Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YAP uğurlar və qələbələr partiyasıdır

YAP uğurlar və qələbələr partiyasıdır

19.11.2009 [09:40]

Partiyanın Nizami rayon təşkilatının yeni qərargahı istifadəyə verilib
Dünən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının yeni qərargahının açılış mərasimi keçirilib. Mərasimdə partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan YAP böyük inkişaf yolu keçib. Bu gün partiyanın cəmiyyətdə qazandığı nüfuz möhkəm əsaslara söykənir. O, yeni binanın tikilib istifadəyə verilməsini partiya rəhbərliyinin diqqət və qayğısı kimi dəyərləndirib.
Mərasimdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın yaranmasının 17-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın Sədr müavini bildirib ki, partiyanın gücünü göstərən çoxlu vacib faktorlar var: “Bu gün məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, YAP-ın Nizami rayon təşkilatı üçün yeni, müasir bina tikilib istifadəyə verilir. Bu, Nizami rayon ictimaiyyətinin, rayon təşkilatı üzvlərinin ölkəmizin bu əlamətdar gününə hədiyyəsi kimi dəyərləndirilir”.
Onun fikrincə, yeni binanın istifadəyə verilməsi YAP Nizami rayon təşkilatının çoxsaylı üzvlərinin fəallığını daha da artıracaq: “Bu bina rayonun bütün partiya üzvlərinin mütəmadi toplandığı, mühüm müzakirələr apardığı, əhəmiyyətli layihələrin meydana gəldiyi bir məkana çevriləcək”.
YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov isə çıxışında deyib ki, bu gün rayonun tarixində çox əlamətdar hadisədir. O, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan da bəhs edib. T.Budaqovun sözlərinə görə, rayon təşkilatının üzvləri məsuliyyətlərini artıraraq daha səmərəli fəaliyyət göstərəcəklər.
Yeni inzibati binanın rəmzi lenti kəsildikdən sonra tədbir iştirakçıları qərargahda yaradılmış iş şəraiti ilə tanış olublar.
Daha sonra yeni binanın akt zalında YAP-ın yaradılmasının 17-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. YAP Nizami rayon təşkilatının sədri S.Vəliyeva partiyanın 17 ildə keçdiyi inkişaf yolundan ətraflı bəhs edib və bildirib ki, YAP Nizami rayon təşkilatı da fəaliyyətini partiyanın Nizamnaməsinə uyğun quraraq, ölkənin ictimai-siyasi həyatında fəallığını daha da artırmaq üçün ciddi səylər göstərir. Onun sözlərinə görə, YAP Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də təsis olunub: “Təşkilatımız fəaliyyət göstərdiyi 16 il ərzində respublikanın ictimai-siyasi həyatında fəal iştirak edib. 2008-ci il YAP üzvləri üçün daha uğurlu olub. Belə ki, 15 oktyabrda keçirilən prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülən, ümumilikdə xalqın namizədi olan cənab İlham Əliyev böyük səs çoxluğu ilə yenidən Prezident seçildi. Partiyamız üçün əlamətdar tarixi günlərdə YAP Nizami rayon təşkilatının yeni inzibati binasının açılışı partiya üzvlərinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir”.
S.Vəliyeva yeni inzibati binanın inşasında zəhməti olan hər bir kəsə 7 mindən artıq üzvü olan YAP Nizami rayon təşkilatı adından minnətdarlığını bildirib.
YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov toplantıda çıxış edərək, partiyanın cəmiyyətdə tutduğu mövqedən, Azərbaycanın inkişafından, son illər əldə olunan uğurlardan ətraflı bəhs edib. O, bildirib ki, partiyanın təsis olunması Azərbaycanın müasir tarixinin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirilir. Bu, Azərbaycan xalqının Heydər Əliyev ideyalarına olan inamının, ümidlərinin ifadəsi idi. Sevindirici haldır ki, YAP yarandığı gündən bugünədək bu inamı yüksək səviyyədə doğruldub. Əli Əhmədov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışının ən möhtəşəm nəticəsi bugünkü Azərbaycan, onun sürətli inkişafı, hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir. Təbii ki, Azərbaycanın inkişafı, Heydər Əliyev yolu ilə irəliləməsi, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələri Ulu öndərin yaratdığı və hazırda cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın da güclənməsinə, sıralarının artmasına, cəmiyyətdə mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. “Bu gün partiyanın sıralarında 500 minə qədər üzv birləşir. Gələn ilin yanvar ayında YAP-ın 500 mininci üzvü ictimaiyyətə təqdim olunacaq. Göründüyü kimi, Azərbaycanın