Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Gücümüz- Xalqın iradəsidir!

Gücümüz- Xalqın iradəsidir!

24.09.2022 [10:11]

İlham Əliyev: Müharibədə də, həyatda da qələbə qazanırıq

Xalqımızın indiki nəslini sözün əsl mənasında xoşbəxt nəsil kimi səciyyələndirə bilərik. Son illərdə biz tarixi hadisələrə şahidlik edirik. Bu hadisələrin ən mühümü, heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun qazandığı şanlı Qələbədir. Postmüharibə dövründə isə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Özü də sırf öz gücünə, kənardan heç bir kömək, yardım gözləmədən. Sual yaranır: Bəs miqyasına görə kifayət qədər geniş olan bütün bu işləri görmək üçün Azərbaycanın enerji mənbəyi, hərəkətverici qüvvəsi nədədir? Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında bu sualın cavabını verib. “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”.

Lider-Xalq birliyi

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının təməlində dayanan əsas məqamdan- xalqın iradəsindən və birliyindən söhbət açarkən ölkəmizin reallıqlarına istinad edir. Həqiqətən də, müstəqillik yolunda inamlı addımlar atan Azərbaycanın nümunəsi fərqlidir. Müqayisələr apardıqda, görürük ki, respublikamızda müşahidə edilən sarsılmaz, illərin sınağından çıxan və getdikcə daha da möhkəmlənən Xalq-Lider vəhdətinə dünyanın heç bir yerində rast gəlinmir.

İlk növbədə, ölkəmizdə siyasi kursun varisliyinin təmin olunmasına diqqət çəkək. Biz dünyanın müxtəlif ölkələrində siyasi kursun tez-tez dəyişməsinin fəsadlara, sosial-iqtisadi problemlərə yol açdığının çox şahidi olmuşuq. Azərbaycanda isə müstəqilliyimizin ilk illəri istisna olmaqla, belə təzadlı hallar qətiyyən yaşanmır. Ölkəmizdə Lider-Xalq vəhdətinin təməlini ulu öndər Heydər Əliyev qouyb. Heydər Əliyev dünyada nadir siyasətçilərdən idi ki, iqtidarın uğurlarının sevincini daim xalqla bölüşür və taleyüklü məqamlarda da köməyi, dəstəyi məhz xalqdan gözləyirdi. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyev ilk dəfə xalqın inamını qazanaraq Prezident seçildikdən sonra dövlət başçısı vəzifəsinin icrasına başlayanda Ulu Öndərin siyasi kursunu davam etdirəcəyinə and içdi. Ötən 18 ildə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin öz vədinə, andına sadiq qaldığını müşahidə edir. Məhz bu yol, siyasi varisliyin təmin olunması müstəqil Azərbaycanı daim uğurlara daşıyır. Yenə də müqayisə aparaq. Bir sıra hallarda liderlərlə sıravi vətəndaşlar arasında keçilməz baryerlərin yaradıldığının, dövlətlərin öz siyasətlərini sırf nəzəri yanaşmalar əsasında qurduğunun şahidi oluruq. Yəni dövlət idarəçiliyi ilə bağlı ayrı-ayrı institutların, beyin mərkəzlərinin hazırladıqları, əsaslandırdıqları nəzəriyyələr var və həmin nəzəriyyələrə də tam şəkildə əməl olunur. Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik fəlsəfəsinin əsasında isə xalqa güvən amili dayanır. Dövlət başçısı Azərbaycanın milli maraqlarının təmin edilməsini, ölkədə vətəndaş məmnunluğunun artırılmasını hədəfləyən məqsədyönlü siyasət həyata keçirir. Azərbaycan geosiyasi baxımdan müxtəlif güclərin maraqlarının heç də hər zaman üst-üstə  düşmədiyi bir coğrafiyada yerləşir. Qonşuluqda ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyən işğalçı Ermənistan var. Belə bir şəraitdə dövlət başçısının Özünün də dəfələrlə ifadə etdiyi kimi, inandığı, güvəndiyi yeganə qüvvə xalqdır. Cəmiyyətdən gələn sosial sifarişlər Prezident İlham Əliyevin fəaliyyətinin əsas kredosunu təşkil edir. Biz dünyanın hansı ölkəsinin liderinin tribunalardan açıq şəkildə özünün və tabeçiliyində olan məmurların xalqın xidmətçisi olduqlarını açıq mətnlə ifadə etdiyinin şahidi olmuşuq? Yoxdur belə bir nümunə. Prezident İlham Əliyev isə bu qəbildən olan etirafları tez-tez cəsarətlə dilə gətirir və tabeçiliyindəkilərdən də xalqa ləyaqətlə, vicdanla xidmət göstərməyi tələb edir. Biz dövlət başçımızı vaxtaşırı ölkənin ayrı-ayrı bölgələrində ictimaiyyət nümayəndələri ilə birbaşa ünsiyyətə, görüşə qatıldığının şahidi oluruq. Bu ünsiyyətlər izsiz ötüşmür. Görüşlərdə vətəndaşların qaldırdıqları məsələlər dərhal nəzarətə götürülür və müvafiq qurumların fəaliyyət planına daxil edilir. Dövlət başçısı bildirir ki, poçtuna gələn bütün məktubları oxuyur, bir sıra problemlərdən mətbuat vasitəsilə xəbər tutur. Yenə də reaksiya operativ olur. Prezident İlham Əliyevin yanaşması belədir ki, problemlər harada varsa, dərhal aradan qaldırılmalıdır, bu məsələdə paytaxt və regionlar arasında heç bir fərq qoymaq olmaz. Yerlərdə vətəndaşları narahat edən məsələlərin həlli son nəticədə ölkənin problemlərinin həlli deməkdir. Son illərdə respublikanın müxtəlif bölgələrində daşqınlar, zəlzələlər, yanğınlar baş verdi. Belə həssas məqamlarda çətinliyə düşən insanların yanında olmağa tələsən kim oldu? Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva! Onların həyatın ağır sınağı ilə üzləşən insanlarla görüş səhnələrinin yaratdığı auranı, ab-havanı təsəvvür etmək çətin deyil. Tək olmadıqlarını, arxalarında dövlətin, ölkə Prezidentinin, onların həmişə “bizim Mehriban” deyə müraciət etdikləri birinci xanımın dayandığını görən insanlar bundan böyük təsəlli tapırlar. Prezidentin, birinci xanımın həyatın sınağı ilə üzləşən insanlara real yardımı da özünü çox gözlətmir. Prezidentin insanlara yönəlik siyasəti isə xalqda Ona inamı, güvəni artırır.

