Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qadının kəşfi

Qadının kəşfi

25.05.2024 [11:20]

Bernard Şounun “Piqmalion” pyesi haqqında

Əvvəli ötən sayımızda…

Eliza gecəylə evdən qaçır. Professorla polkovnik səhər bundan xəbər tutanda başlarını itirirlər, hətta qızın axtarışı üçün polisə müraciət eləyirlər. Hiqqins evində bədənini itirmiş ruh kimi dolaşır, heç nəyin yerini, yöndəmini tapa bilmir, ev onun nəzərində xaraba qalıb, hər şey gözündə alt-üst olub.

Belə bir dar məqamda qulluqçu Elizanın atasının gəldiyini xəbər verir. Dulitl atanın görkəmi heyrətamiz dərəcədə dəyişib, kişi əvvəl gördüyümüz kirli-pasaqlı cır-cındırda yox, təmiz, səliqəli burjua qiyafəsindədir. Söhbət əsnasında bəlli olur ki, Hiqqinsin bir zarafatı sayəsində bütün dünya üzrə mənəvi islahatlar aparmaq arzusunda olan varlı amerikalı filantropdan Dulitla miras qalıb.

Ancaq o, indiki halından elə də məmnun deyil, əvvəlki azadlığını itirdiyindən, məsuliyyətinin artdığından, hamının ondan pul-para umduğundan gileylənir. İndi o, illərlə kəbinsiz yaşadığı qadınla nikah bağlamağa, hörmətli, ləyaqətli bir burjua kimi yaşamağa məcburdur. Bundan sonra cənab Dulitl elitar varlığa çevrilmiş qızının da qayğısına qala bilər. Ancaq professor Hiqqins yoxdan yaratdığı bir məxluqu, zibillikdən uçurduğu mələyi atasına qaytarmaq fikrini yaxınına belə buraxmır.

***

Məlum olur ki, miss Eliza missis Hiqqinsin evində gizlənib. Onun professordan anasına sığınması rəmzi mahiyyət daşıyır, uşağın onu döyən anasından bir ayrısına yox, məhz elə ananın özünə sığınmasına, anasına qısılmasına bənzəyir. Belə görünür, onlar arasında gələcək qohumluğun, qayınana-gəlin, ana-bala münasibətinin təməli döşənməkdədir. Qız şərt qoyur ki, Hiqqins ondan üzr diləsə, qayıtmağa razıdır. Fəqət kobud, nəzakətsiz, hərzə-hədyan danışmaqdan zövq alan professor belə bir şeyi ağlına da gətirmir. Onda Eliza üzə çıxıb Pikerinqə minnətdarlığını bildirir: fonetika tanrısının məbədinə ilk gəlişində polkovnik ona “miss Dulitl” deyə müraciət eləyəndən bəri o özünü adam saymağa, özünə hörmət qoymağa başlayıb. Professoru isə üsyankar mələk hədələyir: əgər onu bir də incitsə, Eliza Hiqqinsin rəqibi olan başqa bir məşhur professorun yanında işə düzələcək, üstəlik, onun bütün sirlərini düşməninə satacaq.

Elizaya qəzəblənib təhqiramiz sözlərlə qızı alçaldan Hiqqins yaratdığı məxluqun necə mükəmməl olduğunu, qiyamçı mələyin necə təmiz bir əxlaqla süsləndiyini gizli bir ləzzətlə müşahidə eləyir. Anlayır ki, daha onsuz yaşamağı mümkün deyil, Elizaya alışdığını boynuna alır. Şübhəsiz, Eliza da yaradanından ayrılmağa meyilli deyil, o da öz müəllifinə simpatiyasını gizlətmir. Əqidəli subaya bundan sonra nə qalır - xırdaca bir təklifdə bulunmaq, üzüyünü qızın barmağına qaytarmaq, bəndəsinə sona qədər tanrılıq eləmək, mələyini iblisə döndərib cəhənnəmə sürməmək... Tək qalanda Eliza buxarının külü içində eşələnib Hiqqinsin oda atdığı üzüyü axtarır.

Elizanın davası nədir - professor ona hissiz-duyğusuz kukla kimi, təcrübə siçanı kimi baxmasın, onu xaos burulğanına atmasın, öyrətdiyi dəyərlərdən yararlanmasına şərait yaratsın. Hiqqins isə özünün şah əsərini bütün başqa tələbələritək cansız, ruhsuz kötük sayır, qızı qaldırıb öz mərtəbəsinə çatdırsa da, yenə ona üstdən-aşağı baxır. Xəbəri yoxdur ki, kötük pöhrə verib, yarpaqlayıb, çiçək açıb, bar gətirib. Artıq onunla canlı varlıq kimi davranmaq lazımdır. Sivilizasiya geriyə yol tanımır.

