə üzv ola bilməz. Diplomatın sözlərinə görə, Gürcüstan rəhbərliyi istəklərinə baxmayaraq, ölkə əhalisini Aİ-yə üzvlükdən uzaqlaşdırır. Qerçinski Gürcüstana Aİ-yə namizəd statusu verməsini diplomatik karyerasında ən böyük uğuru hesab edir.
“Bəs Gürcüstan namizəd statusunu aldıqdan sonra nə baş verdi? Əhalinin əksəriyyəti və müxalifət partiyaları Aİ-yə üzv olmaq istəyir, lakin hakimiyyət insanları bu ittifaqa üzvlükdən uzaqlaşdırır. Gürcüstan hökumətinin üzvləri Aİ dəyərlərindən uzaqdırlar”, - deyə diplomat qeyd edib.
“Keçən ilin dekabrında Gürcüstan Aİ-yə namizəd statusunu alanda biz ümid edirdik ki, bu, hökumətin Aİ-yə üzvlük danışıqlarına başlamaq üçün mühüm islahatlar həyata keçirməsi üçün güclü stimul verəcək. Əvəzində son aylarda hakim partiyanın rəsmiləri ölkəni bu məqsəddən uzaqlaşdıran qanunlar təklif ediblər. Geniş etirazlara baxmayaraq, vətəndaş cəmiyyəti və media qurumlarının fəaliyyətinə əngəl törədən “Şəffaflıq haqqında” qanun yenidən gündəmə gətirilib və qəbul edilib. LGBT icmasını ləkələyən və dövlət qurumlarının müstəqilliyini zəiflədən başqa təkliflər də irəli sürülüb. Eyni zamanda, Aİ-yə qarşı ritorika daha da güclənib”. Bu fikirləri isə Avropa Komissiyasının vitse-prezidenti Vera Jurova Avropa Parlamentində Gürcüstan üzrə plenar iclasda ifadə edib.
Beynəlxalq statuslu hüquqmüdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları da intensivləşib. Təkcə jurnalist təşkilatları son bir ay ərzində 6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlama yayıblar. Digər təyinatlı təşkilatlar, o cümlədən “Amnesty İnternational”, “Freedon House”, “Human Rights Watch” da sinxron davranaraq, son bir ildə Gürcüstanı hədəf ölkə seçiblər.
Gürcüstan Qərbdən gələn siyasi bəyanatlarla yanaşı, həm də praktiki müstəvidə atılan sərt addımlarla, ayrı-ayrı təsisatlarda qəbul olunan qərəzli qətnamələrlə üzləşir. Bu günlərdə Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dəstəkləyib. Avropa Parlamentinin 495 üzvü qətnamənin lehinə, 73-ü əleyhinə səs verib, 86-sı bitərəf qalıb. Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.
Qətnamənin mətnində Gürcüstanın keçmiş Prezidenti M. Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.
“Gürcüstan hökuməti Avropa İttifaqının 121 milyon avro məbləğində maliyyə yardımından məhrum olacaq. Buna Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması səbəb olub”. Bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı 2022, 2023 və 2024-cü illərdə Gürcüstan hökuməti üçün 121,3 milyon avro məbləğində illik vəsait ayırıb. Lakin bu vəsait 2024-cü ildə dayandırılacaq. Buna səbəb Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması, xüsusən də vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu olub.
“Gürcüstan təkcə bu yardımdan deyil, digər yardımlardan da məhrum edilə bilər”, - deyə məlumatda bildirilir.
Oxşar cəza mexanizmlərini, həmçinin ABŞ işə salıb. Artıq bu ölkə də Gürcüstana dəstəyini dayandırdığnı bəyan edib. ABŞ dövlət katibi Antoni Blinkenin verdiyi məlumata görə söhbət Gürcüstan hökumətinə dəstək üçün nəzərdə tutulan 95 milyon dollardan artıq yardım paketinin dayandırılmasından gedir. ABŞ rəsmisi də Gürcüstanda qəbul olunan qanunun Qərb dəyərlərinə zidd olduğunu, ölkənin Aİ və NATO-ya üzvlük standartları ilə bir araya sığmadığını söyləyib. “Gürcüstan hökumətinin hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bu araşdırma nəticəsində ABŞ Gürcüstan hökumətini dəstəkləmək üçün 95 milyon dollardan çox yardımı dayandırır”, - deyə A.Blinken vurğulayıb.
Rusiya revanş götürür
Qərbin davranışları fonunda Rusiyanın Gürcüstana münasibətdə revanş cəhdləri diqqətdən yayınmır. Rəsmi Moskva Gürcüstan vətəndaşları üçün vizasız rejimin müddətini artırıb. Bununla bağlı Prezident Vladimir Putin Fərman imzalayıb. Fərmana əsasən, Gürcüstan vətəndaşları vizasız Rusiyada 90 gündən artıq müddətdə qala və işləyə biləcəklər.
Qeyd edək ki, Vladimir Putinin Fərmanı ilə 2023-cü il mayın 10-dan Gürcüstan vətəndaşları üçün tətbiq olunan viza rejimi ləğv olunmuşdu. Fərmana əsasən, həmin il mayın 15-dən Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənədlə, vizasız Rusiya ərazisinə daxil olmaq və 90 günə qədər bu ölkədə qalmaq hüququ verilirdi. Yeni fərmanla isə 90 günlük məhdudiyyət limiti aradan qaldırılır.
Eyni zamanda, Moskva ilə Tbilisi arasında siyasi dialoqun intensivləşdiyi də müşahidə edilir. Gürcüstan mətbuatının yazdığına görə, rəsmi Tbilisi Gürcüstan ilə Rusiya arasındakı Cenevrə beynəlxalq danışıqlarının 62-ci raunduna ciddi hazırlaşır. Bu günlərdə Gürcüstan Xarici İşlər Nazirliyində Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrlərin iştirakı ilə toplantı keçirilib.
Gürcüstan xarici işlər nazirinin birinci müavini və Cenevrədəki beynəlxalq danışıqlarda Gürcüstan nümayəndə heyətinin rəhbəri Laşa Darsaliya danışıqların mövzusu barədə məlumat verib. Görüşdə Cenevrə beynəlxalq danışıqlarının səmərəli fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Bundan əlavə, Hadisələrin Qarşısının Alınması və Müdaxilə Mexanizminin (IPRM) heç bir ilkin şərt qoyulmadan bərpa edilməsinin və əsas prinsiplərə uyğun olaraq bu mexanizmin Qali və Erqnetidə mütəmadi iclaslarının keçirilməsinin vacibliyi qeyd edilib.
Cenevrə beynəlxalq danışıqlarının 62-ci raundu noyabrın 5-6-na planlaşdırılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

