Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Gənclər, sözüm sizədir!

Gənclər, sözüm sizədir!

25.12.2021 [00:53]

Xaqani Şirvani, Nizami Gəncəvi, Nəriman Nərimanov və Almas İldırımın gənclərə nəsihətləri 

Müşfiqə BAYRAMLI

Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi, yüksək səviyyədə təhsil alması, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan gəncləri “Gənclər, mən sizə inanıram, güvənirəm”,- deyən Prezident İlham Əliyevin onlara ünvanladığı bu fikirləri, etibarı, etimadı hər zaman doğruldurlar. Gənclərimiz üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Onlar bu müqəddəs savaşda Prezident İlham Əliyevin ətrafında sıx birləşdi, qələbəmizə töhfəsini verdi.

“Fitnə törətmə, ey fitnəkar, cavan!”

Gənclərimizin tərbiyəsi məsələsi hər dövr üçün aktual olub. Xüsusilə də, intibah dövrünə qiyabi səyahət etsək, görərik ki, dahi şairlərimiz nəsihət məzmunlu şeirlər yazıb, öz şeirlərində gənclərin tərbiyəsi məsələsinə ciddi diqqət yetiriblər. Şübhəsiz ki, uzaq keçmişin bədii nümunələrindəki nəsihətlər bugünkü oxucu üçün faydalı olaraq qalır.

XII əsrdə yaşayıb-yaratmış böyük şair Xaqani Şirvani həyat təcrübəsi və müşahidələri əsasında “Gənclərə nəsihət” şeirini yazmağa qərar verir. Müdriklik zirvəsinə yüksəlmiş bir insanın hələ həyat yollarında ilk addımlarını atan gəncə şeirdə xitab edərək onu rəzil əməllərdən çəkinməyə  çağırır:

Fitnə törətmə, ey fitnəkar, cavan!

Fitnədir elləri dərdlərə salan.

Bu gün yoxdursa da kimsədə vəfa,

Vəsiyyət edirəm: olma bivəfa.

O, sözügedən şeirində dostluq məfhumuna da xüsusi diqqət yetirir. Şairin qənaətinə görə, dostluq edən kəs dostluğu yüksək qiymətləndirməli, dostun yolunda dünya malından belə keçməli və çətinliklərə dözməyi bacarmalıdır. Müəllif bu fikirləri davam etdirərək yazır:

Çalış az dostluq et, etsən də əgər,

Dostluqda möhkəm ol sözdə mötəbər.

Dostu qovanları alma yanına,

Yoxsa gözüm ağlar sənin halına.

Qırsa bir budağı dost hirslənərək,

O, cənnət ağacı olsa da, əl çək.

Özgənin əlilə adam olanlar,

Dost qədri bilməzlər, nankor olarlar.

Şair, həmçinin insana nəvazişli olmağı, lovğalanmamağı, nadana nemət üçün tərif yazmamağı, öz hünəri ilə şöhrət qazanmağı nəsihət edir. “Qorun pis adamdan, anla ki, onlar, əqrəb tək kor olar, ilan tək lal, kar” misraları ilə şair tövsiyələrini tamamlayır.

Məhəmmədin timsalında Azərbaycan gəncinə nəsihət

Heç şübhəsiz, valideynin övladına verdiyi tərbiyədən qiymətli miras yoxdur. Hər yaş dövrünün özünəməxsus xüsusiyyəti olduğunu yaxşı bilən dahi Nizami Gəncəvi bu məqsədlə “Oğlum Məhəmmədə nəsihət” şeirini müxtəlif poemalarında üç dəfə qələmə alıb. Birinci dəfə 7 yaş, ikinci dəfə 14 yaş və ən nəhayət, üçüncü dəfə Məhəmmədin 21 yaşı tamam olanda bu şah əsər ərsəyə gəlib. Görkəmli mütəfəkkir oğlu Məhəmmədin timsalında bir növ bütün gənclərə səslənib, onlara tərbiyəvi təsir göstərməyə çalışıb. “Xosrov və Şirin” poemasının sonunda 7 yaşlı oğluna xitabən deyirdi:

Yeddi yaşlı balam, gözümün nuru!

Dilimin əzbəri, qəlbim süruru.

Bilik kəsb etməklə dünyanı qazan,

Əsmanı oxu ki, məna alasan.

