Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu dünyada türk olmaq

Bu dünyada türk olmaq

19.11.2021 [11:04]

Dünya türkündür-Dünya türkdür

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Bahçəli Prezident Ərdoğanla görüşdə ona çox mənalı bir hədiyyə bağışlayıb. Bu, dünyadakı bütün  türklərin yerləşdiyi əraziləri əks etdirən böyük Türk Dünyasının xəritəsi idi. Türkün gücünü bilənlərin kürkünə birə daraşıb. Şimal, Cənub, Şərq, Qərb bu fotodan şoka düşüb, haray-həşir salmaqdadır. Nəyə işarə vurulduğunu dərk etməmək  üçün kor olmaq lazımdır.

Bu dünyada türk olmaq çətindir, türkün düşməni olmaq daha çətindir.

Böyük tufandan əvvəl və sonra

Ən azı iyirmi beş min illik dövlətçilik tarixinə malik olan, qəbilədən, tayfa, xalq və nəhayət millət mərhələsinə yüksəlmiş türklərin tarixi  indiyə qədərki tədqiqat əsərlərində saxtalaşdırılıb, ideoloji-siyasi sistemin maraqlarına tabe edilib. Əsrlər boyu Çin, Orta Asiya, Sibir, Hindistan, Rusiya, Əfqanıstan, Xorasan, Yaxın Şərq, İran, Azərbaycan, Qafqaz, İraq, Anadolu, Suriya, Rumeli, Şərqi və Orta Avropa, Balkanlar, Misir və bütün Şimali Afrikada hökmranlıq etmiş, tarix boyu bir çox dövlətlər və imperatorluqlar qurmuşlar. Bunlardan Turan, Aratta, Kuti, Lullu, Elam, Manna, Midiya, İskit (Saka, Skif), Alban, Şumer, Şərqi Hunlar, Qərbi Hunlar, Ağ Hunlar, Xəzərlər, Göy Türklər, Uyğurlar, Qarluqlar, Bulqarlar, Qaraxanlılar, Qəznəvilər, Xarəzmlər, Səlcuqlular, Moğollar, Tulunilər, İxşidilər, Osmanlılar, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar tarixdə danılmaz iz buraxmış imperatorluqlar olub.

Tarixçilər türk tarixini şərti olaraq üç böyük dövrə bölürlər. Birinci dövr ən qədim dövrlərdən başlayaraq “Nuh tufanı”na qədərki dövr, ikinci dövr “Tufan”dan sonra İsa Məsihə qədərki dövr, üçüncü dövr  bizim eranın başlanğıcından günümüzə qədərki dövrdür. 

Dünya tarixşünaslığı Türk tarixini eradan əvvəl IV əsrdə böyük imperatorluq qurmuş Hun Türklərinə bağlayır. Lakin türkün keçmişinin 70 min il daha qədimə bağlı olduğunu deyən britaniyalı tarixçi də var. Dünyanın məşhur arxeoloqları, etnoqrafları bəşəriyyətin yaddaşından silinən Mu və Atlanta qitələrini tarixin ən qədim sivilizasiya mərkəzləri hesab edirlər.  Alim Ceyms Çörçvod  Sakit okeanda batmış “Mu qitəsi”ni aşkar etməklə ən qədim və böyük bəşəri mədəniyyəti üzə çıxardı.

Ceyms Çörçvorda görə, 70 min il öncə Mu qitəsindən dörd müxtəlif yolla Asiya, Avropa, Afrika və Amerika qitələrinə yayılanlar bu qitələrə öz mədəniyyətlərini də aparıblar. “Maya” adı ilə Mu qitəsindən  Asiyanın şərq bölgələrinə yayılanlar “Uyğur”,  “Maya” adı ilə Hind-Çinə gedənlər “Nağa-Maya”,  Afrikanın şərqində, Efiopiya ərazisində yurd salanlar “Maya” adı, Amerika qitəsində yerləşən qruplar isə Mayyalar kimi tanınıblar. Bu qədim Mu qitəsində tarixin ilk imperatorluğu olan Günəş İmperatorluğu yaradılmışdı. Günəş İmperiyasının müstəmləkələri olan Quzey, Orta və Güney Amerika, Qərbi Avropa, Misir, Babilistan, Anadolu, Birma, Hindistan və qədim Uyğurustan mədəniyyətləri Mu mədəniyyəti əsasında formalaşmışdı.

