Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Turistlər nə istəyirlər?

Turistlər nə istəyirlər?

28.07.2022 [10:46]

Yeganə BAYRAMOVA

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər səviyyəsində böyük maraq göstərilir. Elə buna görə beynəlxalq maliyyə qurumları və təşkilatları gün keçdikcə turizmin inkişafına diqqəti artırırlar. Ölkəmiz də turist cəlbediciliyi baxımından öz imicini möhkəmləndirib, bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir, turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları da yaradılıb. Turizmə olan bu münasibətin əsasında sözsüz ki, ölkənin sosial-iqtisadi maraqları dayanır. Bu sosial-iqtisadi maraqların təminatı üçün isə, Azərbaycan Respublikasının kifayət qədər imkanları və təbii-coğrafi potensialı var. Dünyada mövcud olan 11 iqlimin 9-nun Azərbaycanda olması ölkəmizin turizm üçün əlverişli bir məkan olması haqqında aydın təsəvvür yaradır. Elə bu faktın özü Azərbaycanın beynəlxalq turizm marşrutuna daxil olması üçün kifayət edir.

Qastronomik turizm

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, respublikamızda turizmin müxtəlif sahələri mövcuddur. Belə ki, tarixi-mədəni turizm baxımından memarlığı və görməli yerləri ilə məşhur olan Gəncə, Qəbələ, Naxçıvan və Şəki ən cəlbedici sayılır: “Müalicə turizmi ən çox Naxçıvan, Lənkəran və Naftalanda təmsil olunur. Naftalan neftinin müalicəvi xassələri bu gün nəinki MDB ölkələrində, həm də Birliyin hüdudlarından çox-çox kənarda tanınır.

Azərbaycan qış tətilinə üstünlük verən turistləri cəlb etmək üçün çalışır. Bu məqsədlə “Şahdağ” turizm kompleksi və “Tufan” dağ-xizək kurortu yaradılıb.

Dağ və ekstremal turizm növləri fəal inkişaf edir.

2018-ci ildən yeni istiqamət - “halal turizm” inkişaf edir, məqsədi yeni turizm standartları çərçivəsində İslam ölkələrindən əcnəbiləri cəlb etməkdir. Azərbaycan həm də zəngin mətbəxi ilə həmişə məşhurdur, bu da qastronomik turizmin inkişafına səbəb olub”.

Məlumdur ki, hər bir turist səyahət etdiyi ölkənin təbii gözəlliyi, görməli yerləri, mədəniyyəti, qədim abidələri, milli mətbəxi ilə maraqlanır.  Görəsən, turistlər xarici ölkələrdə hansı məqamlara üstünlük verirlər? Mütəmadi olaraq səyahət edən həmkarlarımızın düşüncələrini öyrəndik.

Turistlərin arzusu-münasib qiymətlər

Jurnalist Elçin Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında söyləyib ki, istər xarici, istərsə də yerli turistlər ilk növbədə qiymətlərin münasib olmasını arzulayır: “Təbii ki, ən yaxşısı aviouçuşlardır, çünki qısa müddətdə istədiyin ölkəyə çata bilirsən. Bu baxımdan, Azərbaycanda aviobiletlər daha münasib qiymətə olsa, turistlər üçün də bir o qədər əlverişli şərait yaranar.

Turistlər üçün viza məsələsi də vacibdir. İnsanlar baxır ki, hansı ölkələrə getmək üçün viza almaq asan və yaxud çətindir. Məsələn, azərbaycanlı biri üçün şengen vizasını almaq həddindən artıq qəlizdir. Şengen vizasını almaq daha asan olsa, yaxud Ukrayna və Gürcüstanla olduğu kimi viza sistemi Azərbaycanla Avropa Birliyi arasından yığışdırılsa, turistlərin Avropa ölkələrinə gediş-gəlişi daha rahat olacaq”.