Elə namuslu ol, desin hər görən:

“Ağıllı oğluna, Nizami, əhsən! “

“Leyli və Məcnun” poemasının əvvəlində şair oğlu timsalında bütün yeniyetmələrə ilk nəsihəti elmə, kamala çatmaq olub. Nizami gəncləri qəflət yuxusundan ayılmağa, hünər, şücaət göstərməyə çağırır. Nizaminin deyil, hünərin balası olaraq aslanlar kimi cəbhələrdən keçməyi tövsiyə edir. Hər valideyn kimi övladının öz hərəkətlərindən xəcalət çəkib utanmaması üçün adına layiq işləri görməyə səsləyir:

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa,

Oğul, sözlərimə yaxşı qulaq as!

 Ata nəsihəti faydasız olmaz.

İsa mərifətli həkim ol, amma

 İnsanı öldürən bir həkim olma.

Nəsihətin sonu isə dillər əzbəri olan kəlamla tamamlanır:

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Məndən söyləməkdir, səndən eşitmək,

Bir insan əliboş gəzməsin gərək.

“Yeddi gözəl” əsərində isə oğluna hakimiyyətdən, siyasətdən uzaq durmağı, Allaha bağlanmağı tövsiyə edir. Oğluna yaxşı ad-san qoymuş insanlarla dostluq etməyi, zalımın zülmündən hər an özünü qorumağı, hünər göstərib xalqın sevgisini qazanmağı, ən əsası, gəncliyinin və sağlamlığının qədrini bilməyi vəsiyyət edir:

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Yatma, qoca kimi bu yolda, aman,

Zalımdan özünü qoru hər zaman.

Hünər ardınca qoş, xalqa hünər saç,

Qapılar bağlama, ər ol, qapı aç,.

Varkən sağlıq əldə, cavanlıq əldə

Sənindir hər murad, hər xoş əməl də.

Dünyada keçməsin boş cavan çağın,

Yol get ki, güclüdür indi ayağın.

Zəhmətdən incimə, yeni mədən aç!

Bu dünya əhlinə xəzinələr saç!

Oğluna heç vaxt çatmayan vəsiyyət

Nəriman Nərimanov sələfi Nizami Gəncəvi kimi oğluna tövsiyələrindən ibarət vəsiyyət edir. O da yeganə oğlu Nəcəfin timsalında bütün gənclərə hayqırışını çatdırır. Nərimanovun şansızlığı isə o idi ki, bu vəsiyyət xarakterli məktub heç vaxt oğluna çatmır. Çünki Nəcəf Stalinqrad döyüşlərində 1943-cü ildə həlak olur. Bu məsələ ilə əlaqədar araşdırma aparan Vəli Məmmədovun həyat yoldaşı xatirəsində bu barədə qeyd edib. Bildirilib ki, 1957-ci ildə Vəli Ukraynada Nəcəfin məzarını tapıb, atasının məktubunu qəbrinin üstündə oxuyub. Bununla da ürəyində təsəlli tapıb ki, bir atanın vəsiyyət məktubunu oğluna çatdıra bilib. Sözügedən vəsiyyəti ixtisarla sizə təqdim edirik:

“Əziz oğlum, Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin əgər mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən. Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir. Buna görə də əgər sən kütləni müvəffəqiyyətə, aldatmadan, öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, bu işdən imtina et...”

Azərbaycanın didərgin salınmış övladı

Vətənpərvər şair, Azərbaycanın didərgin salınmış övladı Almas İldırımın sürgün həyatı yaşaması hər kəsə bəllidir. İlk və son sözü elə Vətən olan şairin bütün şeirlərini Vətən həsrəti, qəriblik hüznü bürüyür desək, yanılmarıq. Onun Vətənə bağlılığı qədər gənclərə inamı da böyük idi. Bunu “Gənclərə ümidim var” şeirində aydın hiss etmək olardı. Şair yazırdı:

Sən aldırma içimdən yaralıyam, yaralı,

Burax keçsin gənc ömrüm fırtınalı, boranlı.

Mən bilirəm, sonunda çıxmam üzü qaralı,

Yurdumun gənclərinə ümidim, imanım var...

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

 

 

 

Paylaş
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Müsahibə

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31