Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “İrəvanın yolları”nda nədən bəhs edilir?

“İrəvanın yolları”nda nədən bəhs edilir?

03.10.2020 [09:01]

Tanınmış ictimai-siyasi xadim, yazıçı Səyyad Aran Qarabağ mövzusuna həsr olunmuş bir sıra əsərlərin müəllifidir. Xatırladaq ki, S.Aranın bundan öncə çap olunan “Başdaşı” romanı da məhz sözügedən mövzuya həsr olunub. Onun “İrəvanın yolları” romanı isə çap olunmaq ərəfəsindədir. Bu romanı maraqlı edən bir məqam da odur ki, romanda təsvir edilən Lələtəpə uğrunda döyüşlər zamanı mövcud olan əhval-ruhiyyə indiki əks-hücum əməliyyatlarında da geniş şəkildə özünü göstərir. Belə ki, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlıq bu gün də təkrar olunur. Aprel döyüşlərində olduğu kimi, indi də dünyanın bəzi aparıcı ölkələrinin dövlət başçıları əks-hücum əməliyyatlarının dayandırılmasını tövsiyə edirlər. Qeyd edək ki, 2016-cı ildə Azərbaycan tərəfi həmin dövlət başçılarının tövsiyələri ilə razılaşdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistana dəfələrlə Azərbaycan tərəfinin şərtlərini xatırlatdı, danışıqları konstruktiv istiqamətdə aparmağı təklif etdi. Ancaq təəssüf ki, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan tərəfi geri çəkilmək və konstruktiv mövqe sərgiləmək əvəzinə bu 4 il müddətində sülh danışıqlarını pozmaq üçün bütün vasitələrə əl atdı. Ermənistanın indiki hakimiyyətinin 1 ilə yaxındır ki, tutduğu mövqe və ortaya atdığı şərtlər isə danışıqlar prosesinin pozulmasına gətirib çıxarıb. Bununla yanaşı, işğalçı Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını daha da genişləndirib. Buna cavab olaraq Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı müzəffər yürüşü dayandırmaq üçün ABŞ, Fransa və digər dövlətlər başda olmaqla, bəzi ölkələrin rəhbərləri hərəkətə keçiblər. Lakin biz bu təcrübəni yaşadığımız üçün bu dəfə qarşımıza Vətən torpaqlarını azad etmək naminə sona qədər döyüşməyi əsas məqsəd kimi qoymuşuq.
Qeyd olunduğu kimi, “İrəvanın yolları” romanı 4 il bundan qabaqkı hadisələri əhatə etsə də, orada təsvir olunanlar yuxarıda toxunulan məsələlər baxımından bugünkü hadisələrlə səsləşir və öz aktuallığını qoruyur. Məhz bu cəhətləri nəzərə alaraq kitab çap olunmamışdan əvvəl romanın bəzi hissələrini ixtisarla oxucuların diqqətinə çatdırmağı lüzum bildik.
* * *
Bu gün kazarmada İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, mayor Səfərovun əsgərlərə siyasi dərsi olacaqdı. İndilərdə gəlməliydi. Adətən, əsgərlər zabitlərə “cənab komandir!” - deyə müraciət edirdilər. Mayor Cəfər Səfərova “müəllim” deyilməsi siyasi dərs keçməsiylə bağlıydı.
* * *
Baş kazarma yastı təpədəki adsız yüksəklikdə yerləşirdi. Düşmən tərəfdən nə qədər baxsalar da, bayaq dediyimiz kimi görünmürdü. Bir azdan İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini Səfərov gələcəkdi. Əsgərlər onu yenə böyük şövqlə gözləyirdilər. Və ləzzətlə onunla Şairin arasında olacaq növbəti mübahisəni izləyəcəkdilər.
Cavuş Rauf ali təhsilli müəllimdir - Pedoqoji Universitetin tarix fakültəsini bitirmişdi - əli ilə, emosional, yüksək pafosla, sual ədatlarıyla danışırdı. Tez-tez sitatlar gətirdiyinə, şeirlər dediyinə görə onu hamı belə çağırırdı: - Şair!
Doğrudan, yaraşırdı da! İndi də emosional tərzdə əsgərlərə nəyi isə izah edirdi. Yenə öz ampulasındaydı.
* * *
Çox baş alıb gedəcəkdi. Cəfər müəllim kazarmaya girdi. Əsgərlər ona qısaca rusca “zampalit” deyirdilər. Deyəsən yol gələ-gələ Şairin dediklərini eşitmişdi.
