Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 29 il əvvəl yaşanan hisslər...

29 il əvvəl yaşanan hisslər...

23.07.2022 [11:54]

Beynəlxalq auditoriya üçün fundamental film: “Parabüzən”

1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı “Global Media Group”un dəstəyi ilə film çəkilir. “Parabüzən” adlı filmin ssenari müəllifi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri, jurnalist Ayaz Mirzəyevdir. Çəkilişlər Laçın və Kəlbəcərdə baş tutub.

30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızda çəkilişlərin baş tutması, yaşanan fərqli  hisslər barədə filmin ssenari müəllifi Ayaz Mirzəyevlə həmsöhbət olduq:

- Necə oldu ki, belə bir filmin çəkilməsinə qərar verdiniz?

- Filmin hekayəsi olmuş hadisələrə əsaslanır. Artıq baş verən hadisə ilə bağlı bir kitab da hazırlanıb və ictimaiyyətə təqdim olunub. Həmçinin vətəndaşlarımızın Laçın və Kəlbəcərdə erməni mühasirəsində  olduğuna dair müxtəlif məqalələr də yazılıb. Amma bizim filmimizi və səfərlərimizi önəmli edib belə bir filmin çəkilməsinə şərait yaradan məqam əlbəttə ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızı azad etməsi oldu, Laçında və Kəlbəcərdə baş vermiş 29 il əvvəlki hadisəyə yeni prizmadan yanaşmağa həvəsləndirdi. Çünki ekran əsərində nəql olunan hadisələrin cərəyan etdiyi yerlər işğaldan azad edilib və biz hadisə şahidləri ilə birlikdə ora çox rahatlıqla gedə bilərdik. Ona görə də belə bir filmin yaranma ideyası ortaya çıxdı. Filmin ideya müəllifləri “Global Media Group” şirkəti ,”Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və redaktoru İmdad Əlizadədir. Onlarla birgə bu ideyanı və filmi müzakirə etdik. Beləliklə, qərar verdik ki, Laçına gedək, dağlar arxasında sağ qalma mücadiləsi aparan 19 nəfər azərbaycanlının hekayəsini vizuallaşdıraq və sənədli film çəkək.

- Niyə məhz “Parabüzən”?

- İcazənizlə film ictimaiyyətə təqdim olunana qədər adının niyə “Parabüzən” olduğunu söyləməyim. Ümumiyyətlə, rejissor və ssenari müəlliflərinin belə bir adəti var ki, onlar ekranlarda yayımlanan zaman filmin nə üçün həmin adda olduğunu düşünmələrini tamaşaçılardan öyrənməyi  arzu edirlər. Bu baxımdan da film yayımlanmadan öncə onun adı ilə bağlı detalları açıqlamırlar. Tamaşaçılar baxandan sonra onlara məlum olacaq ki, film nə üçün “Parabüzən” adlanıb.

- Neçənci dəfə Laçın və Kəlbəcərə gedirdiniz?

- İlk dəfə idi.

- Hansı hissləri keçirdiniz? 

- Kəlbəcər haqqında, onun təbiəti, füsünkar flora  və faunası barədə çox eşitmişdim. Gördüyüm gözəllik qarşısında heyran oldum. Belə gözəlliyi təsəvvür etsəm də, canlı olaraq buna şahid olmamışdım. Həqiqətən də gözəl, fərqli və əvəzolunmaz hisslər idi. Həmin gözəlliklərə canlı şahid olmaq mənə çox təsir etdi. Çəkdiyim bəzi şəkilləri də sosial şəbəkədə paylaşdım.  Gəncliyimiz bu ərazilərin işğal altında olması ilə bağlı tarixi öyrənməklə keçib. Nəhayət, işğaldan azad olan torpaqlarımıza ayaq basa bildik. Azərbaycan Ordusuna rəhbərlik edən Müzəffər Ali Baş Komandanın, şəhidlərimiz və qazilərimizin, ümumiyyətlə, bütün xalqımızın sayəsində belə bir təsirli və o dövrlərə işıq açacaq film çəkə bildik.

- Filmin qəhrəmanlarını tapmaq çətin olmadı ki?

- Xeyr. Çünki mühasirədə qalmış, Birinci Qarabağ müharibəsinin veteranı Əli Əliyevin oğlu İmdad Əlizadə həmin vətəndaşların tapılmasında böyük işlər gördü. O, mühasirədə qalanların siyahısını tutmuşdu və bu səfərin təşkil olunmasında aparıcı şəxslərdən biri idi. Həqiqətən də çox ağır bir işi həyata keçirmişdi, 19 nəfər arasında sağ qalanları, hazırda Azərbaycanda olanları axtarıb tapmışdı və onları bir yerə toplayıb həmin ərazilərə aparmağımza vəsilə olmuşdu.