Ceyms Çörçvorda görə Uyğurlar 70 min il əvvəl Mu qitəsindən çıxıb Günəş İmperatorluğundakı böyük mədəniyyəti, dili və dini sonradan dünyaya yaymışlar. Alimə görə, Atəşpərəstlik, Musəvilik, Xristianlıq və İslamiyyət kimi tək Tanrılı dinlərin təməlində Günəş İmperiyasının dini dayanır.  O, xüsusi olaraq qeyd edir ki, Musa Peyğəmbərin “Tövrat”ı Mu qitəsinin dili və yazısı olan Maya və Uyğur dili və yazısı ilə qələmə alınmış Nağa-Maya mətnlərinin tərcüməsi, surətidir. Alimin fikrincə, istər Tövrat, istərsə də İncil Günəş İmperiyasının vəhy edilmiş müqəddəs mətnləri əsasında yaranıb. Zəlzələ nəticəsində Mu qitəsinin Sakit Okeana qərq olması ilə Günəş İmperatorluğu süquta uğrayıb, onun müstəmləkələrinin bəzisi yeni imperatorluqlar qurmuşlar ki, bu imperatorluqlardan ən əzəmətlisi Böyük Turan İmperatorluğu olmuşdu.

Azərbaycan da qədim Turan İmperatorluğunun tərkibində olmuşdur. Bunu nəzərə alan Azərbaycan alimi Qara Namazov göstərir ki: “Uyğurların (Turanlıların) əhatə etdiyi coğrafi ərazi bizim Qobustanı da öz içərisinə alır. Qədim Uyğur İmperiyasında (Turan İmperiyasında) baş verən “Tufan” Qobustandan da yan keçməmişdir. Qobustan təsvirlərinin də ən qədim nümunələri elə Uyğur (Turan) qayaüstü təsvirlərinin demək olar ki, eynisidir. Belə çıxır ki, Qobustan abidələri 5,8 min il əvvələ yox, (tarix kitablarımızda  Qobustan qayaüstü rəsmlərini eradan əvvəl VII minilliyə aid edilir) Uyğur İmperiyasının  yaşadığı dövrlərə, yəni 20 min il əvvəllərə aiddir. Qara Namazov hesab edir ki, Uyğurların, yəni Türklərin güney Qafqazda 20 min il öncə bir İmperiya kimi yaşamaları ehtimalı böyükdür. Alim göstərir ki, Naxçıvandakı Gəmiqayanın tarixi də Uyğur İmperiyasının Turan İmperiyasının tarixi qədərdir, yəni 20 min il “Tufan” nəticəsində Turan İmperatorluğunun çökməsindən 8 min il sonra Asiyada müxtəlif dövlətlər meydana gəlmişdir. Bu dövlətlərə Şumer, Aratta, Lullu, Kuti, Su, Elam, Akkad, Assur, Babil, Manna, Midiya, Hitit, Urartu, Əhəməni, Saka və s. kimi dövlətlər daxildir.

Ceyms Çörçvorda görə Türk xalqının tarixi “ari irq”lərin tarixidir. O yazır: “Həqiqətən də ari irqlərin toxumu Uyğurların (Türküstan Türklərinin) soyundan gəlmədir. Çünki ən qədim dövrlərdən Uyğurlar Hindistanı və Avropanı zəncirvari şəkildə öz içərisinə almışdı”. “Tufan”dan sonrakı mədəniyyət tarixi eradan əvvəl III minillikdə şəhər dövlətlər yaratmış Şumerlərlə deyil, eradan əvvəl X-VI minilliklərdə Çayhun və Sayhun çayları ətrafında yaşamış Böyük Turan İmperatorluğunun xələfi və Şumerlərin ulu babaları olan Turanlılarla başlayır. “Tufan”dan sonra İkinci Böyük Turan mədəniyyətinin Yaxın Şərqdə ən önəmli davamçısı Şumer Türkləri olmuşdular.