- Gəl dəə, gəl mənim əvəzimdən dərs keç! Bu günkü mövzun nədir?
Cəfər müəllim istehza ilə gənc əsgərə yerini bildirmək, onu pərt edib susdurmaq istəyirdi. Amma tamam başqa situasiya ilə qarşılaşdı. Rauf, elə bil, bu təklifi gözləyirmiş. Ayağa qalxıb irəli çıxdı. Əsgər yoldaşlarına baxıb “fərəqət” vəziyyəti aldı. Şəxsi heyət üzrə müavin ağır-ağır onun yerində əyləşdi. Elə bil, iynə üstündə otururdu. Buşlatını çıxartmadı. Hələ martın soyuq günləriydi. Nəsə, yorğun idi. İçəri girəndən hiss olunurdu.
- Mövzum... - Şair duruxdu... Hər millətin öz ərazisini müharibə yolu ilə azad etmək haqqı.
Cəfər müəllim duruxdu. Yox, bu təzə söz oldu. Həmişəki öcəşməyə oxşamayacaqdı. Dönüb əsgərlərə baxdı. Onlar da heyrətlə Raufu süzürdülər. Onlar üçün də bu sözlər gözlənilməz idi. “Nə dedi? Öz torpaqlarını azad etmək haqqı? Bu nə mənaya gəlir? Nəsə yeni bir söz olacaq. Yoxsa müharibəni deyir? Sən nə olarsanmış, Şair! Gör zampaliti necə qurutdu?..”
Cəfər müəllim nə edəcəyini bilmədiyindən lap təzəcə dən düşmüş saçlarını barmaqlarıyla daraqlayıb sual verdi.
- Əsas arqumentin nədir?
* * *
- BMT Nizamnəməsinin 51-ci maddəsi.
- Nə deyilir orda?
* * *
Rauf təmkinlə cavab verdi: - Əzbər deyim?
- De...
* * *
- “Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlər Təşkilatının üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirləri görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdafiə hüququna xələl gətirmir”.
Rauf sözünü bitirib ağır yükdən azad olmuş kimi dərindən nəfəs alıb mayora baxdı.
* * *
Birdən hamı mayor Səfərovu axtardı. Yerindəydi. Amma elə bil bayaq əzgin halda qapıdan girən və ərincəkliklə danışan şəxsi heyət üzrə müavin deyildi. Dirilmişdi. Geniç açılmış gözləri ilə Şairə baxırdı.
- Hardan bilirsən bunu?
- Oxumuşam...
- Yaxşı əzbərləmisən.
- Yox e, cənab mayor, de görüm düz deyirəm, ya yox.
Mayor Səfərov dirənmişdi. Mövzu təzə deyildi. Çoxdan bəri əsgərlər arasında, elə camaat da niyə Azərbaycan Ordusunun hücuma keçib ermənilərin dərsini vermədiklərini bilmək istəyirdilər. Ancaq məsələ kazarmada, əsgərlər arasında belə siyasi səviyyəyə qalxmamışdı.
- Bilirsən... Bəzi məsələlər var ki, bunlar dildə asan deyilir. Beynəlxalq hüquq var... Heç bir dövlət özbaşına deyil. Daha doğrusu, bizim kimi dövlətlər. Biz Amerika, Rusiya, Çin... deyilik. Yeri gələndə onlar heç kimdən icazə-filan almadan öz bildiklərini eləyirlər, özlərindən yeni qanun yazır, düzəlişlər edir, bir sözlə, dünyaya meydan oxuyurlar. Bir neçə ildir müstəqillik əldə etmişik. Amma müstəqil siyasət qurmağa imkan vermirlər. İndi dünyada əslində güc qanundur. Xüsusən bayaq adını çəkdiyim dövlətlər üçün. Onlar beynəlxalq hüququ bəzən heç tanımırlar.
- Beynəlxalq hüquq deyir ki, get başqasının torpağını zəbt elə, mıxlan qal orada, çıxma?... - Şair özünü saxlaya bilməyib Səfərovun sözünü kəsdi.