***

Özünə ustad saydığı Henrik İbsen kimi Bernard Şou da qadın emansipasiyası məsələsinə çox həssas yanaşıb. Onun bu əsəri əsasən demokratizm, maarifçilik prizmasından gözdən keçirilir; yəni aşağı növ, yuxarı növ insan yoxdur, əgər bərabər şərait yaradılsa, maarifin qüdrətindən hər kəs bəhrələnə bilər. Məsələn, həyatın dibindən çıxmış Elizada olan qabiliyyətin mində biri kübar dibçəkdə bəslənmiş Freddidə yoxdur, əsər boyu biz onun ancaq səfeh hərəkətlərinə şahid oluruq.

İstedad, bilik, qanacaq genetik ötürülmür, münbit mənəvi-əxlaqi şəraitin, düzgün intellektual tərbiyənin hesabına cilalanıb üzə çıxır. Bernard Şou siyasi baxışlarına görə solçu, sosialist olduğundan belə yozum onun əsərinin ruhuna yad deyil. Üstəlik, müəllif özü də qəhrəmanının dilindən açıq mətnlə deyir ki, onun metodu siniflər, silklər arasındakı uçurumu doldura bilər.

“Piqmalion” pyesini ingilis dilinin qüdrətini vəsf eləyən himn sayanlar da az deyil. Belə yanaşsaq, bu əsəri təkcə ingilis dilinin yox, ümumən dilin, fonetikanın, bütövlükdə linqvistika elminin, bir az da geniş götürsək, sənətin, mədəniyyətin, maarifin qüdrətini tərənnüm eləyən mədhiyyə də saya bilərik. İyirminci əsrin Vitgenşteyn, Haydegger kimi böyük filosoflarının dili varlığın cövhəri, evi saymaları da, görünür, yüz il bundan əvvəlki dövrün ruhuna uyğun yanaşmalardır. Dillə düzgün davranması, dildən doğru yararlanması Elizanı palçıqda sürünən soxulcandan göylərdə süzən göyərçinə çevirir.

***

Demokratizm, sosial bərabərlik, maarifçilik, feminizm, qadın emansipasiyası - bütün bunlar öz yerində, belə məsələlər artıq əksini də, həllini də bədii əsərlərdə, səhnələrdə yox, qeyri-hökumət təşkilatlarının layihələrində, dövlət qanunlarında, hökumət sərəncamlarında tapır. Bəs onda “Piqmalion” kimi sənət incilərini bu gün diri, aktual saxlayan nədir?

Əsərdən aydın görünür ki, qadın-mələk başlanğıcını, arxetipini kəşf eləyən, ona can verən, onu ucaldan kişi başlanğıcı, tanrı arxetipidir. Tanrı Piqmalion kimi (daha doğrusu, tərsinə) əvvəlcə öz mələyinin obrazını yaradır, sonra onu sevib vücuda gətirir, sonra da həyatını ona bağlayır. Yer üzündə qadınla kişinin ən ideal birgəliyi bu formula əsaslanır.

Doğrudur, qadın bəzən öz yaradanına, ona azadlıq verənə, onu öz mərtəbəsinə qaldırana asi düşüb kişiliyə qarşı qiyam qaldırır, kişini üstələməyə, onu özündən aşağıda görməyə-göstərməyə çalışır (ayrı-ayrı həyat faktlarından yox, ümumən fəlsəfi yanaşmadan danışıram). Bu isə hər şeydən əvvəl qadınlığın təbiətinə ziddir. Ayrı-ayrı qadınların ayrı-ayrı kişilərdən üstünlüyünü nəzərdə tutmuram, amma ümumən qadın ümumən kişidən heç vaxt üstün ola bilməz - bu, bizə əbədi, dəyişməz ideyalar, arxetiplər aləmindən ötürülən əbədi, dəyişməz həqiqətdir. Bu həqiqətə qarşı qiyama qalxmaq varlığın təməlinə əl uzatmaq, mahiyyətinə üsyan eləməkdir. Bu proses heç zaman yaxşı sonluğa vara bilməz. Kişisi alçaldılan, kişiliyi qıtalan dünya özü də ucalmaz, alçalar.