İlk şəhər dövlətlərinin və ilk yazı mədəniyyətinin yaradıcıları olaraq Şumerlər dünya mədəniyyətinin yaradıcılarıdırlar. Şumerlərdən əlifbanı əxz edən finikiyalılar onu Yunan və Latınlara aparmış, Latın, Yunan, İbrani və Ərəb əlifbaları da Şumer əlifbası əsasında yaradılmışdı. Şumerlər  6-lıq və 10-luq sistemi ilə əks olunan riyazi hesablamaların, astronomiya və astrologiya elminin təməlini qoymuş, 6 Göy, 10 Yer rəqəmi olmaqla bu rəqəmlərin hasil nəticəsi kimi 60 saniyəni bir dəqiqəyə, 60 dəqiqəni bir saata, sutkanı 24 saata bölmüş, çevrəni 360 dərəcəyə, buradan da qapanmış çevrənin ilin 360 günə bərabərliyini ilahiləşdirmiş, çevrənin tam qapanması üçün 5 günü nə köhnə, nə də təzə ilə aid etməklə bayram günləri saymışdılar. Amerikalı alim Sitçinə görə, Şumerlər 12 bürc, planetlər, yerxarici sivilizasiya haqqında bilgiyə sahib idilər.

Göytürklər

“Türk” sözünə ilk dəfə Göytürklər dönəminə aid “Orxon abidələrində rast gəlinmişdir (552-744-cü illər). Göytürk xaqanlığı, həmçinin adında Türk sözü işlənən ilk dövlətdir. Çin, Sasani və Bizans ilə siyasi və iqtisadi əlaqələr qurmuşdu.

VI əsrin sonlarında daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə nəticəsində Birinci Göytürk imperatorluğu parçalandı. Mərkəzi Monqolustan olmaqla Şərqi Göytürk və mərkəzi Yeddisu olmaqla Qərbi Göytürk dövlətləri yarandı. Çox keçmədi ki, bu dövlətlər Çindən asılı vəziyyətə düşdü. VII əsrin 80-ci illərində türk sərkərdəsi Qutluq xanın başçılığı ilə Çinə qarşı yeni bir hərəkat başlandı. Nəticədə, 682-ci ildə İkinci Göytürk imperatorluğu yarandı. Birinci Göytürk Xaqanlığı 630-cu ildə böyük böhran dönəminə girdiyi vaxt Orxon vadisində türk boylarından doqquzu (Doqquz Oxlar) birləşərək, bir xaqanlıq qurdular. İkinci Göytürk Xaqanlığı qurulduqdan sonra Oğuz adıyla tanınan türk boyları onlar oldu. Bir çətir altında birləşən türklər özlərinə Üç Oğuz, Altı Oğuz, Doqquz Oğuz, Otuz Oğuz və s. kimi adlar verdilər.

Oğuzlar

Oğuz adına ilk dəfə Yeniseyin daş kitabələrində rast gəlinib.

Mahmud Qaşqariyə görə, 22 boydan, “Oğuz Xan” dastanına görə isə 24 boydan ibarət Orta Asiya kökənli ən böyük türk boyudur. VII əsrə yaxın dövrlərdə böyük köçlərlə yer dəyişdirməyə başlayıblar. Tarixi mənbələrə görə, oğuzlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran, İraq, Suriya, Misir və Balkan yarımadasında (Bolqarıstan, Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Kosovo və Serbiya) yaşayan türklərin atalarıdırlar. Oğuzlar özlərini bütün türk boylarının ümumi anlamına gələn “oğuz” adlandırırdılar. 1000-ci ildə qıpçaqlar tərəfindən bu dövlətin varlığına son qoyulmasından sonra oğuzlar ikiyə bölündülər. Bir qismi şimala, bir qismi də cənuba üz tutdu. 840-cı ildə Uyğur Dövləti qırğızlar tərəfindən dağıdıldıqdan sonra oğuzların ən böyük və tarixi köçü başladı.

Türkün Tenqrisi

Türklərin ilk dini Göy Tanrı dinidir. Qədim Türklərdə “Tanrı” sözü “Tenqri” şəklində söylənmişdi. Qədim Türkcədə “Göy” (“Səma) sözü “Ulu, Uca, Müqəddəs”, “Göy Tanrı” “Ulu Tanrı”, anlamına gəlir.

