Avropa qapılarını “bağlayır”
01.11.2024 [10:33]
Son vaxtlarda ölkələr arasında sərhədlərdə keçidin məhdudlaşdırılması praktikasına tez-tez müraciət olunur. Dövlətlərin belə bir zəruri tədbirə əl atmaları isə müxtəlif amillərlə şərtlənir. Məsələn, yeni növ koronavirus pandemiyası dönəmində dünya məhz epidemiyanın yayılma arealını və sürətini məhdudlaşdırmaqdan ötrü sərt qapanmalara getmək məcburiyyətində qaldı. Hazırda isə bəzi ölkələr terror təhlükəsindən sığortalanmaq, artan miqrant axınının qarşısını almaqdan ötrü “sərhəd diplomatiyası”na üz tuturlar. Bu proses xüsusilə də Avropa İttifaqı (Aİ) məkanında geniş vüsət alıb. Belə ki, Aİ ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndiririb.
Şengen zonasında daxili keçidin məhdudlaşdırılması
Avropa İttifaqı məkanında ölkələr arasında sərbəst gediş-gəliş mövcuddur ki, bu da Şengen müqaviləsi ilə tənzimlənir. Sözügedən müqavilə 1985-ci ildə beş ölkə tərəfindən imzalanıb və o vaxtdan indiki 27 ölkəyədək genişlənib. Ən yeni Şengen ölkəsi Xorvatiyadır. Bu ölkə Şengen zonasına 2023-cü ilin yanvarında qoşulub. Şengen zonasındakı ölkələr öz suverenliklərini qoruyub saxlasalar da, müəyyən təhlükəsizlik və immiqrasiya məsuliyyətlərini bölüşürlər. Ötən il Avropa İttifaqı Şengen vizasına müraciətlərin onlayn şəkildə həyata keçirilməsini nəzərdə tutan qaydaları təsdiqləyib. Yeni qaydalar müvafiq zona daxilində ölkələr arasında keçidi daha da asanlaşdırmağı hədəfləyir.
Bununla belə, hətta Aİ məkanının özündə də - Şengen zonasında da ölkələr arasında keçidə məhdudiyyətlər tətbiqi halları getdikcə artır. Belə ki, Şengen zonasındakı bəzi ölkələr 2023-cü ildən etibarən blok daxilində insanların sərbəst hərəkətinə məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Cari ildə Almaniya və Fransanın ardından Niderlandda da Avropa İttifaqının daxili sərhədlərində sərhəd nəzarətinin tətbiqi planlaşdırılır.
Aİ ölkələri arasında ilk dəfə Almaniya öz sərhədlərində gücləndirilmiş təhlükəsizlik yoxlamaları tətbiq edib və bu tədbirlər sərhəd-keçid məntəqələrində tıxaclara və növbələrə səbəb olub. Bənzər tədbirlər daha sonra Fransada tətbiq edilib. Fransanın hazırkı sərhəd nəzarəti oktyabrın 31-də başa çatıb, lakin yeni yoxlamalarla bağlı qanun aktı noyabrın 1-dən qüvvəyə minəcək. Rəsmi Paris daxili sərhəd nəzarətini gələn ilin aprel ayına qədər uzadacağını açıqlayıb. Belə ki, Şengen sazişi çərçivəsində Fransanın Belçika, İspaniya, Lüksemburq, İsveçrə, Almaniya və İtaliya ilə sərhədlərində nəzarət tətbiq ediləcək.
İndi Fransaya və ya Almaniyaya avtomobillə gedənlər bilməlidirlər ki, hər iki sərhəddə yoxlamalarla üzləşə bilərlər. Avstriya da noyabrın 11-dək Sloveniya və Macarıstanla sərhəd nəzarətini gücləndirib. Bundan başqa, Danimarka, Norveç və İsveç noyabrın 11-dək bütün daxili sərhədlərdə yoxlamalar tətbiq edib. Sloveniyanın Xorvatiya və Macarıstanla sərhədində isə nəzarət tədbirləri bu il dekabrın 21-dək aparılacaq.