Növbəti müqayisəyə üz tutaq. Dünya çapında prezidentlər, yüksək ranqlı məmurlar illər ötəndən sonra cəmiyyətdə populyarlıqlarını itirirlər və onların reytinqləri sürətlə aşağı düşür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev barəsində demək əsla mümkün deyil. İllər ötür, ancaq Prezident İlham Əliyevə xalqın etimadı səngimir, əksinə daha da artır. Bu ümümxalq inamının arxasında dövlət başçısının Azərbaycan dövləti və xalqı naminə fəaliyyəti dayanır. Azərbaycan cəmiyyəti ötən dövrdə Prezident İlham Əliyevin milli mənafedən, xalqın iradəsindən kənar hansısa bir addım atıldığının şahidi olmayıb. Ən ümdə məsələlərdə həmişə xalqa üz tutulub və xalqın istəyi əsas götürülüb. Bunu biz artıq tarixdə qalan Dağlıq Qarabağ probleminin həllində də gördük. Münaqişənin həlli ilə bağlı danışıqlar prosesi uzun dövrü-üç onilliyə yaxın bir zaman kəsiyini əhatə etdi. Bu dövrdə masa arxasında dövlət başçımıza müxtəlif təzyiqlər göstərilməsinə cəhdlər az olmadı. Ancaq hər dəfə Prezident İlham Əliyev xalqın mövqeyinə istinad etdi və qətiyyət göstərərək Azərbaycanın ərazi bütövlüyü prinsipindən geri çəkilmədi. Bunu yuxarıda bəhs olunan çıxışında bir daha xatırladan Prezident İlham Əliyev vurğulayıb:  “Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik”.

Ordumuzun döyüş meydanında göstərdiyi şücaət

Üç onillik ərzində Azərbaycanın 20 faiz ərazisini öz nəzarətində saxlayan və buna görə heç bir beynəlxalq qınaqla, sanksiyalarla üzləşməyən Ermənistanın torpaq iddiaları getdikcə daha geniş miqyas alırdı. İşğalçı ölkənin yüksək ranqlı rəsmiləri heç nədən çəkinmədən bəyan edirdilər ki, yeni torpaqlar uğrunda yeni müharibəyə başlamaq lazımdır. Bu məqsədlə düşmənin silahlı qüvvələri keçmiş təmas xətti boyunca təxribatları intensivləşdirmişdilər. Belə genişmiqyaslı təxribatların biri  2020-ci il sentyabrın 27-də törədildi. Azərbaycan otuz il ərzində sülh prosesinə sadiq qalmışdı və danışıqlarda daim konstruktivlik göstərmişdi. Yeni genişmiqyaslı təxribat isə artıq qırmızı xəttin keçilməsi demək idi. Arxasında xalqının gücünü hiss edən Prezident, Ali Baş Komandan İlham Əliyev düşmən təxribatlarının qarşısını almaq məqsədilə əks-hücuma keçməklə bağlı qərar verməyə tərəddüd etmədi. Silahlı Qüvvələrin şəxsi heyəti,  bütün Azərbaycan cəmiyyəti dövlət başçısının bu qərarına yüksək həmrəylik nümayiş etdirdi.

