Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının açılışı olub

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının açılışı olub

31.12.2009 [02:02]

Prezident İlham Əliyev mərasimdə iştirak edib
Dünən Bakının 8-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin yeni “Azadlıq prospekti” stansiyasının açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat veriblər ki, son illərdə paytaxtın yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı Metropoliteni stansiyalarının şəbəkəsinin genişləndirilməsi və mövcud stansiyaların yenidən qurulması mühüm əhəmiyyətə malikdir. Artıq istismara hazır olan “Azadlıq prospekti” stansiyası Azərbaycanın müstəqilliyi dövründə Bakı metrosunda istismara verilən ikinci  stansiyadır. Hazırda 22 stansiya istismardadır.
Prezident İlham Əliyevə məlumat verilib ki, bu stansiyanı elektrik enerjisi ilə təmin etmək üçün yeni yarımstansiya inşa edilib. Bakıda nəqliyyatın hərəkətinin sıxlığının tənzimlənməsində yeni stansiya böyük rol oynayacaq, tıxac probleminin aradan qaldırılmasını və sərnişinlərin mənzil başına rahat gediş-gəlişini təmin edəcək.
Qeyd olunub ki, “Azadlıq prospekti “ stansiyası metropolitenin tikintisinin üçüncü növbəsinin şimal hissəsinə aid olan sayca ikinci stansiyadır. “Azadlıq prospekti” stansiyası 14 metr dərinlikdə yerləşir və ilk dəfə olaraq burada sütunsuz tağvarı platforma yaradılıb. Bu stansiyanın memarları Elbəy Qasımzadə, Maqsud Məmmədov və Zaur Qurbanəliyevdir. Stansiyanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb, böyük bir ərazidə park kompleksi salınıb, burada çoxlu dekorativ ağac və bəzək kolu əkilib, fəvvarələr quraşdırılıb.
Dövlətimizin başçısı “Azadlıq prospekti” stansiyası ilə tanış olub. Müasir üslubda inşa olunmuş stansiya estetik görünüşü ilə diqqəti cəlb edir. Stansiyadakı pannolarda respublikamızın nadir memarlıq abidələri əksini tapıb. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyevə gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüllərdə ilk dəfə quraşdırılmış sensorlu interaktiv sorğu köşkləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaq.
Dövlətimizin başçısına metropoliten xətlərinin mövcud sxemi, üçüncü növbənin şimal sahəsi və perspektiv inkişaf planları əsasında ətraflı məlumat verilib.
“Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Şaiq Əfəndiyev rəhbərlik etdiyi qurumun bu yaxınlarda qeyd edilmiş yubileyi ilə əlaqədar dövlət mükafatlarına layiq görülmüş kollektivin üzvləri, inşaatçılar və metrpolitenin əməkdaşları adından metropolitenin inkişafına göstərdiyi hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Bakı Metropoliteninin işçilərini və inşaatçıları təbrik edərək deyib ki, artıq hər il Bakıda yeni metro stansiyası istifadəyə verilir: “Keçən il “Nəsimi” stansiyasının açılışında iştirak etmişdik. Bu ilin sonunda, bayramlar ərəfəsində “Azadlıq prospekti” stansiyası istifadəyə verilir. çox gözəl stansiyadır, insanlara rahatlıq verəcəkdir. Beləliklə, Azərbaycan metro tikintisi proqramını uğurla icra edir. Proqram uzunmüddətlidir. Artıq, - bu sxemdə göstərilir, - növbəti illərdə bir neçə istiqamətdə yeni stansiyaların tikintisi nəzərdə tutulur. Beləliklə, şəhərimizin bütün yerlərində rahat nəqliyyat vasitəsi olan metro istismara veriləcəkdir”.
Prezident İlham Əliyev vurğulayıb ki, metro tikintisi çox mürəkkəb bir prosesdir: “Siz bunu hamıdan yaxşı bilirsiniz. Bu gün Azərbaycan o səviyyədədir ki, biz bunu öz gücümüzə edə bilirik. Texniki imkanlarımız, peşəkar şirkətlər, mühəndislər, memarlar var, maliyyə imkanlarımız da vardır. Gələn ilin investisiya proqramında metro tikintisinə mütləq çox böyük  məbləğdə vəsait ayrılacaqdır və ondan sonrakı illərdə də. çünki bu bizim üçün prioritet məsələdir. Siyasi iradə, Prezidentin dəstəyi vardır. Ən önəmlisi biz xalqın dəstəyi və iradəsi ilə bu işləri görürük. Bakı sakinləri üçün rahat nəqliyyat vasitəsinin genişləndirilməsi işində öz əməyimizi qoyuruq”.
