Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təhsilin yeni dizaynı: Bunu müasir çağırışlar diktə edir

Təhsilin yeni dizaynı: Bunu müasir çağırışlar diktə edir

19.11.2021 [10:21]

Təhsil bütün dövrlərdə hər bir dövlətin və xalqın ümumi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi səciyyələndirilib. Dünya tarixinə nəzər saldıqda görürük ki, ayrı-ayrı ölkələr məhz keyfiyyətli təhsilə verdikləri önəm sayəsində yüksək inkişaf səviyyəsinə çatmağa nail olub. Müasir dövrdə isə təhsillə bağlı çağırışların aktuallığı daha da artıb. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) XXI əsri “Təhsil əsri” elan edib.

İnsan kapitalının formalaşdırılması əsas prioritetlərdən biri kimi

Son 18 ildə neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olub. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında dəfələrlə bildirib ki, təhsilə ayrılan maliyyə vəsaitləri gələcəyə yönəldilən investisiyalardır. Respublikamızda gənclərin keyfiyyətli təhsil almaları üçün bütün şərtlər təmin edilib. Ölkə boyunca müasir təhsil infrastrukturunun qurulmasına böyük diqqət göstərilir. Bəhs olunan dövrdə respublikamızda dövlət xətti və Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə 3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Bununla yanaşı, ali təhsil müəssisələrinin maddi-texniki bazası davamlı şəkildə möhkəmləndirilir. Ölkəmizdə indiyədək təhsillə bağlı bir neçə Dövlət Proqramının icrası təmin edilib və hazırda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da uğurla reallaşdırılmaqdadır .

Ölkəmizdə təhsil siyasətinin prioritetliyi 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə də təmin ediləcək. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə istinadən demək mümkündür. Sənəddə növbəti onillik üçün müəyyənləşdirilən beş milli prioritetdən biri “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” prioritetidir. Eyni zamanda, hazırda Milli Məclisdə müzakirə mərhələsində olan 2022-ci ilin dövlət büdcəsinin layihəsində də təhsilə böyük həcmlərdə maliyyə vəsaitinin yönəldilməsi nəzərdə tutulub. Layihədə növbəti ilin dövlət büdcəsindən təhsil xərclərinə 3884,3 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Təhsil xərclərinin növbəti il üçün proqnozlaşdırılan ÜDM-də xüsusi çəkisi 4,5 faiz olacaq. 2022-ci ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 13,0 faiz təşkil edəcək.

Gənclər iş yerlərini, biliklərini bir neçə dəfə dəyişmək məcburiyyətindədirlər

Hazırda qlobal məkanda internetin, rəqəmsal texnologiyaların sürətli inkişafı ilə əlaqədar bütün dünyada olduğu kimi, Azərbaycanda da təhsilə, bütövlükdə gənclərin formalaşmasına verilən tələblər dəyişib. 4-cü sənaye inqilabı perspektivlərində qarşıya yeni çağırışlar çıxır və bu çağırışlar sürətlə yenilənir. Artıq gənclərin bir vaxtlar olduğu kimi, “tapş”la və yaxud diplom naminə təhsil almaq dövrü keçmişdə qalıb. Əmək bazarında sürətli transformasiya prosesləri gedir, bir sıra peşələr sıradan çıxır, əksinə yenilərinə tələbat yaranır. Əgər ali məktəbi bitirən gənclərin mükəmməl savadları, transformasiya bacarıqları yoxdursa, onlar heç bir şirkətin qapısını aça bilməyəcəklər və əli diplomlu işsizlər ordusunda yer alacaqlar. Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində müasir dövrün çağırışlarını gənclərə bir daha xatırladaraq vurğulayıb: “Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur”.

