Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Muxtar Babayev: Mart ayından bu günədək 2 min 200 kubmetrdən çox təhlükəli tibbi tullantı xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib

Muxtar Babayev: Mart ayından bu günədək 2 min 200 kubmetrdən çox təhlükəli tibbi tullantı xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib

22.05.2020 [10:12]

Pandemiya dövründə əmələ gələn təhlükəli tibbi tullantıların idarə edilməsi virusun yayılmasının qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyin əsas diqqət yetirdiyi sahələrdən biri koronavirus infeksiyası ilə mübarizə çərçivəsində təhlükəli tibbi tullantıların idarə olunması ilə bağlı olub. Ölkədə həyata keçirilən təxirəsalınmaz tədbirlərin tərkib hissəsi kimi Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq nazirlik təhlükəli tibbi tullantıların idarə olunmasının əlaqələndirilməsini həyata keçirir və həmin tullantıların utilizasiyasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bu işlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Səhiyyə Nazirliyi ilə birgə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Tibbi tullantıların idarə olunmasına dair tələblər”ə uyğun olaraq həyata keçirilir: "Qeyd edim ki, müalicə profilaktika müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantılar morfoloji tərkibinə və təhlükəlilik dərəcəsinə görə maye, bərk və toz şəklində olaraq, müvafiq təhlükəli tullantılar təsnifatına aid edilirlər. Tibbi tullantılar epidemioloji və toksikoloji təhlükəlilik dərəcəsinə görə dörd sinfə bölünür – A, B, C və D.

B və C sinfinə aid tullantılar təhlükəli və xüsusi təhlükəli tullantılar hesab olunur. Pandemiya dövründə məhz bu tullantıların idarə olunması ciddi nəzarətə götürülüb. Hazırda onlar kateqoriyalar üzrə çeşidlənərək nazirlik tərəfindən təmin edilən müxtəlif rəngli xüsusi torbalara toplanır. B sinfinə aid təhlükəli tullantılar sarı, C sinfinə aid xüsusi təhlükəli tullantılar isə qırmızı torbalara toplanır. Tullantılar xüsusi avtomaşınlarla daşınaraq müvafiq qurğularda termik üsulla 800-1200C temperaturda zərərsizləşdirilərək məhv edilir.

Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxanalarda əmələ gəlmiş 2 200 kubmetrdən çox təhlükəli tibbi tullantı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq - Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılaraq zərərsizləşdirilib.

AQTA tərəfindən cənub zonasında 13 nöqtədən təqribən 150, nazirlik tərəfindən digər 37 nöqtədən təqribən 2 054 kubmetr tullantı zərərsizləşdirilib.

Bu zaman əmələ gəlmiş təqribən 40 kubmetr kül tullantısı isə daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib. Həmin işlər bu gün də davam etdirilir.

Məlumat üçün bildirmək istərdim ki, respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".

Paylaş:
Baxılıb: 346 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31