Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Təhsilimizdəki boşluqlar: problemlər və həlli yolları

Təhsilimizdəki boşluqlar: problemlər və həlli yolları

26.04.2022 [11:00]

İbtidai siniflərin ibtidai problemləri...

Nicat PAŞA

Qəzetimizin ötən sayında təhsilimizdə mövcud olan boşluqların, problemlərin və həlli yollarının işıqlandırılması məsələlərinə həsr olunan silsilə yazılar dərc edəcəyimiz barədə məlumat vermişdik.

Bu gün orta təhsilin ilk pilləsi - ibtidai təhsillə bağlı mövcud vəziyyətə işıq salmağa çalışdıq.

Sözügedən sahədə də valideynlərin məsələyə yanaşması birmənalı deyil. Belə ki, bəzi valideynlər dərs yükünün çox olmasından, digərləri isə verilən dərs vəsaitlərinin çoxluğundan, ağırlığından şikayətçidirlər.

Çantaları o qədər ağırdır ki, daşıya bilmirlər

Mövzu ilə bağlı qəzetimizə danışan valideyn Cəmilə Abbasova deyir ki, birinci sinifdə oxuyan övladı dərslərini hazırlamaqda xeyli çətinlik çəkir. Onun sözlərinə görə, məktəbli valideynin köməyi olmadan tapşırıqları həll edə bilmir: “İki övladım ali məktəbdə təhsil alır. Onların dövründə dərslər sinif proqramlarına uyğun keçirilirdi. Bu, 2006-2017-ci illərə təsadüf edir. Müqayisə apardıqda görürük ki, həmin illərdə təhsil alanların yuxarı sinifdə öyrəndiklərini indiki şagirdlərə kurikulum sisteminə görə lap aşağı siniflərdə tədris edirlər. Bu isə övladım Ayanın timsalında digər şagirdlər üçün də həm fiziki, həm də mənəvi çətinliklər yaradır. Problem təkcə dərs yükünün çox olması deyil. Məktəbli çantaları da o qədər ağırdır ki, bizim - valideynin köməyi olmadan daşıya bilmirlər. Çünki kitablardan əlavə iş dəftərləri də var. Bu isə həm maddi, həm də fiziki baxımdan bizi xeyli yorur”.

C.Abbasova ümid edir ki, mövcud vəziyyət aidiyyəti qurumların müdaxiləsi ilə öz müsbət həllini tapacaq.

Təbii ki, Cəmilə xanım dərs yükünün ağır olmasından giley-güzar edən  nə birinci, nə də sonuncu valideyndir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafil­ov deyir ki, uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər, narazılıqlar və narahatlıqlar nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də hələ ki, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır: “Valideynlərin dilindən çiyinləri çantanın ağırlığından əyilən uşaqlar dərsdən evə gələndən sonra da müəllimlərin tapşırıqları üzərində çalışırlar kimi eyhamlar bu günün özündə də eşidilməkdədir. Məsələ ondadır ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Bu məsələdə qarşılıqlı ittihamlara da yol verilməmiş deyil. “Əslində, orta məktəblərdə tədris proqramı ağır deyil, sadəcə, bir qrup müəllim uşaqların akademik yüklənməsini onların daha yaxşı öyrənmələrinə vasitə kimi baxır. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər”, “Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik” kimi mövqedən çıxış edənlər də var”.

Uşaqları ifrat dərəcədə yükləməklə...

Təhsil mütəxəssisi qeyd edib ki, uşaqları ifrat dərəcədə yükləməklə onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq: “Hesab edirəm ki, “Bəzi müəllimlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri” düşüncəsi problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır”.

Ekspertin fikrincə, çoxillik müşahidələr valideynlərin şikayətlərinin xüsusilə ibtidai siniflərdə ev tapşırıqlarının çoxluğu və iş dəftərləri tələbi ilə əlaqədar olduğunu göstərir: “Halbuki, dünyanın bir çox ölkələrində ibtidai sinif şagirdlərinə ev tapşırığı verilmir: Bəzi valideynlər, hətta proqram materiallarının çətinliyindən öz övladlarına kömək etməkdə aciz olduqlarını belə dilə gətirirlər. Bütün bunlar azmış kimi, çoxsaylı şikayətlərdə o da bildirilir ki, ibtidai siniflər üçün hazırlanan əlavə vəsaitləri tapmaq müşkülə çevrilib. Belə ki, paytaxtın bəzi kənd və qəsəbələrində poçt məntəqələri fəaliyyət göstərmir. Mövcud poçtlarda da “iş dəftər”lərini tapmaq mümkün deyil. Onu da xatırlatmaq yerinə düşər ki, 2007-ci ildən bu yana “Məktəblilərin iş dəftəri bəlası”, “Orta məktəblərdə iş dəftəri biabırçılığı”, “Valideynlər üçün “məktəb faciəsı”, “İş dəftərləri bilik mənbəyidir, yoxsa qazanc?” və s. bu kimi başlıqlı yazılar neçə dəfələrlə manşetlərin bəzəyi olub. Baxmayaraq ki, Təhsil Nazirliyi “İş dəftərləri”nin tətbiqini kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı. Çünki o dövrdə  kurikulumun tələblərinə uyğun dərsliklər hazırlanana qədər belə dəftərlərdə? istifadə olunması zərurəti yaranmışdı. Lakin təəssüflər olsun ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. Bu iş dəftərləri təhsilə, biliyə və elmə xidmətdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı. Belə çıxır ki, əslində kurikuluma uyğun yeni nəsil dərsliklər hazırlandıqdan sonra daha çox biznes və kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”nə elə də bir ehtiyac qalmır. Təhsil Nazirliyindən isə zaman-zaman, dəfələrlə bildirilib ki, “İş dəftərləri” dərslik kom?lektindən çıxarılıb, onların istifadəsi məcbur deyil. Bununla belə üstündən artıq neçə illər keçməsinə baxmayaraq, vəziyyət o qədər də dəyişməyib”.

Bəs problemin düyünə düşməsinin səbəbi nədir?

“Kimsə bunu belə qəbul edir ki, iş dəftərləri dərslik komplektindən çıxarılıb, tədris prosesindən isə çıxarılmayıb. Eynilə belə çıxır ki, iş dəftərlərindən istifadə edə də bilərsən, etməyə də. Bu məsələdə Təhsil Nazirliyindən asılı olmayan səbəblər də var, digər korporativ və kommersiya maraqları və s. də var. Məlum olduğu kimi “İş dəftərləri” 2013-cü ildən Təhsil Nazirliyindən alınaraq müstəqil nəşriyyatlara verilmişdi. Bir çox müəllimlər və məktəb rəhbərləri də bizə məlum olan və məlum olmayan səbəblərdən bu dəftərlərin istifadəsində maraqlıdırlar”.

“Unutmayaq ki, İbtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama və?dişləri yaratmaq və möhkəmləndirmək, uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər aşılamaqdır. Halbuki,  bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti lazımı səviyyədə olsun. Əlavə yükləmələr isə, əksinə uşaqları bu bacarıqlardan məhrum edir. İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə deyil, həmçinin uşaqların gündəlik vəsaitləri daşımasına da ağırlıq edir. Uşaqlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətsiz deyil. Məşhur “sağlam ruh, sağlam bədəndə olar” kəlamı heç də təsadüfən yaranmamışdır”, - deyə N.İsrafilov fikirlərinə əlavə edib.

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31