Təhsilə ayrılan və təhsildən yan keçən pullar

Pandemiya dövründə bütün dünyada olduğu kimi, respublikamızda da distant işə və təhsilə tələbat artdı. Belə transformasiya prosesləri 4-cü sənaye inqilabının perspektivlərində daha da intensivləşəcək. Araşdırmalara əsasən, yaxın 10 ildə dünyada mövcud olan peşələrin təxminən 15 faizinə tələbat kəskin aşağı düşəcək və yeni yaranmış peşələrə ciddi ehtiyac yaranacaq. Yeni peşə ehtiyaclarını və bu qəbildən olan digər məsələləri nəzərə almaq qarşıda duran çox mühüm məsələlərdir: “Yeniliklərə açıq olmaq vacibdir. Dünyada buna yeni bilikləri öyrənmək deyirlər. Biz artıq universitetdən çıxdıqda bizim universitetdə aldığımız biliklər köhnəlmiş olur. Universitetin bu gün bizə verəcəyi ən böyük bilik, bacarıq, qabiliyyət yəqin ki, öyrənmək olacaq. Bizim yeni situasiyalara nə dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir. Çünki rəqəmsal transformasiya dövründə bir gənc öz iş yerini, öz bilik və bacarığını bir neçə dəfə dəyişmiş olacaq”. Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda ifadə edib.

Bəs cəmiyyətimiz, gənclərimiz, təhsil müəssisələri 4-cü sənaye inqilabının perspektivləri ilə bağlı yaranan yeni transformasiya proseslərinə hazırdırlarmı?  Təəssüf ki, suala birmənalı şəkildə müsbət cavab vermək mümkün deyil. Prezident İlham Əliyev bir qədər bundan əvvəl “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzaladı. Sənədə əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb. Həmçinin, ölkəmizdə rəqəmsal idarəçiliyin tətbiqinə geniş meydan verilir. Bunlar dövlətin yeni çağırışlara həssas yanaşmasını ifadə edir. Lakin cəmiyyətdə təhsilə mühafizəkar yanaşma qalmaqdadır. Bir sıra hallarda valideynlər hələ də öz övladlarının ənənəvi sahələrdə təhsil almalarına üstünlük verirlər. Elə ali təhsil müəssisələrinin tələbə qəbulu planlarında da mühafizəkarlıq açıq-aydın nəzərə çarpır. Nə qədər qəribə görünsə də, hazırda bir sıra ali məktəblərdə heç bir perspektivi olmayan ixtisaslara tələbə qəbulu həyata keçirilir və 4-6 il həmin ixtisaslara yiyələnən gənclər sonradan əmək bazarına, sadəcə, daxil ola bilmirlər. Belə çıxır ki, gənclər ömürlərinin öyrənmək üçün ən yaxşı çağlarını un?versitet divarları arasında boş-boşuna keçirirlər. Bundan uduzan isə məmləkətimiz olur. İndiki mərhələdə universitetlərimizin, institutlarımızın hər il minlərlə müdavimləri olduğu halda respublikamızda bir sıra sahələrdə yüksək səviyyəli kadrları gündüzün günorta vaxtı çıraqla axtarsaq da, tapmaq mümkün olmur. Acı reallıqdır ki, “Sədərək”, “Binə” ticarət mərkəzlərində diplomlu kontingent getdikcə artır. Beləliklə, biz kəskin disbalansın olduğunu müşahidə edirik. Bir tərəfdə kadrlar çatışmır və yaxud azdır, digər tərəfdə isə əli diplomlu işsizlər ordusu yaranır.

Daha bir narahatlıq yaradan məsələ orta və ali məktəblərdə təhsilin keyfiyyət göstəricilərinin aşağı olması ilə bağlıdır. Etiraf edək ki, hazırda orta məktəbi, necə deyərlər, öz axarı ilə başa vuran şagirdlərin çox az qismi ali məktəblərə daxil ola bilir. Orta məktəbi bitirən şagirdlər ali məktəbə qəbul olmaq arzularını reallaşdırmaqdan ötrü mütləq bir neçə il məktəbdənkənar hazırlıqlardan keçməlidirlər. Belə çıxır ki, təhsilə ayrılan böyük həcmlərdə dövlət vəsaitləri təhsildən yan keçir... Bütün bunlar barəsində ciddi düşünməliyik.

Təhsildə, elmdə qocalma, saralmış dərs vəsaitləri...