Almaniyanın daxili işlər naziri Nansi Fezerin qərarı ilə sentyabrın 16-dan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderlandla sərhədlərdə də yoxlamaların aparılmasına başlanılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhədlərdəki yoxlamaların ümumi nəticələri ilə bağlı hesabatın noyabrın 1-də açıqlanması gözlənilir.
Miqrantlar geri qaytarılır
Avropa ölkələri Şengen zonasından kənar sərhədlərinə isə nəzarəti, necə deyərlər, ikiqat gücləndiriblər. Xüsusilə də qapılar terror bəhanəsi ilə miqrantların üzünə daha sərt bağlanır. Bu məqsədlə Avropa İttifaqı yeni ortaq miqrasiya sistemini həyata keçirmək yolunda addımlar atmağa başlayıb. Ayrı-ayrı ölkələrin rəsmiləri faktiki olaraq Avropa dövlətlərinin qapılarını miqrantların üzünə bağlamağı hədəfləyən yeni qanunun qısa müddətdə və geniş miqyasda tətbiq etməsinin zəruriliyini vurğulayırlar. Qanun layihəsinə əsasən, təhlükəsizlik məsələləri və ictimai asayiş üçün risk yarandığı hallarda miqrantların könüllü qayıdışı üçün hər hansı müddət müəyyən olunmamalıdır. Bu qəbildən olan şəxslər dərhal deportasiya edilməlidir.
Qeyd edək ki, Avropada miqrasiya sahəsində islahatlarla bağlı qanun uzun müzakirələrdən sonra may ayında qəbul olunub və onun həyata keçirilməsinə başlanılıb. Həmin islahatlara əsasən, nisbi sabitliyin hökm sürdüyü ölkələrdən gələn miqrantlara qarşı daha sərt tədbirlər görüləcək. Həmin şəxslərin Avropa İttifaqının üzvü olmayan üçüncü ölkələrə də göndərilməsi nəzərdə tutulur. Qanuna əsaən, təhlükəsizlik qurumlarının səlahiyyətləri müəyyən həcmdə genişləndiriləcək, miqrasiyanın nizamlanması və nəzarətdə saxlanılması məqsədilə nəzərdə tutulan tədbirlər gücləndiriləcək.
O cümlədən Almaniya federal hökuməti miqrasiya siyasətində daha sərt qaydaların tətbiqini planlaşdırır. Ölkənin daxili işlər naziri Nensi Fezer barələrində deportasiya qərarı çıxarılan şəxslərin təhlükəsizlik və digər məsələlərlə bağlı risklər yarandığı təqdirdə ölkədən daha sürətli şəkildə göndərilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib. Nazir bununla Avropa İttifaqının miqrasiya sahəsində islahatlarla bağlı qanununun və hökumətin miqrasiya paketinin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, hökumətdə təmsil olunan partiyaların parlament fraksiyaları avqustun sonunda Almaniyanın Solingen şəhərində üç nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumdan sonra təhlükəsizlik məsələlərindən məsul qurumların səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik paketi barəsində razılığa gəlmişdilər. Nəzərdə tutulan qanun layihələri ölkədə ictimai asayişi gücləndirməyə və miqrasiya məsələlərində daha təsirli tədbirlərin görülməsinə xidmət edir.
Avropada milli səviyyədə artan miqrasiyanın qarşısını almağa yönələn qanun qəbul edən ilk ölkələrdən biri Fransa oldu. Bu ölkədə etirazlarla qarşılanan müvafiq qanun ötən il qəbul edilib. Verilən məlumatlara görə 2023-cü ildə qanunları pozan 4,5 mindən çox miqrant Fransadan çıxarılıb. Bu, bir il əvvəlki göstərici ilə müqayisədə 30 faiz çoxdur.
