Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Nuh diyarında üç gün...

Nuh diyarında üç gün...

29.06.2022 [10:44]

Gəzdiyim, gördüyüm və tanıdığım Naxçıvan

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının (MR) Turizm Departamentinin birgə təşkilatçılığı ilə 22-24 iyun tarixlərini əhatə edən “Nuh diyarı - Naxçıvan” tədbiri çərçivəsində bir qrup jurnalistlə Naxçıvana doğru - Mirzə Cəlilin, Cavid bəyin, Ordubadinin yurduna yola çıxdıq. Səfərdə media nümayəndələri ilə yanaşı, Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri də iştirak edirdi.

Tədbirin məqsədi Naxçıvan MR-nin turizm destinasiyası kimi qonşu ölkələrdə tanıdılması, sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və muxtar respublika ilə bağlı müştərək turizm məhsullarının hazırlanması idi.

55 dəqiqədən sonra... Nuh yurdu ilə ilk tanışlıq

Nuh yurduna ilk dəfədir ki, gedəcəyim üçün sevincli bir o qədər də  həyəcanlı idim. Naxçıvan barədə təəssüratlarım elə səmadan başlamışdı. Mülayim havası və aydın səması ilə bizi qarşıladı.

Beləliklə, 55 dəqiqədən sonra mediatur iştirakçıları olaraq Naxçıvana yetişdik.

Təmiz, səliqəli küçələr və ...

Şəhərin mərkəzinə, iki gün müddətində qalacağımız “Təbriz” hotelinə doğru yollandıq. Yolboyunca qədimi abidələr və müasir yollar bizi müşayiət edirdi. Nəzər yetirdikcə təmiz, səliqəli küçələr və Təbriz adında bir çox məkan diqqətimi cəlb etdi.

40 ildir ki...

Mehmanxana isə 40 ildir ki, turistlərin üzünə açıqdır. Onları yüksək səviyyədə qarşılayır. Panoramdan XVIII əsrə aid tarixi-memarlıq abidəsi İsmayılxan hamamı və Dədə Qorqudun heykəli aydın görünür.

Hotelin foyesində diqqətimi dərhal masadakı “Şərq qapısı” qəzeti çəkdi.

“Şərq qapısı” - Naxçıvanın tarixinin və müasir inkişafının güzgüsü

“Şərq qapısı” qəzeti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in tarixinin və müasir inkişafının güzgüsüdür. Gündəlik ictimai-siyasi qəzet 1921-ci ildən oxucularını informasiya ilə təmin edir.  1500 tirajla və rəngli formatda çap olunan qəzetin həminki sayında maraqlı məqalələr diqqətimi cəlb etdi.

İyirmi ildən çox tarixə malik Heydər Əliyev Muzeyində...

Müasir müstəqil Azərbaycanın, eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının xilası, dirçəlişi və tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Beləliklə, infoturun ilk günü ümummilli lider Heydər Əliyevin abidəsi və Heydər Əliyev Muzeyini ziyarət etməklə başladı. 20 ildən çox tarixə malik Heydər Əliyev Muzeyinin muxtar respublikada yaradılan muzeylər içərisində xüsusi yeri və əhəmiyyəti var. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb.

Muzeydə görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı eksponatlar ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Muzeyin həyatında ən əlamətdar hadisələrdən biri 1999-cu ilin oktyabr ayında ulu öndər Heydər Əliyevin muzeyin ekspozisiyası ilə tanış olmasıdır. Bu ziyarət zamanı çəkilmiş fotolar dəyərli eksponatlar siyahısındadır. Eləcə də muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin Ulu Öndər haqqında yazdığı fikirlər də maraq doğurur.

Biznesdən biznesə

Öz növbəsində, Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirildi. Hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirildi. Yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan mətbuat konfransında maraq doğuran suallar cavablandırıldı.

Bir suyu Təbrizə, bir suyu Xızıya oxşayan Ordubad

Daha sonra Ordubad rayonuna səfər edərək şəhər gəzintisində olduq və rayonun turizm imkanları ilə yaxından tanış olmaq imkanı əldə etdik.