Yeni mərhələdə təhsilimizin, elmimizin digər bir problemi təhsil müəssisələrinin zəruri infrastrukturla az və pis təchiz edilməsi ilə bağlıdır. Tətbiq olunan texnologiyalar mənəvi və fiziki cəhətdən köhnəlib. Pandemiya dövründə bu, qabarıq şəkildə nəzərə çarpdı. İnternetin tez-tez kəsilməsi, siqnalların zəif ötürülməsi, qiymətlərin yüksək olması, bütün ünvanlarda əlçatanlığın təmin edilməməsi və digər bu kimi amillər təhsilin keyfiyyət göstəricilərinə öz mənfi təsirini göstərir.  İllər ötür, ancaq tələbələrə yeni keyfiyyətdə dərs vəsaitləri təqdim olunmur. Köhnə tədris bazası ilə təhsildə hansı keyfiyyət göstəricilərinə nail olmaq mümkündür? Bu boşluq internet resurslarında xüsusilə nəzərə çarpır. Nə qədər axtarış versən də, lazımi ədəbiyyatı tapmaq müşkül məsələdir.

Kadrların yaşlaşması və onların gec əvəz olunması başqa bir problemdir. Yaşlı nəslin Azərbaycan elminin və təhsilinin inkişafında böyük zəhməti və haqqı var. Ancaq nəsillərin bir-birini əvəz etməsində balans pozulur. Məktəblərə, universitetlərə, elm ocaqlarına yeni kadrların gətirilməsi də intensivləşdirilməlidir ki, yaşlı nəslin bilik və bacarıqları onlara ötürülsün. Təhsil kimi strateji bir sahədə zəncirin həlqələrinin qırılmasına, ardıcıllığın, varisliyin pozulmasına qətiyyən yol vermək olmaz. Statistika məyusluq yaradır. Əvvəllər respublikamızda yaşı 65-dən yuxarı olan alimlər ümumi sayın 3-4%-ni təşkil etdikləri halda indi bu rəqəm 35-40%-ə yüksəlib. Burada söhbət tutduqları elmi vəzifələri öz yetirmələrinə verməli olan, özlərinin isə elmi məsləhətçi kimi çalışmaları zəruri olan yaşlı nəsildən gedir. Bunun bir səbəbi də gənclərin elmə cəlb olunmasındakı çətinliklərdir. Gənclər nə üçün elmi-tədqiqatlara az maraq göstərirlər? Suala cavab tapmaq üçün sanballı sosioloji tədqiqatlar aparmaq və gənclərin motivasiyalarını öyrənmək lazımdır.

Gələcəyin müasirləri olmağı hədəfləməliyik

“Müasirləşməyimiz üçün təhsilimizi müasirləşdirmək lazımdır. Biz gələcəyin müasiri olmaq istəyiriksə, təhsildəki islahatlar, modernizasiya tək qərb ilə ayaqlaşmağa yox, sabaha hesablanmalıdır. Təhsilin dəyişən şəraitə adaptasiyası şəxsiyyət və iqtisadiyyat üçün xalis dəyərin, əmək qüvvəsinin məhsuldarlığının, iqtisadi artımın, sosial inkişafın yüksəldilməsinə kömək edir. Təhsilin insan kapitalına ən böyük təsiri bilik iqtisadiyatının yaradılmasına yönəlməsidir. Bu tip iqtisadiyyatda biliklər resurs və məhsul olur, informasiya cəmiyyətinin yaranmasına təkan verir. 21-ci əsrin çağırışlarına cavab olaraq universitet təhsilində elə islahatlar aparılmalıdır ki, modern təhsil sisteminin təşkili prinsiplərinə cavab versin”

Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov ifadə edib. Onun sözlərinə görə elmin həyatın bütün sahələrinə, o cümlədən istehsalata sürətli tətbiqi təkcə geniş nəzəri dünyagörüşü yox, həmçinin yaradıcı yanaşmaya malik olan gənc mütəxəssislər tələb edir. Bu mütəxəssislər aid olduqları sahədə yaranmış kritik situasiyaları lazımınca, adekvat qiymətləndirmə, yeni situasiyalara uyğunlaşma, əldə olunan informasiyanı dəqiqləşdirmə, onu tamamlama və optimal istifadə etmək bacarığına malik olmalıdırlar. Təbii ki, belə bir vacib problemin həllində əsas ağırlıq intellektual və innovativ gənc elmi işçilərin və alimlərin üzərinə düşür. “Yaşamaq, mövcud olmaq üçün hərəkət kifayət edir, lakin yerində hərəkətlə inkişafa nail olmaq mümkün deyil”, - deyən Qasım Məmmədov bildirib ki, inkişaf üçün düzgün istiqamətdə və irəliyə doğru hərəkət gərəkdir. “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin son illər ərzində əldə etdiyi uğurlar da bu adi həqiqəti təsdiqləyir. Kamilləşmənin həddi yoxdur. Yetər ki, dayanmayasan, irəliyə doğru addımlayasan. 2019/2020-ci tədris ilində ADNSU ölkə ali məktəbləri arasında birinci olaraq distant təhsil sisteminin tətbiqinə başladı. ADNSU-nun distant təhsil sisteminin mərkəzi elementi olan xüsusi olaraq istehsal olunmuş “ağıllı müəllim masası”  XIII Azərbaycan Beynəlxalq Təhsil sərgisində nümayiş edilib və böyük marağa səbəb olub. “Təqdim etdiyimiz “ağıllı müəllim masası” bu istiqamətdə yeni bir həldir və onu universitetin startapçı tələbələri  reallaşdırıblar. Startapçıların ilk müştərisi universitetimizin özü olub. İndi düşünürük ki, bu layihə genişlənməlidir”, - deyə Qasım Məmmədov bildirib.

Qasım Məmmədovunn “Yeni Azərbaycan”a açıqlamasında bəhs etdiyi “dəvətli professor” layihəsi təhsilin praktikaya yaxınlaşdırılması baxımından diqqət çəkir. Bununla bağlı fikirlərini bölüşən dosent vurğulayıb: “Texnologiyaların belə sürətlə bir-birini əvəzlədiyi bir dövrdə laboratoriyaların  üzərində təhsil qurmaq faktiki olaraq çətinləşir. Digər bir tərəfdən də yeni texnologiyalara əsaslanmış laboratoriyalar qurmaq həm də maddi cəhətdən universitet üçün bahalıdır. Ona görə qərara gəldik ki, müəssisələrdən çalışdıqları sahənin peşəkarlarını “dəvətli professorlar” qismində universitetə çağıraq, həmin professorlar sillabuslara uyğun olaraq müəssisələrdə praktiki işlərin necə həyata keçirilməsi ilə bağlı tələbələri məlumatlandırsınlar. İndi həmin “dəvətli professorlar”ın bura gəlməsinə ehtiyac qalmır. Distant təhsil sisteminin tətbiqi sayəsində distant olaraq həmin müəssisəyə, istehsal sahəsinə qoşulmaqla keçilmiş nəzəri biliklərin orada canlı-canlı necə həyata keçirilməsini auditoriyaya nümayiş etdiririk. Bu, tələbələr üçün çox geniş imkanlar yaradır. Birincisi, tələbə özünün keçdiyi dərsin bu gün istehsalatda tətbiq olunduğunu görür, onda tam rahatlıq yaranır ki, öyrəndiyi dərs istehsalatla bağlıdır və müasirdir. İkincisi, bu, tələbəyə müəllimin dərsi tam əhatə edib-etmədiyini də görməyə imkan verir. Belə olan halda müəllim də məsuliyyətini anlayır və nəticədə, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bundan əlavə, distant olaraq müəssisədən auditoriyaya qoşulan mütəxəssis də lazım gələrsə, özünün fikirlərini bildirir, tələbələrə texnoloji proseslə bağlı ətraflı məlumat verir. Tələbələr onlayn şəkildə qazmanı müşahidə edə-edə hətta müəssisədə iş prosesinin aparılması zamanı yaranan qüsuru da üzə çıxarıblar. Qazma işinin gedişatında düzəlişlər olub və bunların hər biri tələbəyə onlayn qaydada izah olunub”.