Doqquz ayda Almaniyaya vizasız daxil olmaq istəyən 53 min nəfər saxlanılıb
Cari ilin ilk doqquz ayında etibarlı vizası olmadığı halda quru yolu ilə Almaniyaya daxil olmaq istəyən 53 min 410 nəfər saxlanılıb. Polis onların yarıdan çoxunu - 28 min 321 nəfəri sərhəddən geri qaytarıb. Bu barədə “Bild am Sonntag” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, sərhəddən geri qaytarılanlar arasında ən çox Ukrayna (5935 nəfər), Suriya (4708) və Əfqanıstan (2396) vətəndaşları olublar. Almaniyaya ən çox icazəsiz giriş cəhdi isə İsveçrədən edilib. Belə cəhdlərin sayı 9113 olub. Polşadan 7862, Avstriyadan isə 5468 dəfə Almaniyaya qanunsuz yollarla girişə cəhd göstərilib.
Qeyd edək ki, federal polis daha əvvəl deportasiya edilənlər və ölkədə qalmaq üçün müraciətləri qəbul edilməyən şəxsləri geri qaytarır. Alman polisinin apardığı sərhəd yoxlamaları nəticəsində doqquz ayda 1195 insan qaçaqmalçısı yaxalanıb. Həmçinin barəsində həbs qərarı olan 7783 nəfər müəyyənləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, Almaniyadan daha əvvəl deportasiya edilən və ölkəyə yenidən girmək istəyən 1482 nəfər də saxlanılıb.
Kanada miqrant qəbulu planını 21 faiz azaldıb
Miqrantlara münasibətdə ən radikal çıxış edən ölkələrdən biri Kanadadır. Bu ölkə 2025-ci ilədək miqrant qəbulu planını 21 faiz azaldıb. Bu barədə ölkənin Baş naziri Castin Trudo məlumat verib. Hökumət başçısı bildirib ki, miqrant qəbulu Kanadanın gələcəyi üçün vacib olsa da, nəzarətdə saxlanmalıdır.
Miqrant qəbulu sürətləndiyi üçün Kanadanın əhalisi də 10 ildə 35 milyon nəfərdən 41 milyon nəfərə çatıb. Hökumət yaxın 3 ildə daimi yaşamaq üçün qəbul ediləcək miqrant kvotalarını ciddi şəkildə ixtisar edib. bir neçə ay əvvəl Miqrasiya Nazirliyi yaxın 3 ildə hər il üçün 500 min miqrantın daimi yaşayış üçün qəbul ediləcəyini açıqlamışdı. İndi elan edilən proqrama görə isə, 2025-ci ildə 395 min nəfər, 2026-cı ildə 380 min nəfər qəbul ediləcək. 2027-ci il üçün plan isə daha ciddi ixtisar edilərək 365 min nəfərə endirilib.
Niderland sərhəd yoxlamalarını sərtləşdirir
Niderland hökuməti noyabrın sonundan etibarən sərhədlərdə daha ciddi yoxlamalara başlanılacağını, qanunsuz miqrantların Belçikaya və Almaniyaya geri göndəriləcəyini bəyan edib. Almaniyanın “Şpigel” nəşri xəbər verir ki, Baş nazir Dik Şum sağçı hökumətin əsas hədəfi olan miqrasiyaya qarşı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Populist siyasətçi Girt Vildersin radikal sağ partiyası da daxil olmaqla, hökumətdə təmsil edilən partiyaların parlamentdəki fraksiyaları bu barədə razılığa gəlib.
Nəzərdə tutulan tədbirlər arasında Suriyanın bəzi bölgələrinin təhlükəsiz ərazi elan olunması və həmin ərazilərdən olan miqrantların geri göndərilməsi yer alıb. Bundan başqa, bu ölkədə sığınacaq almaq hüququ olmayan şəxslərin daha tez geri göndərilməsi, Niderlanda yaşamaq icazəsi olmayan mühacirlərin konteynerdən ibarət sığınacaqlarda yerləşdirilmələri təklif edilir.