Professor Hiqqins Elizaya sevimli kuklası kimi, üzərində təcrübə apardığı dovşan kimi baxanda sadəcə alim idi. Yaratdığını sevməyə, onu quru kötük yox, canlı adam saymağa başlayanda isə özü də adam olur. Eliza da özünü təlim keçən it kimi yox, kəşf olunmuş xəzinə kimi hiss eləyəndə Şekspirin, Miltonun danışdığı dildə eybəcər səslər çıxaran küçə alverçisindən dönüb xanım olur, mələk olur. Bu proses qarşılıqlıdır - kişi qadını mələyə, qadın da kişini başının ağasına, tanrısına çevirir.

***

Əsərə yazdığı son sözdə müəllif Elizanın Freddiyə ərə gedə biləcəyinə işarə vurur. Bernard Şou bizi inandırmağa çalışır ki, Eliza Dulitl başmaqlarını “otardığı” adama yox, onun özünün başmaqlarını öpüb gözünün üstünə qoymağa müntəzir namizədə üstünlük verəcək (doğrudur, bu məqamda xırdaca bir şərt də qoyur: əgər fizioloji baxımdan oğlandan çiyrinməyə bir səbəbi olmasa...). Ancaq bu proqnoza inanmaq çox çətindir. Birbaşa desək, artıq vücuda gəlmiş, cansız heykəl olmaqdan çıxmış Qalateya Freddinin tayı deyil. Onun sevib-sevilməyə təşnə qəlbini Piqmaliondan başqası doyura bilməz. Onlar ya evlənəcəklər, ya da bir yerdə (polkovnik Pikerinqi də nəzərə alsaq, üçlükdə) dostcasına ömür sürəcəklər. Onları bağlayan tellər artıq polad zəncirə dönüb, bu zənciri qırmaq mümkün deyil. Bir sözlə, müəllifin əsərinə kənar şəxs kimi, şərhçi, tənqidçi kimi müdaxiləsi müəmmanı çözmək yox, iz azdırmq məqsədi güdür. 

Üstəlik də professor Hiqqins zəka, ağıl, müdriklik, Eliza isə fəhm, istedad, ilham rəmzidir. İkisinin birləşməsi istər elm, istərsə də sənət sahəsində möcüzələr yaradır. Fəhmlə zəka, ağılla istedad, idrakla ilham bir-birindən ayrı düşəndə heç biri heç bir dəyər qazanmır. Elizanın intuisiyası Hiqqinsin intellektinin süzgəcindən keçəndən sonra ortaya parlaq nəticə çıxır.

Hiqqins nə qədər qəliz, tərs, Eliza nə qədər dikbaş, çılğın olsa da, onların kəbini göydə kəsilib. Qadın rahatlığı üçün özündən zəif kişini seçə bilər, amma onu sevə bilməz. Sevən qadın - sevdiyinə təslim olan qadındır. Qadının sevə biləcəyi kişi özündən bir baş uca olmalıdır. Professor, əlbəttə, çox da yaxşı insan deyil, kobuddur, mərifətsizdir, despotdur... bununla belə dahidir. Dahilər arasında salamat adam çətin tapılır. Şəms Təbrizi necə demişdi: “Atam yaxşı adam idi, ancaq aşiq deyildi. Yaxşı adam başqa, aşiq başqa”.

Müəllifin müdaxiləsinə, oxucunu yönəltməyə, daha doğrusu, azdırmağa çalışmasına baxmayaraq “Piqmalion” pyesinin sonluğuyla bağlı yozumlar, proqnozlar çoxdur. Əsərin finalı faktiki yoxdur, süjet, kompozisiya çevrəsi qapanmayıb, açıq qalıb. Müəllif bayağı sonluqdan, yəni Piqmalionla Qalateyanı evləndirməkdən qaçıb, alternativ varianta isə yəqin özü də axıracan inanmayıb. Vəziyyətdən əsərə əlavə kimi son söz yazmaqla çıxıb. Bu baxımdan pyes yozuma həmişə açıqdır, hər oxucu, hər tamaşaçı finaldakı boşluğu özü bildiyi kimi doldura bilər.

Bir yozum da biz verməyə çalışdıq. Hərçənd bu məsələyə nöqtə qoymaq, pyesdəki qəhrəmanların ən yaxın gələcəyi, mümkün aqibəti barədə qəti, yekdil fikir söyləmək hələ çox tezdir. Yazıldığı zamandan yüz neçə il ötsə də, əsər hələ bitməyib, personajların finişə çatmamış macəralı yürüşü, Şounun təkan verdiyi ictimai-fəlsəfi proses bu gün də davam eləyir. Bütün bunların axırı nəylə qurtaracaq - yaşayarıq, görərik...

Fəxri Uğurlu

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30