Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan həkimləri pandemiya ilə mübarizədə peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərirlər

Azərbaycan həkimləri pandemiya ilə mübarizədə peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərirlər

10.06.2020 [09:13]

Məlahət Sultanova: Xəstəliyin erkən müəyyənləşdirilməsi həm onun tez sağalmasını, həm də yayılma arealının məhdudlaşdırılmasını şərtləndirir
Müsahibimiz Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, Tədris-Cərrahiyyə Klinikasının radioloqu, tibb elmləri doktoru Məlahət Sultanovadır. Onunla söhbətimiz günümüzün aktual mövzusu olan yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlıdır. Qeyd edək ki, M.Sultanova respublikamızda COVİD-19-a yoluxma faktı qeydə alınan ilk gündən etibarən bu təhlükəli xəstəliyə qarşı mübarizəyə könüllü qoşulan fədəkar səhiyyə işçilərindən biridir. Hazırda da onun özü və rəhbərlik etdiyi komandada yer alan həkimlər pandemiyaya qarşı mübarizədə işlərini əzmlə davam etdirərək virusa yoluxmuş xəstələrin şəfa tapmalarına öz töhfələrini verirlər.
- Məlahət xanım, Azərbaycan həkimlərinin pandemiya ilə mübarizədə göstərdikləri peşəkarlıq və yüksək vətənpərvərlik cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İstərdik ki, söhbətimizə də məhz bu məqamdan başlayaq. Bir peşəkar kimi, pandemiya ilə mübarizədə həmkarlarınızın rolunu necə dəyərləndirirsiniz?
- Belə bir fikir var ki, hər dövr öz qəhrəmanlarını yetişdirir. Həkimlərimiz də respublikamızda yeni növ koronavirus infeksiyasına qarşı aparılan mübarizənin əsas simalarıdır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu mübarizədə daha ağır yük məhz onların çiyinlərinə düşür. Sirr deyil ki, hər kəs COVİD-19-dan, belə deyək, uzaq olmağa çalışır. Həkimlər isə həyatlarını riskə ataraq virus daşıyıcıları olan xəstələrlə ən yaxın məsafədə dayanırlar, öz işlərini onlarla təmasda görürlər. Əlbəttə, etiraf edim ki, bu, əlavə psixoloji yük yaradır. Ancaq həkim düşünür ki, on minlərlə insanın taleyi onun işindən, yerinə yetirdiyi şərəfli missiyadan asılıdır və buradan da ağxalatlıların fədakarlığı başlayır.
Respublikamızda COVİD-19-a ilk yoluxma faktı qeydə alınandan etibarən görülən tədbirlər onu təsdiqləyir ki, Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə gündəliyində insanların sağlamlığının, həyatının qorunması əsas vəzifə kimi müəyyənləşdirilib. Pandemiya şəraitində Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın 20 ən yaxşı xəstəxanası koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Respublikamızda COVİD-19-a qarşı mübarizənin başladığı ilk vaxtlardan etibarən mənim çalışdığım Azərbaycan Tibb Universitetinin klinikaları da koronavirus xəstələrinin müalicəsinə qoşulub. İki aydan çoxdur ki, universitetimizin Terapevtik və Cərrahi klinikalarının imkanları bütünlüklə pandemiya ilə mübarizəyə səfərbər edilib. Klinikalarımızda həyat üçün təhlükəli virusa yoluxmuş müxtəlif yaş qrupundan olan xəstələr müalicə alırlar. Təbii ki, müalicəyə cəlb olunan insanlarda xəstəliyin ağırlıq dərəcəsi də müxtəlifdir. Bir qədər bundan əvvəl xəstəxanamızın yenidoğulmuşlar şöbəsində pandemiya dövrünün ən həyacanlı anlarını yaşadıq - COVİD-19-a yoluxan, ağır pnevmoniyalı, eyni zamanda, diabet olan ana komandamızın səyləri sayəsində 34-35 hestasiyada 4000 q çəkiylə dünyaya körpə gətirdi. Həmin anda keçirdiyimiz hissləri təsəvvür etmək çətindir. Kiçik bir diqqətsizlik faciəyə səbəb ola bilərdi.
- Yeri gəlmişkən, yeni növ koronavirus infeksiyasının simptomları barədə nə deyə bilərsiniz?
