Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Sosial / Övladlığa götürmə

Övladlığa götürmə

01.02.2023 [10:47]

Uşaqların sonrakı taleyi, psixoloji və hüquqi məqamlar...

Yeganə BAYRAMOVA

Ötən il 110-u oğlan, 105-i qız olmaqla 215 uşaq övladlığa götürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, onlardan 136-sı 3 yaşadək, 67-si 4-11 yaş, 12-si 12-18 yaş aralığında olanlardır. Son bir ildə, həmçinin sosial xidmət müəssisələrindən 120 uşaq öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 53-ü qız, 67-si oğlandır.

Övladlığa götürülən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilməsi üçün uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə monitorinqlər həyata keçirilir. Ötən il də bu istiqamətdə 1 337 monitorinq aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə nazirliyə həvalə olunub. Ötən dövrdə bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib və övladlığagötürmə prosesinin də e-sistem üzərindən həyata keçirilməsinə başlanılıb.

Ailə mühiti uşaqların fiziki, psixoloji və mənəvi inkişafında vacib rola malikdir. Uşaqların ailədə yaşaması onların cəmiyyətdə faydalı fərd kimi yetişməsində də mühüm əhəmiyyət kəsb edir. Amma təəssüf ki, bəzi uşaqlar müxtəlif səbəblərə görə, valideyn himayəsindən məhrum olurlar. Son illər ölkəmizdə həmin uşaqlar və valideyn hüququnu itirən şəxslər üçün övladlığa götürmə prosesləri sadələşdirilib.

Kimlər övladlığa uşaq götürə bilməz?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Ailə Məcəlləsinin 120.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda, habelə övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklərdən birinə tutulmuş valideyn-namizəd, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürülməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə, həmçinin aralarında nikah olmayan şəxslərin birlikdə eyni uşağı övladlığa götürməsinə yol verilmir: “Hər bir valideyn-namizəd, onunla birgə yaşayanlar və s. barədə məlumatlar əldə edildikdən sonra namizədlə müsahibələr keçirilməsi, maddi-məişət şəraitinin müayinəsinin aparılması, onun üçün təlimlərin təşkili nəzərdə tutulur. Valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı müəyyən edildikdə də namizədin uçotdan çıxarılması nəzərdə tutulur. Təlimin sonunda valideyn-namizədin övladlığagötürmə ilə bağlı özünəinam, özünüdərk, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma və valideynlik bacarıqlarının inkişaf səviyyəsi və s. qiymətləndirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, e-sistem övladlığa götürülən uşağa uyğun valideyn və valideyn-namizədə uyğun uşaq seçir”.

Övladlığa verilən uşaqlar nəzarətdə necə saxlanılır?

Nazirlikdən bildirilib ki, valideyn-namizədlə uşaqların uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, övladlığa götürüləcək uşaqların valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi ilə bağlı da sənəddə müvafiq qaydalar var. Nəticə əsasında övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu barədə məhkəməyə rəy təqdim edilir: “Uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə nazirlik monitorinqlər aparacaq. Bu zaman ailənin yaşayış şəraiti, maddi vəziyyəti, övladlığa götürülmüş uşağın və onu övladlığa götürmüş şəxslərin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti nəzərə alınacaq”.

Psixoloji məqamlara fikir verilməlidir

Psixoloq Aytən Ələkbərovanın “Yeni Azərbaycan”a açıqlamasına görə, övladlığa uşaq götürmək istəyən valideynlərin yaş kateqoriyası nəzərə alınmalıdır: “Uşağı övladlığa götürən zaman valideyn namizədlərin yaşının ən azı 30-dan yuxarı olmalıdır. Bu da onların müəyyən həyat təcrübəsinə malik olması üçün vacibdir. Yaxşı olardı ki, övladlığa götürdükləri uşaqla aralarında yaş məsafəsi ən azı 18 yaş olsun. Çalışmaq lazımdır ki, uşaq övladlığa körpəlikdən götürülsün. Bu uşağın həmin ailənin qaydalarına uyğunlaşması, xarakterik xüsusiyyətlərini götürməsi üçün çox mühümdür. Valideyn namizədlər 3-6 yaşlı uşaqlarda güvən hissinin formalaşdığını nəzərə almalı, həmin dövrlərdə uşaqla davranışlarda daha diqqətli olmalıdırlar. Ümumiyyətlə, övladlığa uşaq götürən valideynlər uşaqları ilə mütəmadi vaxt keçirməli, çətinlik çəkdikləri məqamlarda isə mütəxəssislərə müraciət etməlidirlər

