Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Ermənistan bu dəfə də “outside”da qaldı

Ermənistan bu dəfə də “outside”da qaldı

30.12.2021 [10:29]

Yeni Fars körfəzi-Qara dəniz dəhlizi yaradılır

Mübariz ABDULLAYEV

Son illərdə Azərbaycanın böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaratmağa nail olduğu müasiryol-nəqliyyat infrastrukturu respublikamızın tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Qeyd edək ki, ayrı-ayrılıqda bəhs olunan dəhlizlərdə 10-dan çox ölkə təmsil olunur. Azərbaycan isə yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır.

Yeni dəhlizdə Azərbaycan əsas bağlantıdır

Azərbaycan yeni nəqliyyat-logistika platformalarında da təmsil olunmağa böyük səy göstərir. Yeni platformalar daha geniş imkanlar deməkdir. Buna isə ölkəmizin əlverişli coğrafi mövqeyi, iqtisadi gücü, Ermənistandan başqa, digər bütün qonşularla yaxşı münasibətlərə malik olması, möhkəm daxili sabitlik və digər amillər əlverişli zəmin yaradır.

Respublikamızın qoşulduğu yeni nəqliyyat-logistika platforması İrandan, Azərbaycandan və Gürcüstandan keçməklə Fars körfəzi ilə Qara dənizi birləşdirəcək. Hər üç dövlət yeni dəhliz ətrafında imkanlarını birləşdirməyə və regional əməkdaşlığa yeni töhfələr verməyə güclü siyasi iradə nümayiş etdirirlər. Əslində, yeni marşrut üzrə üç ölkənin əməkdaşlığını şərtləndirən bir sıra obyektiv amillər var. İranın Şərqi Avropa ölkələrinin bazarlarına çıxışı bu marşrutla həyata keçirilə bilər. Yeni dəhliz üzərində yerləşən Gürcüstan və Azərbaycan daşımalar üçün zəruri və yüksəksəviyyəli infrastruktura malikdirlər. Gürcüstanın Qara dəniz sahilində yerləşən 2 böyük limanı vasitəsilə daha böyük həcmdə yükləri aşırmaq imkanları var. Söhbət bu ölkənin Batumi və Poti limanlarından gedir. Bəhs olunan limanlar Qara dənizin digər sahillərindəki limanlarla sıx əlaqədə fəaliyyət göstərirlər. Bu limanlar vasitəsilə yüklər Şərqi Avropa ölkələrinə tez və təhlükəsiz çatdırılır. Yeni dəhliz üzrə yüklər Astara gömrük-keçid məntəqəsindən Azərbaycana, oradan isə Gürcüstanın limanlarına və daha sonra təyinat yerlərinə göndəriləcək.

İranın yüklərini Azərbaycan üzərindən daşımaq istəyi də təsadüfi xarakter daşımır. Yeni dəhlizdə ölkəmiz əsas bağlantı və yaxud mərkəzi fiqur rolunda çıxış edir. Əvvəla, qonşu dövlət Azərbaycanın müasir yol-nəqliyyat infrastrukturuna istinad etməklə ölkəmizdən keçən marşruta üstünlük verdiyini açıq şəkildə bəyan edib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə respublikamızda avtomobil və dəmir yollarının vəziyyəti yüksək səviyyədədir. Eyni zamanda, ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub marşrutları bir-birlərinə sıx inteqrasiya olunub. Yaxın perspektivdə isə ölkəmiz Qara dənizlə başqa bir məkanda - Türkiyədə birləşəcək Zəngəzur dəhlizinə malik olacaq. Bu dəhliz də digər marşrutlara inteqrasiya olunacaq. Beləliklə, yaranan mənzərə göz önündədir - Fars körfəzi-Qara dəniz marşrutu digər dəhlizlərdən də yükləri qəbul edəcək. Yeni dəhlizin avantajlarından biri də ondan ibarətdir ki, Azərbaycan və Gürcüstan uzun illər ərzində beynəlxalq daşımalar sahəsində yaxşı təcrübə qazanıblar. İndiyədək iki ölkə arasında tranzit daşımaları ilə bağlı hər hansı bir fors-major halı yaşanmayıb. Ölkəmizin, həmçinin Şimal-Cənub marşrutu üzrə İranla da daşımalar sahəsində əlaqələri yaranıb və bu əlaqələr getdikcə genişlənməkdədir.

İlk yük karvanı yolda

Artıq yeni marşrutun funksionallığının təmin edilməsi istiqamətində ilk addım atılıb. Belə ki, yeni marşrut üzrə ilk yük karvanı atıq yola düşüb. Bu barədə KİV-ə məlumat Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilib. Qurumun məlumatında bildirilir ki, hazırda Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə Azərbaycan, İran və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir.

Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək. Marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi uzanır.