- Xəstəliyin yoluxma tezliyi adi qriplə müqayisədə bir neçə dəfə yüksəkdir. Ümumdünya Səhiyyə təşkilatı (ÜST) 2020-ci ilin 11 fevral tarixindən yeni növ koronavirusla assosiasiya olunan xəstəliyi 2019-cu ilin koronavirus xəstəliyi (COVİD-19) adlandırıb və dünyada pandemiya şəraiti elan edib.
Hər bir xəstəlik kimi, COVİD-19-un da özünəxas əlamətləri var və bu əlamətlər xəstəliyin ağırlaşma dərəcələrindən asılı olaraq dəyişir. Xəstəliyin ilk əlamətlərinə quru öskürək, hərarətin yüksəlməsi və tənginəfəslik aid edilir. Bu vaxtadək diaqnostikasını etdiyimiz xəstələrin 60 faizdən çoxunda bu əlamətlər müşahidə olunub.
Xəstəliyin törədicisi yüksək dərəcədə kontagiozdur. Yoluxma respirator damcılar vasitəsilə və infeksiya təhlükəsi daşıyan səthlərə toxunan zaman baş verir. Respirator damcıların yüksək transmissiya riski kifayət qədər böyükdür. Onlar təqribən 91.44 sm məsafədə yüksək yoluxma riski daşıyır və mənbədən 183 sm məsafəyə qədər uzaqlaşa bilirlər. Son tədqiqatlarda virusun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir ki, buradan da dezinfeksiya tədbirlərinin nə qədər önəmli olduğunu başa düşmək çətin deyil.
- Sizin çalışdığınız radiologiya sahəsi “tibbin görən gözü” sayılır. Bu baxımdan, radioloqların COVİD-19-a yoluxmuş xəstələrin müayinə və müalicəsində rolunu necə dəyərləndirmək olar?
- Dünyada radiologiyanın banisi hesab edilən Rentgenin bir kəlamını xatırlatmaq istərdim: “Mən sizin içinizi bilirəm!”. COVİD-19-a yoluxan xəstələrin müalicəsinin çox mühüm mərhələsi də məhz bizim sahəmiz ilə bağlıdır. Digər xəstəliklərdə olduğu kimi, yeni növ koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsinin səmərəliliyi də diaqnozun erkən mərhələdə və düzgün qoyulmasından asılıdır. Bu da radioloqların üzərinə böyük məsuliyyət qoyur.
Qeyd etmək istəyirəm ki, müasir radiologiyada xüsusi hazırlanmış sistem vasitəsilə görüntülərin distant dəyərləndirilməsi tətbiq edilir. Bu sistem həm infeksion risk, həm də dəyərləndirmə keyfiyyəti baxımından çox əhəmiyyətlidir. Görüntüləri distant, lazım gəldiyi hallarda isə lokal aparırıq. Radioloqlar COVİD-19-a qarşı mübarizənin ön cəbhəsində dayanırlar, desəm, əsl həqiqəti ifadə etmiş olaram. Təbii ki, test nəticələri müsbət çıxmış xəstələrlə ən yaxın məsafədə təmaslar bizim özümüz üçün də yoluxma riskini birə beş qat artırır. Ancaq bu bizi təhlükəli xəstəliyə qarşı mübarizədən əsla çəkindirmir. Bu mübarizədə peşə məsuliyyəti ilə vətənpərvərlik hisslərimiz birləşir. Biz ölkəmizin, xalqımızın təhlükəli xəstəlikdən qorunmasında iştirak etməyimizlə qürur duyuruq. Gördüyümüz şərəfli iş və sonda qazanacağımız qələbə ümidi geyindiyimiz xüsusi paltarların çətinliyini hiss belə etdirmir. Mən, yeri gəlmişkən, radiologiya şöbəsinin texniklərinin əməyini xüsusilə qeyd etmək istəyirəm. İşimizin texniki baxımdan ən çətin tərəfi onların üzərinə düşür. 8 saat xüsusi geyimdə xəstələrlə birbaşa ünsiyyət, infeksiya və radiasiya riski, görüntülərin mükəmməl alınması və digər vacib məqamlar onlardan böyük məsuliyyət tələb edir.
- İndiyədək apardığınız müşahidələri ümumiləşdirərək hansı nəticələrə gəlibsiniz?