Ordubad təbiəti və iqlimi ilə fərqlənir. Yolboyu dağlar, qayalar bizi müşayiət edirdi. Bir suyu Təbrizə, bir suyu Xızıya oxşayırdı. Rahatlığı təmin etmək üçün yolları yenidən qurulur.

Sanki, biranlıq XVII əsrin mehi əsir. Bunu milli-memarlıq nümunələrindən aydın duymaq olar. Köhnə məhəllələri, meydanı, hamamları, məscidləri... baxdıqca sanki zamanda səyahət edirsən. Bələdçimiz sözümə qüvvət olaraq şəhərin memarlıq quruluşunun XVII əsrdə necə idisə, indi də həmin qədimliyini saxladığını deyir.

Dadlı limon, ballı qayğanaq

Ətri dünyaya yayılan Ordubad limonunun sorağına düşdüm. Ordubadda, demək olar, hər həyətdə limon ağacları yetişdirilir. Özü də dibçəkdə. Lakin bu iş olduqca məşəqqətlidir.

Deyilənə görə, dibçəklər nə çox işıqlı, nə də çox kölgəli yerdə olmalı, sulanmasına isə xüsusi diqqət yetirilməlidir. Qış vaxtı onu açıq havada saxlamaq mümkün deyil. Ya evlərin zirzəmilərində, ya da xüsusi istixanalarda saxlanılır. Bu yerlərin işıqlanması da, istiliyi də normal səviyyədə olmalıdır, yoxsa, ağac yarpaqlarını tökər.

Limonun öncə adına, sonra dadına bələd oldum. Mübaliğəsiz deyə bilərəm ki, Ordubad limonu, samovar çayı və unikal mənzərəsi kifayət edir ki, yolun yorğunluğunu atasınız.

Ordubad həm də mətbəx nümunələri ilə seçilir. Ordubad qayğanağını siz başqa heç yerdə dada bilməzsiniz. Bu unikal dad üçün ancaq Ordubada üz tutmalısınız. Çünki həmin dadı əldə etmək ustalıq tələb edir.

Adı sadə görünsə də, hazırlanması çox çətindir. Xeyli zəhmət bahasına başa gələn qayğanaq nə az, nə çox - düz 2 kq kərə yağı, 18 yumurta və 1 stəkan baldan hazırlanmış şirədən ibarətdir. Deyilənə görə, bu qayğanaqdan səhər bir dilim yedinsə, axşamadək aclıq hiss etmirsən.

Şöhrəti dünyanı dolaşır

Səfərin ilk günü Nuh diyarı təmiz havası, dumduru suları, əsrarəngiz təbiəti, eyni zamanda, rəngarəng və ecazkar mətbəxi ilə yaddaşlarda iz qoydu. Haqlı olaraq, tarixən ekoloji təmiz məhsullardan hazırlanan milli yemək və şirniyyatların şöhrəti bu gün dünyanı dolaşır. Bu ləziz mətbəx nümunələrinə qonaqpərvərlik, qonağa ehtiram duyğularını da əlavə etmək lazımdır.

Muzeylər diyarı

Səfərin ikinci günündə bir sıra Naxçıvan muzeylərinə ekskursiya etdik.

İlk ünvan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi idi. İstər memarlıq quruluşu, istərsə də interyer dizaynı baxımından çox maraqlı və cəlbedici məkanlardan biri idi. Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və təbliğ edilir. Muzeyin bələdçisi bildirdi ki, bu iqamətgah Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray hazırda muzey kimi fəaliyyət göstərir. Bu qədim mədəniyyət incisi Ali Məclis Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.

“Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”

Gəzinti Möminə Xatun türbəsi, Xan Sarayı və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıqla davam etdi.

Möminə Xatun türbəsi 1186-cı ildə tikilib. Naxçıvan memarlığının şah əsərlərindən olan bu abidəni Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəgizin xanımı Möminə Xatunun qəbri üzərində inşa etdirməyə başlayıb. Onun tikintisini isə oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırıb. Bəzi tədqiqatçılara görə, onlar bu sərdabədə dəfn olunublar.

Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə yazılan bu sözlər diqqət çəkirdi: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

 “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə də gəlib, mədəniyyət müəssisəsinin tarixi barədə məlumat aldıq. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb.

Buranın tarixi əhəmiyyətini artıran mühüm amillərdən biri də qala divarları yaxınlığında Nuh Peyğəmbərin məzarının, məzarüstü türbəsinin olmasıdır. Bizim e.ə I əsrdə yəhudi tarixçisi İosif Flavi və eramızın II əsrində yunan coğrafiyaşünası Klavdi Ptolemey Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb, rus tədqiqatçısı K.A.Nikitin isə 1882-ci ildə nəşr etdirdiyi məqaləsində Naxçıvan şəhərinin əsasının Nuh Peyğəmbər tərəfindən qoyulduğunu qeyd edib.

Növbəti ünvan Dövlət Bayrağı Meydanı oldu. Meydanın mərkəzində dalğalanan üçrəngli bayraq qürurla öz qonaqlarını salamlayırdı. Burada nadir quruluşa malik Bayraq Muzeyi də xüsusi diqqət çəkirdi. Muzeydə Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR-ın ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.

Mustafa Kamal Atatürkün “Türkün qapısı” adlandırdığı qədim Nuh Yurduna təşrif buyuranlar sırasında türk qardaşlarımız da vardı. Ölkənin nüfuzlu media orqanları və turizm işçiləri burada gəzib gördüklərini öz elində yaymaq üçün həyəcanlı olduqlarını deyirdilər.

 Niyyətlərin gerçək olduğu məkan

Növbəti səfər hər il ölkəmizdən və xarici ölkələrdən minlərlə zəvvar, turist və qonaqların ziyarət etdiyi, Culfa rayonu ərazisində yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinədir. Ziyarətgahın adı “mağara sahibləri” mənasını verir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yuxuya getməsindən, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.

Dualarımızın qəbul olunması arzusu ilə birbaşa oraya yollandıq. Qısa zamanda Naxçıvan-Ordubad magistralından Əshabi-Kəhfə aparan yola çatdıq. Ziyarətçilərin rahatlığı üçün yol abidəyə qədər asfaltlanıb. Abidənin kandarından daxil olan kimi “Allah qəbul eləsin” duaları ilə qarşılandıq. Ziyarətgahın sehrinə qapıldıq, dilimizdə dualar pilləkənləri qalxaraq mağaranın içinə irəlilədik. Ziyarətgahdakı məscidin qabağında “qara daş” var. Onun səmadan gələn meteorit daşı olduğu deyilir. Daşın nə zamandan burada mövcud olması barədə məlumat yoxdur. Zəvvarlar həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tuturdular. Qonaqlar sırasında iranlı nümayəndələr də vardı. Gələn turistlərin hamısı diyarımız haqqında xoş sözlər söyləyir, bu gözəlliyə məftunluqlarını gizlətmirdilər.

Söhbət etdiyimiz yerli ziyarətçilərin sözlərinə görə, bir çoxunun niyyətləri yerinə yetib, şəfa tapıblar. Ona görə də buraya şirniyyat paylamağa gəliblər.

Kimisi divarlara daş yapışdırır, kimisi də “Damcıxana”da oturub üzərinə damcı düşməsini gözləyirdi. Deyilənə əsasən, ilin yağışlı və quraq keçməsindən asılı olmayaraq, həmin yerdə tavandan su damır. İnanca görə, damcı insanın üzərinə düşərsə, arzusu tezliklə çin olur. Damcı düşməsə...

Qonaqları özünə heyran edən

mərcan gözlü Batabat

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Mərhum İslam Səfərlinin bu məşhur şeirinin sorağınca məşhur mərcan gözlü Batabat yaylağına yollandıq. Deyərdim ki, Batabat ziyarətlərin tacı oldu.

Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı füsunkar gözəlliyi ilə qonaqları özünə heyran etmişdi. Oksigenlə zəngin havası, saf suyu və heyranedici təbiət mənzərəsi Batabatın yüzillik tarixi şöhrətindən heç nə itirmədiyinin əyani sübutu idi. Ürəyimizə sərinlik gətirən bu təbiət mənzərəsi şəfaverici xüsusiyyətlərə malik olan otlar, çiçəklər, ağac və kollar ilə əhatələnmişdi.