Dekabrın 22-də Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Tədbirdə İran İslam Respublikasının nəqliyyat qurumlarının, Şərqi Azərbaycan Vilayətinin, Azərbaycan və Gürcüstanın İrandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Nazirlikdən bildirilib ki, sınaq yürüşünün icrası zamanı əldə olunacaq nəticələr araşdırılacaq, marşrutun səmərəliliyi təhlil ediləcək. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən Cənubi Asiya ölkələri də yeni dəhliz vasitəsilə Avropaya daha bir çıxış əldə edəcəklər. “Bu nəqliyyat dəhlizi və onun gələcəkdə istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhliz həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm daşıyır. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın nəqliyyat habı olaraq mövqeyinin möhkəmlənməsinə, beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə ölkəmizin strateji mövqeyi daha da güclənəcək”, - deyə məlumatda vurğulanıb.

Qatarın arxasınca baxan Ermənistan

Üç region dövlətinin yeni nəqliyyat-logistika platformasında birləşməsi Ermənistanın ümidlərinin üstündən çalın-çarpaz xətt çəkib. İndi ötən üç onillik ərzidə işğalçılıq siyasətindən əl çəkməyən və 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan Ermənistanın ötüb keçən qatarın arxasınca baxmaqdan başqa əlacı qalmayıb.

Söhbət ondan gedir ki, Ermənistan zamanında Fars körfəzi-Qara dəniz dəhlizinin məhz bu ölkədən keçməsi ilə bağlı xam xəyallar qururdu. Bununla bağlı müzakirələrin tarixi uzaqlara  gedib çıxır.  İşğalçılıq siyasətinin girovuna çevrilən Ermənistan düşdüyü dalandan çıxmaq üçün artıq illərdir ki, yollar arayır. Ermənistanın əvvəlki və indiki prezidentləri, elə baş nazir Nikol Paşinyanın özü də bəhs olunan dəhlizin Ermənistandan keçməsi ilə bağlı utopiyaya bənzəyən fikirlər səsləndiriblər. Xatırladaq ki, hələ 2014-cü ildə forpost ölkədə  İrandan Ermənistana dəmir yolunun çəkilməsi haqqında dövlət proqramı hazırlanaraq parlamentdə təsdiqlənib. Proqrama əsasən 300 kilometrlik dəmir yolu 64 körpüdən, 60 tuneldən və 27 stansiyadan ibarət olmalı idi. Layihənin ümumi dəyəri isə 3,5 milyard dollar həcmində dəyərləndirilirdi. İddia olunurdu ki, layihənin icrası sayəsində Ermənistan Çin ilə Avropanı birləşdirəcək tranzit mərkəzinə çevriləcək.

Lakin real əsasları olmadığına görə Ermənistanın arzusu illərdir ki, elə ideya səviyyəsində kağız üzərində qalır. Analitiklərin qənaəti belədir ki, Ermənistanın bu ideyanı reallaşdırmaq üçün şansları sıfıra bərabərdir. Hər şeydən əvvəl, bu ölkə siyasi cəhətdən müstəqil deyil, burada şərtləri digər mərkəzlər diqtə edirlər. Forpost dövlətin qonşularla münasibətləri də arzuedilən səviyyədə deyil. Bu kiçik ölkə hələ də qonşu dövlətlərə qarşı ərazi iddialarındadır.

Ermənistan üçün başqa bir acı reallıq ondan ibarətdir ki, bu ölkənin dəmir yolları şəbəkəsi Rusiyaya satılıb. Bu səbəbdən də Ermənistanla İran arasında dəmir yolunun çəkilməsinə hər hansı bir qərarı da Yerevan yox, Moskva verə bilər. Xatırladaq ki, zamanında Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yeni dəhliz iddiaları səsləndirəndə bu ölkənin dəmir yolu şəbəkəsinə nəzarəti həyata keçirən şirkətin rəhbərliyinin cavabı kifayət qədər sərt olmuşdu.

Ermənistanın Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməsini özündə ehtiva edən arzusunun qarşısına “stop” işarəsi qoyan əsas səbəb isə forpost dövlətin maliyyə vəsaitinin olmaması ilə bağlıdır. Yuxarıda layihənin xərclərini xatırlatdıq. Ermənistan çox kiçik büdcəsi ilə bu qədər vəsaiti haradan tapa bilər? Güman edilə bilərdi ki, bu ölkə özüsayağı investisiya axtarışına çıxacaq. Bu da dəryada balıq söhbətidir. Axı  forpost ölkənin hər hansı bir investisiya cəlbediciliyi də qalmayıb.

Kasıb Ermənistanın bəxti həm də onda gətirməyib ki, bu ölkənin coğrafi-relyef xüsusiyyətləri də kifayət qədər mürəkkəbdir. Ekspertlər bu qənaətdədirlər ki, Ermənistandakı kimi çətin relyef şəraitində beynəlxalq səviyyəli dəhlizin yaradılması ortaya əlavə çətinliklər çıxarda bilər.

 

 

Paylaş
Baxılıb: 191 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31