Prezident İlham Əliyev inşaatçılar və metropolitenin işçiləri ilə xatirə şəkli çəkdirib.
Sonra dövlətimizin başçısı “Azadlıq prospekti” stansiyasının rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Prezident İlham Əliyevə məlumat verilib ki, ilk dəfə bu stansiyada Almaniya istehsalı olan üç eskalator quraşdırılıb. Stansiya kompleksinin ümumi uzunluğu 300 metrə yaxındır. “Azadlıq prospekti” stansiyasında məlumatların yerləşdirilməsi üçün mərkəzləşdirilmiş sistem quraşdırılıb. Metropolitenin şimal sahəsinin üçüncü növbəsinin elektrik təchizatı perspektivdə nəzərdə tutulan 40 cüt 5 vaqonlu qatarın hərəkətinin təmin edilməsinə hesablanıb. Əsas zalın ümumi həcminə uyğun olaraq burada irimiqyaslı ornament və dekorasiya elementləri tətbiq edilib.
Stansiyada milli memarlıq elementlərindən məharətlə istifadə olunub, platformadakı oturacaqlar davamlı materiallardan hazırlanıb. Stansiyanın işıqlandırma, mühafizə və təhlükəsizlik sistemləri də yüksək standartlara cavab verir. Dövlətimizin başçısına məlumat verilib ki, metropolitendə ilk dəfə bu stansiyanın rabitə sistemində yeniliklər tətbiq edilib. Qovşaqsız rels dövrələri hesabına rabitə avadanlığının sayı xeyli azaldılıb, həcmcə kiçik ölçülü avadanlıqdan istifadə edilib. Yeni qurğular nasazlıqları dərhal müəyyənləşdirməyə və aradan qaldırmağa imkan verir. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən avadanlıq da yeni texnologiyalara əsaslanır və mükəmməlliyi ilə seçilir. Metronun “Azadlıq prospekti” stansiyasından Süleyman Sani Axundov küçəsinə və Azadlıq prospektinə 4 çıxış var. Bildirilib ki, 2002-2009-cu illərdə Bakı Metropoliteninə 151 yeni vaqon alınıb. Hazırda metronun daha üç stansiyasının inşası davam etdirilir. Metronun 20 illik inkişaf planına əsasən inşaat və yenidənqurma işləri növbəti illərdə də davam etdiriləcək, mövcud stansiyaların sayı 70-ə çatdırılacaq. “Azadlıq prospekti” stansiyası ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin başçısı Binəqədi rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb söhbət edib.
Müəllimə Yaqut Sadıqova Binəqədi rayonu sakinləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını çatdırıb. O, dövlət başçısının Fərmanını xüsusilə qeyd edərək bildirib ki, qaz borclarının silinməsi ilə bağlı Fərmanınız hamının ürəyincədir.
Prezident İlham Əliyev deyib ki, bütün Azərbaycanda, bütün ölkəmizdə belə gözəl quruculuq işləri aparılır: “Hər yerdə tikinti, quruculuq aparılır, yeni müəssisələr, xəstəxanalar, zavodlar, fabriklər, məktəblər, idman ocaqları istifadəyə verilir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox ağır il olmuşdur, sınaq ili olmuşdur, Azərbaycan bütün sınaqlardan həmişə olduğu kimi şərəflə çıxdı. 2009-cu ildə iqtisadiyyatımız artdı. Sosial məsələlər öz həllini tapdı. Sənaye istehsalı artdı. İl ərzində çoxsaylı sənaye obyektləri tikildi, yaxud da ki, onların təməli qoyuldu. Yəni bu onu göstərir ki, ölkəmiz öz hesabına uğurla yaşaya bilər. Hətta dünya üçün ən ağır il olan 2009-cu ildə də biz uğurla inkişaf etdik, qarşıda duran bütün vəzifələri icra etdik. Güclü sosial siyasət apardıq. Siz qeyd etdiniz ki, qaz borclarının silinməsi sizin ürəyinizcə oldu. çünki çox güman ki, sizin borcunuz var idi. Amma mən istədim ki, 2010-cu ildə bu borclar sizə əlavə əziyyət verməsin. Amma çalışın ki, daha bundan sonra bu borclar yaranmasın”.
Binəqədi rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına bir daha minnətdarlıq ediblər.

Paylaş:
Baxılıb: 1274 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31