Üç onillik ərzində sülh prosesinə sadiq qalan Azərbaycan paralel şəkildə öz Ordusunu gücləndirmişdi. Vətən müharibəsində şanlı Zəfərimizin təmin olunmasında Ordunun yüksək maddi-texniki təchizatı, silahlanmaya cəlb olunan müasir texnika mühüm rol oynadı. Azərbaycan XXI əsrin innovativ müharibəsini apardı və qalib gəldi. Silahlı Qüvvələri??z 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Müzəffər Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaəti xatırladan Prezident İlham Əliyev “Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu”, - deyə qürur hissi ilə vurğulayıb.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan 44 gündən sonra- 10 noyabr 2020-ci il tarixində onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və üzərinə bir sıra öhdəliklər götürdü. Həmin sənədin müddəalarına uyğun olaraq Azərbaycan Ordusu cari il avqustun 26-da Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində yerləşdi. Bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır”.

Müzəffər Ordumuzun gücü, qüdrəti öz yerində. Şanlı Qələbəmizin təmin olunmasında xalqın həmrəyliyi, Silahlı Qüvvələrimizin şəxsi heyətinə hakim kəsilən yüksək döyüş ruhu da mühüm rol oynadı. 44 günlük müharibə dövründə respublikamızda hamı özünü müsəlləh əsgər sanırdı və Orduya kömək barədə düşünürdü. Verilən məlumatlara görə müharibə günlərində düşmən tərəfdə təxminən 10 min fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə bir dənə də olsun belə fakt aşkarlanmayıb.

Şanlı Zəfərin həyatda davamı

Müharibə başa çatandan sonra düşmən tərəfdən belə iddialar səsləndirilirdi ki, Azərbaycanın geri qaytardığı ərazilərdə bərpa işlərini aparmağa və orada məskunlaşmanı təmin etməyə onilliklər lazım gələcək. Həqiqətən də, mənfur düşmənin qoyub getdiyi miras kədərli təəssüratlar oyadır. Erməni vandallar işğal dövründə nəzarətlərində saxladıqları 11 min kvadratkilometr ərazidə hər şeyi dağıdıblar və talayıblar. İnsanlığa yaraşmayan belə bəd əməlləri yalnız sivilizasiyadan bixəbər olan vəhşi tayfalar törədə bilərlər ki, bunu da ermənilər ediblər.

Ancaq Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərə xalqımızı güclü mənəvi tellər bağlayır. Ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımız düz üç onillik ərzində doğma yurd yerlərinə qayıtmağın həsrəti ilə yaşamışlar. Buna görə də güclü və məsuliyyətli dövlət olan Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunan ərazilərin bərpasına start verdi. Bu da ölkəmizin dünyaya nümayiş etdirdiyi bir nümunədir. Müharibədən çıxan ölkələr, adətən, itkilərinin yerini doldurmaq qayğısına qalırlar. Azərbaycan isə gözləmə mövqeyi tutmadı ki, bu da respublikamızın gücünü və məsuliyyətini göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpası, ora Böyük Qayıdışın layiqli  şəkildə təmin olunması ölkəmizin hazırkı strateji mərhələ üçün müəyyənləşdirdiyi beş milli prioritetdən birini təşkil edir. Müharibənin başa çatmasından cəmi iki ilə yaxın bir zaman kəsiyi ötüb. Ancaq ötən dövrdə bəhs olunan ərazilərdə onlarca infrastruktur layihəsi reallaşdırılıb və işlər intensiv şəkildə davam etdirilir. Artıq işğaldan azad edilmiş ərazilərə ilk sakinlərin köçürülməsinə də start verilib. Prezident İlham Əliyev bəhs olunan çıxışında işğaldan azad olunan ərazilərdə reallaşdırılan layihələrdən məmnunluqla bəhs edərək bildirib: “Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü - Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır”.

Digər istiqamətlərdə də nəzərdə tutulan layihələrin icrası uğurla təmin edilir. O cümlədən yaxın vaxtlarda Laçın şəhərinin bərpası işlərinə də başlanılacaq. “Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 245 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31