Jurnalistin sözlərinə görə, turistlərin diqqət yetirdiyi məqamlardan biri aeroportdan şəhərə gəlmək üçün münasib qiymətə ictimai nəqliyyatın olmasıdır: “Məsələn, Almaniyada aeroporta düşdükdən sonra metro ilə rahat şəkildə şəhərin mərkəzinə getmək mümkündür. Eyni zamanda, Türkiyədə şəhərin mərkəzinə getmək üçün münasibət qiymətə avtobuslar var. Bütün bunlar turistlər üçün vacib məqamlardan biridir. Əsas məqamlardan digəri isə otellərlə bağlıdır. Çünki otellərdəki qiymət qənaətbəxş olmalıdır. Hər zaman çalışıram ki, oteli getdiyim ölkənin mərkəzinə yaxın yerdə seçim, həm nəqliyyatdan daha az istifadə edim, həm də şəhərin mərkəzi və əsas yerlərinə ayaqla gedə bilim. Düzdür, mərkəzdəki otellər bir az baha ola bilər, amma çox böyük üstünlükləri var. Yəni mənim üçün otelin komfortlu və baha olması yox, mərkəzə yaxın olması önəmlidir”.

E.Hüseynov getdiyi xarici ölkələrin milli mətbəxinə də diqqət yetirdiyini söyləyib: “Türkiyəyə tez-tez getməyi sevirəm, çünki türklərin mətbəxi bizə çox yaxındır. Bədənimiz öyrəşdiyi qidanı yemək asan olur və Türkiyədə hər büdcəyə uyğun qiymət var. Məsələn, dönər və pide yeyə bilərsən, bu, çox pul tələb etmir, eyni zamanda, bahalı və komfortlu restoranlar da var. Yəni turist özü seçim edə bilir. Lakin elə ölkələr var ki, məsələn, Taylandda, Vyetnamda, hətta BƏƏ-dəki yeməklər bizim üçün o qədər də uyğun deyil. Asiya ölkələrindəki qidalar da mətbəximizdən çox uzaqdır və turist üçün çətinlik yaradır. Turistlərə isə o lazımdır ki, getdiyi ölkələrdə həm yerli mətbəxinə yaxın qidaları seçsin, həm də beynəlxalq mətbəxdəki yeməklərlə tanış olsun. Bu baxımdan, Türkiyə və yaxud MDB ölkələri Azərbaycana yaxındır və ora gedərkən rahat qidalanmaq mümkündür”.

Jurnalist qeyd edib ki, tarixi yerlər və əyləncə də turistlər üçün vacib nüanslardan biridir: “Bizi, ilk növbədə, maraqlandıran və cəlb edən məqamlardan biri xarici ölkələrdə qeyri-adi nəsə görməkdir. Hər bir ölkənin maraqlı binaları, muzeyləri, tarixi abidələri ola bilər. Məsələn, Parisdə Eyfel qülləsi, Dubayda göydələnlər. Tarixə aid özəllikləri olan binalarla yanaşı yeni tikilmiş və turistlərin diqqətini cəlb edən obyektlər də maraqlıdır. Türkiyədə və yaxud Asiya ölkələrində qeyri-adi turlar olur. Həmin turlar da təbiətə və ya heyvanlar aləminə aiddir. Taylandda və Vyetnamda fillərin üstündə gəzintini buna aid etmək olar”.

E.Hüseynov tək və qrup şəklində səyahət etməyin özəlliklərindən də danışıb: “Tur şəklində getməyin üstünlükləri turistin heç bir əziyyət çəkməməsidir. Yəni turu təşkil edən şirkət bileti alır, oteli təyin edir, lazımdırsa viza məsələsini üzərinə götürür. Qrup şəklində səyahət o insanlar üçün faydalıdır ki, onlar xaricdə az olublar və həmin ölkə barədə az məlumatlıdırlar. Ona görə də bələdçilərlə rahat gəzə bilərlər.

Tək getmək üçün isə gərək insan müəyyən məlumatlara sahib olsun. Bileti ala bilmək, oteli seçmək, aeroportla şəhərarası yollarında istifadə edilən nəqliyyatları bilmək. Tək səyahətin müsbət tərəfləri odur ki, heç bir turdan asılı olmayaraq rahat şəkildə gəzirsən, hansısa əyləncəvi, yaxud tarixi yerə gedəndə tələsmirsən, istədiyin oteldə qalırsan. Yəni heç kimdən asılı olmursan. Tək səyahət o turistlər üçün yaxşıdır ki, artıq onların öz təcrübəsi var, otelləri, marşutları rahat seçə bilirlər”.