Sərt miqrasiya qanununa dair təkliflərin qəbulu üçün parlamentin hər iki palatası razılığa gəlməlidir. Lakin hökumətin bu planı ölkədə birmənalı qarşılanmayıb. Tanınmış hüquqşünaslar, bəzi rəsmilər və bir sıra bələdiyyələr bu tədbirlərin uğurlu olacağına şübhə ilə yanaşırlar. Miqrantların yerləşdirilməsinə cavabdeh bələdiyyələrin ittifaqı bu tədbirlərin xaos yaradacağını bildirib. Sərhədboyu şəhərlərin bələdiyyələri isə sərhədlərdəki yoxlamalara sərt etiraz edib. Bu barədə birgə açıqlamada yoxlamalar “narahatedici proses” və “saxta həll yolu” adlandırılıb. Birgə məlumatda Almaniyadakı sərhəd yoxlamalarının tıxaclara və qəzalara səbəb olduğu əsas gətirilib, nəqliyyat şirkətləri isə gecikmələrə görə xərclərin artmasından narahatdır.
Qeyd edək ki, hər il təxminən 40 min nəfər sığınacaq üçün bu ölkəyə üz tutur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
07 Dekabr 21:23
Dünya
07 Dekabr 20:59
Siyasət
07 Dekabr 20:38
Mədəniyyət
07 Dekabr 20:17
Siyasət
07 Dekabr 19:56
Hərbi
07 Dekabr 19:24
Dünya
07 Dekabr 19:13
İdman
07 Dekabr 18:52
Siyasət
07 Dekabr 18:35
İdman
07 Dekabr 18:13
Siyasət
07 Dekabr 17:57
Dünya
07 Dekabr 17:36
İdman
07 Dekabr 17:15
İqtisadiyyat
07 Dekabr 16:53
Sosial
07 Dekabr 16:31
Siyasət
07 Dekabr 16:19
Mədəniyyət
07 Dekabr 15:58
Xəbər lenti
07 Dekabr 15:56
Dünya
07 Dekabr 15:37
Siyasət
07 Dekabr 15:16
Siyasət
07 Dekabr 14:55
İqtisadiyyat
07 Dekabr 14:32
Siyasət
07 Dekabr 14:13
Sosial
07 Dekabr 13:54
İdman
07 Dekabr 13:39
İqtisadiyyat
07 Dekabr 13:18
Sosial
07 Dekabr 12:51
Siyasət
07 Dekabr 12:33
Sosial
07 Dekabr 12:14
Gündəm
07 Dekabr 11:59
Siyasət
07 Dekabr 11:35
Siyasət
07 Dekabr 11:17
Siyasət
07 Dekabr 10:37
İqtisadiyyat
07 Dekabr 10:29
İqtisadiyyat
07 Dekabr 10:18
Siyasət
07 Dekabr 10:07
Siyasət
07 Dekabr 09:57
MEDİA
07 Dekabr 09:51
İqtisadiyyat
07 Dekabr 09:46
Xəbər lenti
07 Dekabr 09:41
Ədəbiyyat
07 Dekabr 09:34
Analitik
07 Dekabr 09:32
Elm
07 Dekabr 09:18
Dünya
07 Dekabr 09:12
Ədəbiyyat
07 Dekabr 09:09
Sosial
07 Dekabr 08:45
Sosial
07 Dekabr 08:37
Dünya
07 Dekabr 08:15
Dünya
07 Dekabr 07:53
Mədəniyyət
06 Dekabr 23:44
Xəbər lenti
06 Dekabr 23:31
Xəbər lenti
06 Dekabr 23:17
Xəbər lenti
06 Dekabr 22:58
Sosial
06 Dekabr 22:36
Xəbər lenti
06 Dekabr 22:15
Dünya
06 Dekabr 21:51
İqtisadiyyat
06 Dekabr 21:39
İqtisadiyyat
06 Dekabr 21:18
Hadisə
06 Dekabr 20:57
Sosial
06 Dekabr 20:36
Ədəbiyyat
06 Dekabr 20:35
Ədəbiyyat
06 Dekabr 20:29
Siyasət
06 Dekabr 20:15
Siyasət
06 Dekabr 19:56
Siyasət
06 Dekabr 19:53
İdman
06 Dekabr 19:52
Xəbər lenti
06 Dekabr 19:34
Sosial
06 Dekabr 19:12
Siyasət
06 Dekabr 18:36
YAP xəbərləri
06 Dekabr 18:27