Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Müttəfiqlik Bəyannaməsi - Bakı və Moskva hansı öhdəliklər götürür?

Müttəfiqlik Bəyannaməsi - Bakı və Moskva hansı öhdəliklər götürür?

24.02.2022 [10:07]

48-ci səfər zamanı imzalanan, 43 maddədən ibarət Bəyannamənin strateji əhəmiyyəti nədir?

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycan cəmiyyətində və beynəlxalq miqyasda müzakirə olunan əsas mövzulardan biri Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri və iki ölkə arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanmasıdır. Bəziləri müqavilənin imzalanması və Rusiya ilə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar mənfi rəy və mövqe ifadə edirlər. İrəli sürülən - əsas gətirilən məqamlar isə ötən əsr­də baş verən bir sıra hadisələrlə əlaqədardır. XI Qırmızı Ordunun 1920-ci ildə müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, SSRİ-nin ermənilərdən istifadə edərək ölkəmizin ərazisinin bir qisminin zəbt olunmasına şərait yaratması, Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı soyqırımının törədilməsi və digər bir sıra məsələlər bu səpkidə xüsusilə diqqətə çatdırılır. Məsələyə fərqli yanaşanlar da var. Onlar qeyd edirlər ki, bəli, SSRİ və onun varisi olan Rusiya ilə əlaqədar Azərbaycan xalqının milli-tarixi yaddaşında bəhs olunan hadisələrə görə mənfi obraz və düşüncələr var, amma hazırkı geosiyasi reallıqlar tamamilə fərqlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, Azərbaycan bu gün güclüdür, müstəqil xarici siyasət həyata keçirir və öz maraqlarını qoruyur. Regionda mühüm təsir mexanizmlərinə malik Rusiya ilə münasibətlərin inkişafı isə hazırkı mürəkkəb regional vəziyyətdə və beynəlxalq münasibətlər şəraitində milli mənafelərin təmini baxımından olduqca önəmlidir. Digər tərəfdən, Moskva Bakını bərabərhüquqlu və etibarlı tərəfdaş kimi dəyərləndirir və əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir. Bununla yanaşı, qardaş Türkiyənin ardınca qonşu, BMT Təhlükəsizlik Şurasının beş daim üzvündən biri Rusiya ilə müttəfiqliyə dair sənəd imzalanması Azərbaycanın geosiyasi manevr imkanlarının genişlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına əlverişli şərait və dayanıqlı zəmin formalaşdırır.  Xüsusilə nəzərə almaq lazımdır ki, sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq milli təhlükəsizliyin qorunması və strateji məqsədlərin reallaşdırılması üçün çox əhəmiyyətlidir. Eyni zamanda, Vətən müharibəsində əldə etdilmiş zəfərdən sonra Cənubi Qafqazda yeni regional nizam, konfiqurasiya formalaşır. Burada əsas qüvvələr Azərbaycan, Türkiyə və Rusiyadır. Hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması yeni konfiqurasiyanı təsbit edir.