İstənilən səfərdən insana qalan xatirələrdir...

Davamlı olaraq xarici ölkələrə üz tutan jurnalist Təranə Məhərrəmova da bir turist olaraq öz istəklərini dilə gətirib: “Tətillərdə, təqvimin “qırmızı” günlərində ölkə xaricinə və daxilinə səyahət etmək çox adamın arzusudur. Üstəlik, bu, sadəcə bir tətil deyil, istirahət etmək, stressdən azad olmaq, gəzinti və ya ziyarət məqsədi ilə bilik baqajını zənginləşdirmək, dünyagörüşünü artırmaq, yeni insanlarla dostlaşmaq,  emosiyalar əldə etmək, adi və iş günündən uzaqlaşmaq, daha da sosiallaşmaq üçün əla fürsətdir.

Hər şey təyyarə biletinin qiymətindən başlayır. Bahalığa görə məsələn, okeanın o tayına olan səyahət arzunu boğsan da, tranzit olsa belə bəzən aşağı büdcəli (lowcost) uçuşlarla özünə təsəlli tapa bilirsən.

Turizm çoxşaxəli fəaliyyətdir. Zövqlər qədər səyahətlərin məqsədləri də fərqlidir. İşgüzar, ekstremal səyahətlər, təhsil, idman və sağlamlıq turizmi ola bilər. Qarderobunu və ya evini maraqlı əşyalar və geyimlərlə doldurmaq üçün səyahət edənlər çoxdur. Ziyarət turizmi də populyarlıq qazanır. Belə səfərlər yaxşı təcrübə, bilik və canlı duyğular qazanmağa kömək edir.

Təbii ki, ayrı-ayrı ölkələrin mədəni və təbii irsi əksər turistlərin diqqətini çəkir. Dünya ölkələrində “görülməsi vacib olan yerlər”i (must see) hər bir turist görməyi arzulayır”.

T.Məhərrəmova vurğulayıb ki, bir turizm həvəskarı kimi görmədiyi ölkələri görmək, fərqli mədəniyyətlərlə, tarixlə, insanlarla, mətbəxlə və s. tanış olmaq onun üçün maraqlıdır: “Təbii ki, bu arzuları reallaşdırmaq üçün vaxtla bərabər, büdcənin gözə alınması vacib amildir. Yəni istənilən adam öz büdcəsinə uyğun səyahət edir. Əlbəttə, yeni duyğulara xərcləmək təəssüf doğurmur və hər yeni səfərlə nəyə qənaət edə biləcəyimi daha yaxşı başa düşürəm.

Büdcəli səyahət edən turist kimi marağım və zövqüm fəslə görə dəyişə bilir. Əgər yayda okean, çay və ya dənizsahili ölkələrdə gəzintiyə və ya istirahətə üstünlük verirəmsə, qışda daha çox tarixi məkanlar, yeni il axşamlarını əyləncəli keçirən ölkələri xoşlayıram.

Səfər öncəsi haraları gəzəcəyimlə bağlı əlimdə yol xəritəsi hazırdır. Öncədən gəzməli-görməli yerləri araşdırır, plan qurur, qiymətlərlə maraqlanır, təhlükəli yerləri öyrənir, rəyləri oxuyuram.

Hava limanları istənilən ölkə haqqında ilk məlumatı verir. Ölkəyə ayaq basan kimi ab-havanı duyursan. Məsələn, müharibədən qabaq Kiyev hava limanından enəndə ilk diqqətimi çəkən yerli sakinlərin avtobus növbəsində durması idi. Eyni mənzərəni keçən il İstanbulda da izləmişəm”.