- Bəli, mən öz müşahidələrimin elmi-statistik təhlilini aparmışam və faydalı olacaq bəzi nəticələri bölüşə bilərəm. Onu deyim ki, bu xəstəliyin hər nə qədər standart radioloji kriteriyaları olsa da, atipik görüntülərlə, fərqli dinamikalarla da rastlaşırıq. Diaqnostika zamanı rastlaşdığımız ən təzadlı məqam bəzi hallarda kliniki əlamətlərin və radioloji görüntülərin uyğunsuzluğu ilə bağlı olub. Bizə müraciət edən pasientlərin 80 faizə qədərinin yaş həddi 60 və daha yuxarıdır.”Həmişə olub da pnevmoniya, fərqi nədir ki?” sualının radiodiaqnostik aspektdə cavabı belədir: Bakterial pnevmoniyalardan fərqli olaraq, COVİD pnevmoniyalarında proses daha çox hər iki ağciyəri zədələməklə bilateral xarakter daşıyır, aşağı paylarda daha çox lokallaşır, plevral maye və kavitasiyalara (boşluqlara) daha az rast gəlinir. Ayrıca, COVİD-19 pnevmoniyasında divar aralığında böyümüş limfa düyünlərinə nadir hallarda rast gəlinir. Nəhayət, ən çox rastladığımız”COVİD-19 pnevmoniyasından sağalan xəstələrdə ağciyərdə qalıq əlamətləri olurmu?”sualının cavabına gələk. Pandemiyanın başlanmasından hələ az müddət keçdiyinə görə qalıq əlamətlərin formalaşmasına dair praktiki nəticələrə əsaslanan fikir söyləmək üçün hələ tezdir. Xəstəlikdən yalnız 1 il sonra çəkilmiş KT görüntülərinə əsasən qalıq əlamətləri haqqında fikir söyləmək mümkündür. Bəzi tədqiqatlarda koronavirus pnevmoniyasından sonra ağciyərlərdə fibroz ola biləcəyi söylənilir. Ya da pnevmosklerozun qala biləcəyi deyilir ki, bu da gələcəkdə sağlamlığımız üçün əngəl törədəcək bir əlamət deyildir.
- Məlahət xanım, təəssüf doğuran haldır ki, son günlərdə respublikamızda COVİD-19-a yoluxma dinamikasında artım müşahidə edilir. İndiki şəraitdə vətəndaşlarımıza həkim məsləhətiniz nədən ibarətdir?
- Vəziyyət bütün ciddiliyi ilə böyük narahatlıq doğurur, təhlükəli virus hər birimizin qapısını döyə bilər. İndiki şəraitdə bəzi insanların ictimai yerlərdə, o cümlədən nəqliyyatda, ticarət və xidmət məkanlarında maska taxmamalarının, bütövlükdə pandemiyanı ciddiyə almamalarının, hətta bir az da qabağa gedib “belə bir xəstəlik yoxdur” demələrinin məntiqini heç nə ilə izah etmək mümkün deyil.
Ən önəmli məsələlərdən biri isə özündə qripin müəyyən əlamətlərini hiss edən vətəndaşların vaxtında həkimə müraciət etməmələri ilə bağlıdır. İnsanlarda, sanki, pozitiv test nəticəsindən dəhşətli bir qorxu var və xəstəliyi gizlətməyə çalışırlar, nəticədə, proses ağırlaşır. Təbii ki, bu faktor müayinə və müalicəyə mənfi təsir göstərir. Onu qeyd edim ki, ilk günlərlə müqayisədə indi qəbul etdiyimiz xəstələrin ağciyərlərindəki dəyişikliklər daha ciddi xarakter daşıyır. Bu da məhz xəstəliyin gizlədilməsinin və diaqnostikanın gecikdirilməsinin nəticəsidir. Belə fəsadlarla üzləşməməyiniz üçün özünüzdə hər hansı bir qrip və ya soyuqdəymə əlamətləri-halsızlıq, hərarət, əzələ, oynaq ağrları hiss etdikdə mütləq xüsusi həkim briqadası çağıraraq uyğun analizi verməyinizi tövsiyə edirəm. Xəstəliyin erkən müəyyənləşdirilməsi həm onun tez sağalmasını, həm də yayılma arealının məhdudlaşdırılmasını şərtləndirir. Eyni zamanda, test nəticələri müsbət çıxan xəstələr panikaya düşməməlidirlər. Tam əminliklə bildirirəm ki, COVİD-19-a yoluxmuş hər bir xəstə xüsusi xəstəxanalarda karantin rejiminə alınaraq ixtisaslaşdırılmış yardımla təmin olunur. Pandemiya tarixi yaşayırıq. Qorunaq, qoruyaq və bu günləri az itki ilə geridə qoyaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31