Ən azı 4 min illik tarixi olan “Tanrı” sözü, demək olar ki, bütün Türklərdə ortaq inanc  terminidir. Qədim Türklərin Göy Tanrı dininin nə yazılı kitabı, nə də ibadət qaydaları haqqında mənbə yoxdur. Türklər özlərini də ilahiləşdirərək “Göy Türklər” adlandırmışlar. Türklər sonradan qəbul etdikləri dinlərdə də “Allah”ı ifadə etmək üçün “Tanrı” sözünü işlətmiş və bu gün də işlətməkdədirlər. Göy Türklər dövrünün məşhur Bizans tarixçisi Simokattes Göy Türklərin torpağa, suya, çaya, dağa, meşəyə və bu kimi təbii varlıqlara sayğı göstərdiklərini, ancaq yalnız Yerin, Göyün yaradıcısı saydıqları Tək Tanrıya inandıqlarını qeyd etmişdi (indi də dilimizdə yer haqqı, göy haqqı, bərəkət haqqı, od haqqı, Göydəki Allah haqqı deyə and içənlər var). Bu dinin ən mükəmməl “Kitabı” qan yaddaşına sadiq qalan türk millətinin özüdür.

Böyük irsin kiçik mirası - Türk dövlətləri

Böyük Səlcuq İmperiyası, Səlcuq Dövləti, Türkmən Bəylikləri, Atabəylər Dövləti, Qaraqoyunlu İmperiyası, Ağqoyunlu İmperiyası, Ramazanoğulları Bəyliyi, Səfəvilər İmperiyası, Əfşarlar İmperiyası, Qacarlar Dövləti, Anadolu Bəylikləri və Osmanlı İmperiyası kimi böyük  dövlətlərdən sonra bu gün müstəqil dövlətləri olan türklər aşağıdakılardır: Azərbaycan Respublikası; Qazağıstan Respublikası; Qırğızıstan Respublikası; Quzey Kipr Türk Respublikası; Özbəkistan Respublikası; Türkiyə Respublikası; Türkmənistan Respublikası. Dünyanın hər nöqtəsində böyük toplumlar şəklində var olan türklərin birləşməsi, güclənməsi məhz elə qədim tarixi gücü bilindiyinə görə türk olmayanları qorxudur.

Tarixdə hər bir millətin yüksəliş və eniş dövrü olur. XVIII əsrdən etibarən güclənməyə başlayan Türk düşmənçiliyi yeni elmi-texniki tərəqqiyə yiyələnərək Türkləri məğlub duruma saldı.Türk ?ünyası XVIII əsrdən başlayaraq sürətlə yüksəldiyi zirvədən üzüaşağı yuvarlanmağa başladı və nəhayət, iki yüz il ərzində bütün qazandıqlarını itirərək, sonda məğlub duruma düşdü. Türk millətinin öz tarixi missiyasını şərəflə yerinə yetirəcəyinə bütün dünya əmindir və bu gün türkə qarşı düşmənliyin tək səbəbi də budur.

Bugünkü Avropa Birliyinin mahiyyətində xristian təəssübkeşliyi və Türk qorxusu dayanır. Siyasi mütəxəssislər bildirirlər ki, bugünkü Avropa Birliyi keçmişdəki Türklərdən qorunmaq üçün çəkilən  yeni “Çin səddi”dir.

Dünya tarixini bütün yönlərdən incələyən avropalılar yaxşı bilirlər ki, Assuriyanı, Misiri diz çökdürən, çinliləri “Çin səddi” çəkməyə vadar edən, Böyük Roma İmperatorluğunu çökdürən, üç qitədə uzun müddət söz sahibi olan  bir millətin hər an dirçəlmək imkanı var. Bu onun qan yaddaşındadır. Keçmişini bilməyən gələcəyini itirər. Bizim babalarımız tarixi yazmamış, yaratmışdılar. Amma yaratmaq qədər yaşatmaq da vacibdir. Dünyada siyasi coğrafiya yenidən cızılır, tarix yenidən yazılır. Bu gün 200 milyonluq Türküstan birliyinin yaranması zərurəti var və bunun ilk addımları atılmaqdadır.

Təki özümüz özümüzə yenilməyək. Düşmənlə baş edə bilərik, özümüzlə yox. Çünki hamımızın qanında şanlı türk babaların qürurlu qanı axır. Baş əyməyi, yenilməyi sevmirik. Mu tarixinə əsasən, bütün dünya türkündür, demək olar ki, bütün dünya türkdür. Yenidən böyük olmağın tək yolu bir olmaqdır.

 İlhamə Rəsulova

 

 

 

Paylaş
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31