- Oğlum, əvvəl beynəlxalq aləmi hazırlamaq lazımdır. Bilirsiniz ki, qəfil hücuma keçib əsgərləri öldürməyi heç kim qəbul etmir, mülki insanları qırmağı isə ümumiyyətlə vəhşilik hesab edirlər. Əks-təqdirdə, biz embarqolara, ciddi sanksiyalara məruz qalarıq. Azərbaycanın karbohidrogen ehtiyatlarını müstəqil şəkildə qonşu böyük dövlətdən yan keçirərək Avropaya çıxarması həmin dövlətin heç də xoşuna gəlmir. Dahi Heydər Əliyev bunu elə ustalıqla həyata keçirdi ki, bir də baxıb gördülər qatar artıq gedib. 1994-cü ildə bağlanan neft kontraktlarını pozmağa cəsarət etmədilər. Dünya ilə üz-üzə gəlməkdən çəkindilər. Görürsən, müstəqil dövlət olsan da, sənin də cəsarət edə bilmədiyin məsələlər var.
- Belə çıxır ki, biz hələ çox gözləməli olacağıq?
* * *
- Ermənistanda vəziyyət getdikcə gərginləşir. Demək olar ki, əhali dayanmadan ölkəni tərk edib gedir. Hökümət böhranı günbəgün artır. Hakimiyyyətdə olan Qarabağ klanı ilə yerlilərin münaqişəsi hər gün qəlizləşir. Orada camaat lap boğaza yığılıb. Azərbaycanla müqayisədə Ermənistanda həyat yerində sayır. Biz regionun aparıcı ölkəsiyik. Bu qəzet sözü deyil. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir qlobal problem həll yolunu tapa bilmir. Bütün neft-qaz layihələri, İpək yolu, mühüm beynəlxalq toplantıların yeri-məkanı Bakıdır. Görmürsünüz, ölkəmiz, paytaxtımız necə inkişaf edir? Hücuma keçib torpaqlarımızı azad etmək artıq regionun ən qüdrətli ordusuna çevrilmiş Azərbaycan Ordusu üçün çətin bir məsələ deyil. Zamana ehtiyacımız var.
- Daha bir 23 ilə? - Şair yenə dilini dinc qoymadı.
- Yox... Bu dəfə o qədər çəkməyəcək.
- Bircə onu bilirəm ki, donuza “kiş” deməklə darıdan çıxmaz. Gərək möhkəm bir zopa tutuzdurasan ki, rədd olub gedə.
Hamı fikrə getdi. Elə mayor Səfərov da. Həqiqət ortadaydı. Mayor Səfərov da bunu anlayırdı. Ancaq nə etsin, belə danışmalıydı... Rauf yenidən davam etdi.
- Cənab komandir! Məni yandıran odur ki, ermənilərlə münaqişədə tarix boyu baş verən bütün hadisələr - ya vəlvələdən, ya zəlzələdən - bizim əleyhimizə, zərərimizə baş verib. Uzağa getmirəm! 1918-ci ildə Ermənistan Respublikası yarananda onlara paytaxt kimi qədim şəhərimiz İrəvanı bağışladıq.
Səfərovun əvvəlcə qaşları çatıldı, sonra üz-gözü turşudu. Rauf fikrini yumşaltdı.
- ... güzəştə getdik.
- Sən tarixi şəraiti və zamanı unudursan. O zamanlar Kamçatkadan Yerevana, Orta Asiyadan Saxalinədək hamısı bizim böyük Vətənimiz idi.
- Yaxşı, hələlik belə deyək... Buna nə deyirsiniz? Sovet dövrü dədə-babadan türk adları ilə adlandırılmış ərazilərimizin adlarını dəyişdirdilər, “dostluq, qardaşlıq” naminə ağzımıza su aldıq. Gorbagor Leninin “Muğan düzündə pambıq məsələsini güclü irəlilətmək lazımdır” sözünə görə 1948-ci ildə soydaşlarımızı vəhşicəsinə min illərdən bəri yaşadıqları yerlərdən sürgün etdilər. O zaman başbilənlərimiz susdular. Dağlarda, gözəl çəmənliklərdə, bulaqların başında yaşayan millətimizi Muğanın, Milin ilan mələyən çöllərinə tökdülər, səssiz qətliama sürüklədilər. Bulaq suyu içmiş insanlar kanal lehməsini, yerdən çıxan duzlu artezan suyunu içib qırıldılar. Uşaqların qarınları şişdi, partdam-partdama düşüb bir tərəfdən də alışmadıqları istiyə dözə bilmədiklərindən kütləvi şəkildə tələf oldular. Bəzi ailələr geri qayıtdılar, amma doğma yurdlarında qaçaq kimi yaşadılar. Gündüzlər gözə görünmürdülər, tutsaydılar, türməyə basıb ölüncə döyəcəkdilər, bu dəfə geri qaytarılanda da özümüzünkülər öldürəcəkdilər. Ermənistan ərköyün uşaq kimi həmişə dotasiya ilə yaşadı. Biz İttifaq büdcəsinə neftimizin, qazımızın, pambığımızın hesabına milyonlar qazandırırdıq. Halbuki ermənilərin iqtisadi resursları sıfıra bərabər idi. Konyak, ərik, mis, molibdenlə büdcə doldurmaq olar? Amma Ermənistanda həyat şəraiti həmişə bizim ölkədən üstün idi. Niyə belə olurdu?