Jurnalistin sözlərinə görə, turistlər üçün şəhərin təmizliyi ilə bərabər ulduzundan asılı olmayaraq bron etdiyi otelin təmizliyi, otağın səliqəsi, personalın mehribanlığı, xidmət səviyyəsinin yüksək olması vacib amildir: “Hətta ucuz hostellər belə təmizliyinə, sərfəliliyinə, xidmət keyfiyyətinə görə turistləri yenidən cəlb edə bilir.

Dünya muzeylərini gəzmək, tarixi məkanlara səfər etmək, böyük, yaşıl parklarda dincəlmək özümlə bərabər, müşahidələrimə görə dünyanın ayrı-ayrı ölkələrindən gələn turistlərə də maraqlıdır. Yerli sakinlərin əl işləri, suvenirlər, təamlar hamının xoşuna gəlir. Turistlər nəqliyyatın nizamlı olmasını, insanların mədəniyyətini qiymətləndirirlər. Şəhər turları əksər turistləri cəlb edir və buna xərclənən pula heyifslənmirlər. Belə turlarda bələdçilər turistlərə hətta internetdə olmayan maraqlı məlumatlar verirlər. Muzeylərə və ev muzeylərinə, qalalara, qəsrlərə giriş zamanı jurnalistlər üçün güzəşt nəzərdə tutulmayanda belə pul xərcləməyə dəyər. Bu, birbaşa tarix, mədəniyyət və incəsənətlə üz-üzə qalmaq deməkdir. Belə məkanlara ziyarət zamanı, eləcə də şəhər turlarında bələdçilərin məlumatlı və ünsiyyətcil olması vacib amildir.

Restoran və kafelərdə yemək çeşidləri ilə yanaşı qiymətin uyğunluğu, məkanın fərqli dekorasiyası, cəlbediciliyi, personalın peşəkarlığı, yeməklərin seçimi və dadı, əyləncə proqramının rəngarəngliyi turisti həmin məkana ikinci dəfə qayıtmağa sövq edə bilər”.

Səfərlərə qrup və ya tək çıxmağın fərqli təəssüratları olduğunu deyən T.Məhərrəmova hər ikisinin üstünlük və çatışmazlıqlarının olduğunu söylədi: “Qrup şəklində nə qədər birlikdə şənlənmək, məsləhətləşmək və qərar vermək olursa, təklikdə səfər zamanı bunları özün təkbaşına etməlisən. Bəzən təkbaşına səfərlərin təhlükəli olduğunu söyləyənlər olur. Almaniya, İtaliya, Sloveniya, İran, Fransa, Lüksemburq, Belçika, İngiltərə və s. ölkələrə tək səfərlərimdən böyük zövq almışam. Düzdür, həyəcan qarışıq az qala qorxu yaşadığım anlar da olub. Sloveniyanın İzola adasında bir həftəlik istirahətim zamanı qaldığım otelin turistlərin “müsəlman qadın bura necə gəlib çıxıb?” deyə üzümə təəccüblə baxdıqları anlar olub. Təklikdə səfərin üstünlüyü istədiyin qərarı özünün verə bilməsi və planlarını təkbaşına qurmaq bacarığıdır. Onda daha rahat və sərbəst olursan.

Səyahət zamanı dil bilgisi mühüm amildir. Əgər ortabab ingilis dili və ya rus dili səviyyən varsa qarşında heç bir baryer olmayacaq. İstənilən ölkəyə rahat gedib çıxa bilərsən. Yəni dil bilgisi, büdcəni qənaətlə idarə etmək, səbir və ehtiyatlılıq istənilən turist üçün vacib şərtdir.

Səyahət gözəl bir artdır. Yeni-yeni yerlərə endirimli biletlər axtarmaqdan və yeni təcrübələr əldə etməkdən vaz keçmək lazım deyil. İstənilən səfərdən isə insana qalan xatirələrdir. Sonra bu xatirələri bölüşmək, səyahət fotolarını paylaşmaq da ayrıca zövq verir. Yəni həmişə xatırlamalı olduğunuz bir şey var. “Bremen musiqiçiləri”nin mahnısında deyildiyi kimi: “Dünyada daha yaxşı bir şey yoxdur...”.

Paylaş:
Baxılıb: 156 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31