Ümumiyyətlə, bu qərara gələnə qədər cütlük bir neçə mərhələdən keçir. Sonda ya bu fikirdən daşınırlar, ya da uşaq övladlığa götürmək fikrinə gəlirlər. Düzdür bizim cəmiyyətdə daha çox qohumdan övladlığa götürürlər”.

A.Ələkbərova qeyd edib ki, övladlığa götürmə həssas bir mövzudur və burada psixoloji məqamlar var: “Valideyn namizədlərin bir çox hallarda itirmə qorxusu olur. Nə zamansa uşağım bunu biləcək və öz valideynlərini istəyəcək, ya da nə vaxtsa öz valideynləri uşağını geri tələb edəcəklər. Yəni, mütləq şəkildə övladlığa götürmə qərarına gələndə cütlüyə psixoloji konsultasiya, psixoloji yardım göstərilməsi mütləq lazımdır. Çünki insanlar hər zaman itirmə qorxusu ilə yaşayanda həyəcan, təşviş kimi gərginlik hallarından sonra psixoloji narahatlıqlar ortaya çıxır. Bəzən elə olur ki, cütlük qərar verir, övlad götürür və müəyyən müddətdən sonra uşağı geri qaytarır. Artıq bu uşaq üçün böyük bir travma olur. Uşağın öncədən atılması, daha sonra övladlığa götürülməsi və yenidən qaytarılması gələcəkdə uşaqda psixoloji problemlər, özgüvənsizlik, özünəqapanma, ətrafa, cəmiyyətə qarşı davamlı üsyan, aqressivlik yaradır”.

Məxfilik hüququ qorunur

1 saylı Uşaq evindən qəzetimizə verilən açıqlamada bildirilib ki, uşaqlar övladlığa verilərkən məxfilik hüququ tamamilə qorunur: “Övladlığa verilmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi prosedur qaydalarına uyğun olaraq baş tutur. Nazirlik müvafiq işlər tamamlandıqdan sonra uşaqları həmin ailələrə övladlığa verir, heç bizim məlumatımız olmur. Biz sadəcə olaraq, övladlığa verilmə prosedurlarını yerinə yetirərkən müvafiq işlərin icrasında nazirliklə qarşılıqlı olaraq fəaliyyət göstəririk. Ancaq bu proses həyata keçirilərkən məxfilik tam şəkildə yerinə yetirilir”.

Hüquqşünas Sevda Məhhərəmovanın sözlərinə görə, övladlığa verilmə zamanı əsas məqamlardan biri məxfilik hüququnun qorunmasıdır və bu fakt qanunvericiliyimizdə yer alıb: “Məxfilik hüququnun pozulmasında əli olan şəxslər isə qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilərlər. Ancaq müəyyən istisnaları qeyd etmək yerinə düşər. Məsələn, uşaq böyüyüb 18 yaşı tamam olduqdan sonra öz istəyi ilə bioloji valideynlərini axtarmaq, onların kimliyini öyrənmək istəyir. Bəzi hallarda isə bunun üçün müəyyən televiziya verilişlərinə müraciət edirlər. Yaxud da əksinə uşağın bioloji valideynləri övladlarının kimliyini öyrənmək istəyir. Lakin burada bir məqam var, əgər həmin valideynlər övladlarının kimliyini məhkəmə qərarı ilə öyrənmək üçün müraciət edirlərsə, məsuliyyətə cəlb olunmaya bilərlər. Əks təqdirdə övladının kimliyini öyrənərkən qanunvericilik pozulubsa, artıq burada müəyyən cəzalardan danışa bilərik”.

Paylaş:
Baxılıb: 246 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31