- Bir az da çəkilişlərin gedişindən danışaq...

- Çəkilişlər 19 nəfərin mühasirəyə düşdüyü Kəlbəcərin Çaykənd kəndindən başladı, mühasirədə qaldıqları ərazi Laçının Oğuldərə kəndinə qədər davam etdi. Oğuldərə kəndindən təxminən 10 kilometr məsafədə yerləşən evlər və kahalarda çəkilişlər apardıq. Vətəndaşlarımız həmin kahalarda 54 gün mühasirədə qalmışdılar. Orada qalanların əşyaları var idi. Demək olar ki, baş verən hadisənin cərəyan etdiyi bütün ərazilərdə olduq.

- Mühasirədə qalanlar baş verənləri danışarkən hansı hissləri keçirdilər?

- Çox duyğusal anlar yaşayırdılar. Mühasirədə qaldıqları yerləri yenidən görüb kövrəldilər, verdikləri reaksiyalar çox təsirli idi. Çəkilişlərimizi edib Güləbird kəndinə getdik. Güləbird əsirlərin Laçındakı sonuncu məntəqəsi idi. Onlar Oğuldərədən üzü Güləbird kəndinə doğru getmişdilər və Güləbird kəndi artıq Azərbaycanın nəzarətində idi, orada xilas olmuşdular.

- Onların yaşadıqlarını dinləmək sizə necə təsir etdi?

- Kifayət qədər təsirlənmişdik, çünki hekayənin özü həmin ərazilərə getməmişdən qabaq bizdə fərqli duyğular yaratmışdı. Hadisə şahidlərinin göz yaşı və duyğusal anlarını görmək fərqli bir hiss idi. Onlar xatirələrini danışanda necə çətin hisslər yaşadığını görürdük. Mühasirədə qalan insanlar arasında qadın, milliyyətcə rus olan Azərbaycan vətəndaşı və Birinci Qarabağ müharibəsində Azərbaycan silahlı qüvvələrinin heyətindəki müharibə iştirakçısı, mülki şəxslər, özünümüdafiə batalyonunun əməkdaşları olub. Səfərdə 19 nəfər deyildi, 30 il öz sözünü demişdi, çünki bəziləri haqqın dərgahına qovuşub, bəziləri də Azərbaycanda yaşamır. Amma bununla da çox təsirli anlar yaşadıq. Mühasirədə olanlar baş verənləri danışarkən, o yerləri yenidən görərkən bizim üçün də çətin idi. Lakin hesab edirəm ki, çox gözəl səfərimiz baş tutdu.

Həmin ərazilərdəki ucsuz-bucaqsız təpələr, vətəndaşlarımızın mühasirədə qaldıqları kaha və dağlıq ərazilər olsa da, Laçının füsunkar təbiətini görəndə tamamilə başqa ruh vəziyyətinə keçdik və həmin hissləri keçirdiyimiz üçün bir növ məmnunluq hissi yarandı. Çətin anlar yaşasaq da, səfərimizin qürurlu və fərqli tərəfləri daha çox idi. Əminəm ki, filmin ərsəyə gəlməsində iştirak edən bütün yaradıcı qrupumuz da mənimlə eyni hissləri yaşayıblar.

- Film nə zaman ekranlarda olacaq?

- Konkret zaman deyə bilmərəm, avqust və ya sentyabr ayında yayımlana bilər. Təbii ki, filmin hazırlanması, fotolar və videoların toplanması ilə bağlı ciddi işlər görülür. Hazırda film çəkilişlərinin bir hissəsi başa çatıb, əlavə olaraq digər hissəsinin də Bakıda çəkilməsi nəzərdə tutulur. Bundan sonra montaj işinə başlayacağıq. Əminəm ki, ortaya keyfiyyətli iş qoyacağıq.

- Başqa ölkələrdə yayımlanmasını düşünürsüz?

- Bəli. “Parabüzən” yalnız  Azərbaycan auditoriyası yox, eyni zamanda beynəlxalq auditoriya üçün də fundamental bir sənət əsəri olacaq. Başqa xalqlar da baxsınlar, ən azından tarixi məlumatlarımızla tanış olub, fədakar vətəndaşlarımızın, eyni zamanda qaçqın və məcburi köçkünlərimizin üzləşdiyi çətinlikləri görsünlər. Çalışacağıq ki, rəqabət qabiliyyətli və keyfiyyətli sənədli film ərsəyə gəlsin. Çünki buna çox ehtiyac var.

Söhbətləşdi: Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 194 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31