Yeni layihələr üzərində işlərin davam etdirildiyini bildirən Qasım Məmmədov fikirlərini belə yekunlaşdırıb: “Layihələrimizin bir qismi tək ölkə miqyasında deyil, beynəlxalq səviyyədə geniş tanınır. Bu il ADNSU-da növbəti Startap festivalını bir az fərqli keçirməyi düşünürük, daha çox tətbiqlə bağlı işləri təqdim etməyə çalışacağıq. Eyni zamanda, xarici bazarlara çıxmaq üçün müxtəlif ölkələrdə keçirilən Startap və innovasiya müsabiqələrində iştirakı intensivləşdirməyi düşünürük. Bu yaxınlarda Fransadan dəvət almışıq. Onlar da bizimlə bu istiqamətdə müəyyən işlər qurmaq istəyirlər. Bundan əlavə, Pribaltika ölkələri ilə də danışıqlar gedir, bu istiqamətdə müəyyən addımların atılması gözlənilir. Ənənəvi tərəfdaşlarımız olan Ukrayna və İsraillə də əməkdaşlıq əlaqələri davam etməkdədir. Eyni zamanda, bizim çox vacib bir istiqamətimiz də “HPC mərkəzi” ilə bağlıdır. Rəsmən dünyada bu mərkəzin qeydiyyata alındığı 102 universitetdən biriyik. Həmin mərkəzə İT biliklərini zənginləşdirmək və bu sahədə peşəkar mütəxəssis olmaq istəyən çoxlu sayda gənc müraciət edir. Azərkosmosla iş birliyi həyata keçirilir. Paralel şəkildə, ayrı-ayrı dövlət və özəl qurumlarla da layihələrin gerçəkləşdirilməsi üzərində işlər aparılır. Bütün bu sifarişlər universitetə əlavə dividend gətirməklə yanaşı, tələbələrin səviyyəsinin də artmasına gətirib çıxaracaq”.

Qeyri-formal təhsilin perspektivləri

Qeyri-formal təhsil dedikdə məktəb sistemindən kənarda baş verən təhsil nəzərdə tutulur. Təhsilin bu növünü bütün uşaqlar üçün formal təhsilə hazırlıq kimi də dəyərləndirmək mümkündür. Buna görə də, qeyri-formal təhsil formal təhsilin əlavəsi və ya alternativi hesab oluna bilər.  Ölkəmizdə qeyri-formal təhsilin təşkil? ilə bağlı “Yeni Azərbaycan”a danışan Gənclərin İnkişaf və Karyera Mərkəzi Regionların İnkişaf Departamentinin koordinatoru Nurlana Zeynalova bildirib: “Azərbaycan Respublikasında təhsilin qeyri-formal növündən istifadə edərək gənclərin inkişafına töhfə verən, regionlarda yaşayan gənc vətəndaşların hərtərəfli inkişafını özünə prioritet seçən qurumlardan biri Gənclərin İnkişaf və Karyera Mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, regionlarda yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Artıq ölkəmizin 52 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb”.

Qurum rəsmisi vurğulayıb ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölgələrdəki nümayəndəlikləri region gənclərinin təhsilə münasibətini, öyrənmə motivasiyalarını müəyyənləşdirir və buna uyğun olaraq öz fəaliyyətini təşkil edir. Belə fəaliyyətlərdə 14-29 yaş aralığında bütün kateqoriyalardan olan gənclər - məktəblilər, tələbələr, məzunlar, işsiz və işaxtaran gənclər, sağlamlıq imkanları məhdud olan gənclər, gənc sahibkarlar, startapçı gənclər və s. iştirak edə bilərlər. Fikirlərinə davam edən Nurlana Zeynalova vurğulayıb: “Hər bir regiona və həmin regionun gənclərinə qarşı individual yanaşma buna əsas verir ki, fərdlər öz tələbatlarına uyğun təşkil olunmuş fəaliyyətlərdə iştirak edərək həm öyrənsinlər, həm də asudə vaxtlarını səmərəli təşkil etsinlər. GİKM-nin fəaliyyətləri təlim, seminar, layihə, tədbir, klub fəaliyyəti formasında icra olunur. Təlim və seminarları mövzu üzrə ixtisaslaşmış təlimçilər həyata keçirirlər. Layihələr təkcə GİKM tərəfindən müəyyən olunmaqla məhdudlaşdırılmır, gənclər tərəfindən irəli sürülən ideya və təkliflər də dəstəklənir və ideyanın icrası üçün şərait yaradılır”.

Mübariz ABDULLAYEV

 

 

 

Paylaş
Baxılıb: 140 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31