* * *
Cəfər müəllim Raufun sözünü kəsmirdi. Ona etiraz etmək, “yoox, bilirsənmi, məsələ bir az başqa cürdür” demək söyüş gətirən hərəkət olardı. Bütün bunları Cəfər müəllim də bilirdi. Elə diqqətlə qulaq asan əsgərlərin də hamısının gözləri alışıb yanırdı. Yumruqları qəzəblə düyünlənmişdi, bu saat istənilən adamı həmin o yumruqlardan biri ilə o dünyaya göndərmək olardı. Kin, qəzəb, nifrət aşıb-daşırdı. Şair zalım oğlunun da bu gün ilhamı aşıb-daşırdı. Dayanmaq bilmirdi. Bütün tarix yadına düşmüşdü.
- Sovet dövründə nə torpaq mübahisəsi olubsa, hamısı ermənilərin xeyrinə həll olub. Yadınızdadı, Qazax rayonun Kəmərli kəndindən verilən torpaqlar? Birdən-birə düz 400 hektar! Hələ Aşağı Əskiparadan, Yuxarı Əskiparadan alınıb verilənləri demirəm. “Əşşi, yazıqdılar, hər tərəfləri daşdır, qayadır, düz əməlli əkin yerləri yoxdur. Bir az torpaq verək, əkib-becərsinlər, ölməsinlər”. Amma gördüüz, hara gəlib çıxdılar?
Bir çox şeyləri hamı bilirdi. Amma Şair kimi məntiqlə, ardıcıl, dəqiqliklə şərh edə bilmirdi. Bəlkə də, təəccüblü bir şey yox idi, Rauf öz ixtisası üzrə danışırdı.
* * *
Rauf elə yaxşı təhlil edirdi ki, bəzi məsələlər Cəfər müəllimi də çoxdan düşündürürdü. Amma onun kimi bunları emosional şəkildə söyləyə bilmirdi. Bəlkə də, başqası olsaydı, acıqlanıb onun sözünü ağzında qoyar, ya da danışmağa imkan verməzdi. “Nizamnamədən kənara çıxma!”
* * *
Otaqda dözülməz dərəcədə gərginlik vardı. Əgər əsgərlər bu saat silahlarını götürüb əmrsiz-zadsız Lələtəpənin zirvəsinə cumsaydılar nə Cəfər müəllim onların qabağını saxlaya bilərdi, nə də hər hansı başqa zabit. Hətta general belə bu qəzəbin qarşısında dayana bilməzdi. Şair əsgərləri hədsiz dərəcədə şövqə gətirmişdi. Cəfər müəllimin səssizliyi, deyilən arqumetlərə heç bir cavab verə bilməməsi, fikirli-fikirli yerə baxması Raufun tam haqlı olmasına dəlalət edirdi. O, bu günün şəksiz qəhrəmanı idi.
- Guya münaqişəni həll etmək üçün Minsk qrupu yaradılıb. Əslində, onların məqsədi münaqişəni uzatmaq, Azərbaycanı təslimci sülhə razı salmaqdır. Budey, bunu görərlər, - Rauf baş barmağını şəhadət və orta barmağının arasına soxdu, auditoriya vəcdlə onu alqışladı, hay-küydən qulaq tutuldu, Səfərov heç kimə heç nə demədi.
- Onların təmsil etdikləri ölkələr bu münaqişənin həllində qətiyyən maraqlı deyillər, turist kimi gəlib gəzib, yeyib-içib gedirlər.
* * *
Siyasi dərs qurtarmışdı. Hamı fikirliydi. Hamı bəlli suala cavab axtarırdı. Əslində, cavab elə də çətin deyildi. Hər şey ortadaydı...

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31