Bunlarla yanaşı, Kremlin SSRİ-nin bərpa olunması ilə əlaqədar fəaliyyət göstərməsi müxtəlif səviyyələrdə iddia kimi irəli sürülsə də, hazırkı reallıqlar bunu istisna və inkar edir. Bəziləri qeyd edirlər ki, Rusiya ilə müttəfiqlik Bəyannaməsınin imzalanması geriyə doğru addım, SSRİ-nin bərpası siyasətinin tərkib hissəsidir. Bu, çox bəsit - primitiv yanaşmadır. Çünki Azərbaycan məhz hər hansı bir ittifaqı nəzərdə tutan inteqrasiya proseslərinə (məsələn, Rusiya-Belarus ittifaqı) qoşulmadığına görə Rusiya Federasiyası ilə ikitərəfli sənəd imzalanır. Nəzərə almaq lazımdır ki, sənəddə tərəflərin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verilir. Belə olan halda, onu necə “SSRİ-nin bərpası” kimi dəyərləndirmək olar? Vladimir Putin Azərbaycan Prezidenti ilə təkbətək görüşündə də bu məsələyə toxunaraq qeyd edib ki, Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük, bu, əsla həqiqətə uyğun deyil. O vurğulayıb ki, Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi: “Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır”. Azərbaycan Prezidenti isə bu gün yeni vəziyyətin yarandığını, regionda bugünkü geosiyasi reallıqların dünya birliyi tərəfindən qəbul edildiyini diqqətə çatdırmaqla mövcud durumun konturlarını dəqiq ifadə etmiş oldu. Yeni geosiyasi reallıq isə Azərbaycanın suveren ölkə kimi müstəqil xarici siyasətini, Cənubi Qafqaz regionunun lider ölkəsi, müttəfiqləri ilə bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlığa malik olmasını və digər strateji məqamları ifadə edir. Ən əsası, Bəyannamənin birinci bəndində əksini tapmış məsələlər istənilən spekulyasiyanın yersiz və önəmsiz olduğunu göstərir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Prezident İlham Əliyevin Rusiyaya 48-ci səfəri zamanı imzalanan və 43 maddədən ibarət Bəyannamənin strateji əhəmiyyətinin nədən ibarət olduğunu daha yaxşı anlamaq üçün digər bir sıra məqamlara xüsusi nəzər salmaq lazımdır.

İlk növbədə qeyd etmək lazımdır ki, indiyədək iki ölkə arasında çox geniş müqavilə-hüquq bazası formalaşdırılıb, 245 sənəd imzalanıb. Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və digərləri bu baxımdan xüsusi önəm kəsb edir. Sonuncu Bəyannamə isə Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə çıxarır. Bəyannamənin səciyyəvi xüsusiyyətlərindən biri yeni geosiyasi situasiyanı, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqları - postmüharibə dövrünü əks etdirməsidir. Sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, Azərbaycanın milli maraqlarına tam uyğundur, postmünaqişə mərhələsində regional sülh və təhlükəsizliyin təmin olunmasına hədəflənən aydın mövqedir. Çünki üçtərəfli bəyanatların müddəalarının icra edilməsi erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tam çıxarılmasını, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların bərpasını və digər məsələləri ehtiva edir. Bu isə  proseslərin Azərbaycanın mövqeyinə və mənafelərinə uyğun cərəyan etməsi deməkdir. Separatizmə qarşı mübarizənin də Bəyannamədə öhdəlik kimi müəyyən olunması regional məsələlərə yeni reallıqlar əsasında baxışı ifadə edir. Yəni Qarabağ  münaqişəsi həllini tapıb, status və status-kvodan söhbət gedə bilməz.

Azərbaycan ilə Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə təkcə ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələlərini özündə ehtiva etmir. Bu, eyni zamanda, regional təhlükəsizlik məsələlərini və ya bölgədə ümumi təhdidlərə qarşı birgə - koordinasiya edilmiş fəaliyyəti də əks etdirir. Məsələn, Bəyannamədə Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur. Bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi vurğulanır. Bu, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanın timsalında etibarlı tərəfdaşla əməkdaşlığa xüsusi  önəm verdiyini göstərir. 

Bütövlükdə, güc mərkəzləri ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycana yeni imkanlar, mühüm üstünlüklər qazandırır. Bu, bəzi “eks­pert”lərin iddia etdikləri kimi, rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə, milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan istədiyi qərarı qəbul etməsinə əngəl yaratmır - mane olmur. Əksinə, Bakının geosiyasi təsir dairəsi genişlənir, milli təhlükəsizliyə yönəlmiş təhdidlərə qarşı mübarizə mexanizmi gücləndirilir, ölkə ayrı-ayrı güc mərkəzlərinin toqquşma məkanına deyil, uzlaşma və əməkdaşlıq məkanına çevrilir.  Konkret olaraq Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi siyasi-strateji və diplomatik avantajdır. Bakı Cənubi Qafqazda prosesləri öz geostrateji iradəsi, geosiyasi təqvimi isə öz vaxtı saatı ilə tənzimləyir.

Paylaş:
Baxılıb: 965 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31