Qalın meşəsi, bitki və canlılarla zəngin biomüxtəlifliyi, bir-biri ilə növbələşən landşaft mənzərələri, soyuq suyu ilə diqqəti cəlb edən Zorbulaq, Batabat gölündəki üzən ada insanlarda zəngin təəssürat yaradırdı. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişirdi. Dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edir. Hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur.

Bütün bunlara görə Batabat dünyanın dörd bir yanından gələn turistlərin dəyişməz ünvanına çevrilib.

Daha sonra Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil olundu. Bildirildi ki, qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq dağ-xizək mərkəzi qurulub. Qonaqlar üçün kanat yolu vasitəsilə Ağbulaq kəndinin əsrarəngiz gözəlliyini səmadan izləmək imkanı yaradılıb. Bu gün həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıtmaqdadır.

Təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağda...

Naxçıvanın simvollarından biri hesab olunan, təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdayıq. Duzdağa getmədən “Naxçıvana getdim” demək olmaz.

1979-cu ildə yaradılan Duzdağ Fizioterapiya Mərkəzində hazırda bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Buraya həm ölkəmizin sakinləri, həm də xarici ölkələrdən olan xəstələr üz tutur, duzlu hava ilə nəfəs alaraq ağciyərlərini təmizləyirlər.

Buranı görmək istəyənlərin sayı hər il daha da artır. Dəniz səviyyəsindən 1173 metr hündürlükdə olan Duzdağ mağarasında 2 ayrı müalicə mərkəzi mövcuddur.

Naxçıvan MR Duzdağ Fizioterapiya şəfa ocağının müalicəvi təsirinin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı hissəyə adaptasiya olunaraq girirlər. Eləcə də şaxtada havalandırma təbiidir, allergenlər yox dərəcəsindədir. Mərkəzdə 47 otaqda eyni anda 128 pasiyentin müalicəsi üçün rahat şərait yaradılıb. Müalicələr isə 2 növbədə - 2-12 yaş üçün gündüz, 12 yaşdan böyüklər üçün isə gecə təşkil olunur. Bundan başqa, mərkəzdə pasiyentlər üçün kafe, TV salon, kitabxana, mağaza, növbətçi tibb bacısı otağı da mövcuddur.

Xudahafiz, Naxçıvan və ya gələn görüşə qədər...

Artıq vaxt-vədə yetişdi. Üçgünlük səfər sona çatmaq üzrə idi. Hər kəs xoş təəssüratlarla Bakıya qayıtmaq üçün toplanmışdı.

Qısa səfər çərçivəsində Nuhun diyarında böyük təəssüratlar qazandıq. Təmiz və səliqəli küçələr, rahat abad yollar, yeni tikilən binalar, salınan yaşıllıq, yeni əkilən ağaclar...

Naxçıvanlılar uzun müddət blokada şəraitində yaşamalarına baxmayaraq, qəhrəman kimi öz yurdlarında qalıb buranı inkişaf etdirməyə nail olublar.

Naxçıvanda “Bakı gecələri”

Beləcə xəbər boxçamızla Bakıya yollanırdıq ki, fonda tanış və doğma bir səs gəldi. Kimsə pianoda “Bakı gecələri” mahnısını ifa edirdi. Artıq Bakı bizi çağırırdı. Biz isə üç gün ərzində yüksək qonaqpərvərlik nümayiş etdirən hər kəsə təşəkkür edərək Nuh yurduna “xudahafiz” dedik  - gələn görüşə qədər.

P.S. Dünya səyahətinə öncə Vətəni gəzməklə başlamaq lazımdır.

P.P.S. Dünyada trend halını almış “Ölmədən öncə gəzilməli yerlər” siyahısına Naxçıvanı da əlavə etmək gərək.

Müşfiqə BAYRAMLI

Bakı-Naxçıvan-Bakı

Paylaş:
Baxılıb: 218 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31