siyasi tarixində YAP qədər güclü və qüdrətli siyasi təşkilat olmayıb. ötən 17 ildə partiyamız şərəfli yol keçib, bütün sınaqlardan uğurla çıxıb. çünki partiyamızın amalı xalqa və dövlətə ləyaqətlə xidmət etməkdən ibarətdir. Bu yolda partiyamızın üzvləri böyük fədakarlıq nümayiş etdirirlər” - deyə YAP-ın Sədr müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Ulu öndərin siyasi kursunun davamçısı cənab İlham Əliyev Prezidentliyi dövründə gördüyü işlərlə bir daha verdiyi vədlərə sadiq olduğunu təsdiqlədi. Yüz minlərlə yeni iş yerləri açıldı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan bütün sahələrdə sürətlə irəlilədi. YAP Sədrinin müavini bugünədək ölkədə keçirilən seçkilərdən YAP-ın uğurla çıxdığını önə çəkərək, bunu şərtləndirən amilləri diqqətə çatdırıb: “YAP nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir”.
Əli Əhmədov bildirib ki, uğurlar bizi arxayınlaşdırmamalıdır. çünki qarşıda mühüm vəzifələr dayanır. Bu il dekabrın 23-də bələdiyyə seçkilərinin keçiriləcəyini deyən YAP-ın Sədr müavini bu seçkilərin də gərgin mübarizə şəraitində keçəcəyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, xalqın YAP-a və onun liderinə inamı, həmçinin, partiya üzvlərinin fədakarlığı nəticəsində gələcəkdə də böyük uğurlar qazanılacaq. “YAP-ın digər partiyalardan fərqi həm də ondan ibarətdir ki, öz ətrafında intellektual insanları birləşdirib. Eyni zamanda, partiyamızda gənclər də üstünlük təşkil edir. YAP üzvlərinin təxminən 40 faizini gənclər təşkil edir. Əgər ölkənin bilikli, müasir dünyagörüşlü gəncləri öz siyasi talelərini YAP-la bağlayırlarsa, bu, partiyamızın uğurlu perspektivlərindən xəbər verir” - deyən Əli Əhmədov vurğulayıb ki, YAP uğurlar və qələbələr partiyasıdır. Onun sözlərinə görə, gələcəkdə də partiyamız Heydər Əliyev ideyalarına sadiq qalmaqla yanaşı, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin fəal təbliğatçısı və təminatçısı missiyasını yerinə yetirəcək.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov çıxışında bildirib ki, cəmiyyətdə böyük nüfuza və çəkiyə malik olan YAP-ın hər bir üzvü üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışmalıdır. “Azərbaycanın daha da qüdrətlənməsi, dövlətçiliyimizin qorunması istiqamətində vətəndaşlıq borcumuzu səylə yerinə yetirməliyik”.
E.İbrahimov deyib ki, YAP-ın yaranma tarixi xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır: “Bilirsiniz ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən yığıncaqda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Bu seçim də təsadüfi deyildi. Həmin dövrlər Azərbaycanda həqiqətən çox mürəkkəb hadisələr cərəyan edirdi və dövlətimizin gələcəyi sual altında idi. Hakimiyyət başında olan səriştəsiz, dövlət idarəçiliyində bacarığı olmayan, avantürist siyasətçilər ölkəyə rəhbərlik edə bilmir, nəzarəti əllərinə götürməkdə aciz idilər. Buna paralel olaraq, iqtisadiyyat tamamilə çökmüş, əhalinin rifah halı getdikcə pisləşir, siyasi gərginlik artırdı. Eyni zamanda, xarici qüvvələrin havadarlıq etdiyi daxili qüvvələr müstəqilliyimizə son qoymaq üçün əlindən gələni edirdi. Dağlıq Qarabağdan gələn pis xəbərlər onsuz da pis olan əhval-ruhiyyəni daha da korlayırdı, ermənilər fəallaşır, hər ay bir rayonumuzu işğal edirdi. O dövrü yaşayanlar, yəqin ki, xatırlamaqda çətinlik çəkməzlər. Məhz belə bir məqamda hamının vahid düşüncəsi ondan ibarət idi ki, Azərbaycanda hadisələrin bu cür inkişafının, ölkəmizin məhv olmasının qarşısını yalnız bir nəfər - zəngin dövlətçilik təcrübəsinə malik, xalqını, millətini, dövlətini sevən böyük şəxsiyyət Heydər Əliyev ala bilər”.
YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov çıxışında partiyanın yaranma tarixindən danışıb. O, bildirib ki, YAP-ın yaranmasında məqsədin nədən ibarət olduğu hər bir kəsə bəllidir. Ulu öndər Heydər Əliyev bildirmişdi ki, məqsəd köhnə, dağıdılmış, parçalanmış, sürətli tənəzzül zolağına düşmüş Azərbaycan reallıqlarından imtina etmək, yeni, dünyəvi, sivil, azad, demokratik Azərbaycan qurmaqdan ibarətdir. Ona görə də Azərbaycan xalqı ağıl, zəka nümayiş etdirərək, öz liderini Bakıya dəvət etmək qərarına gəldi: “YAP-ın digər partiyalardan fərqi bir də ondan ibarətdir ki, bu təşkilatda intellektual səviyyəsi yüksək olan insanlar cəmləşib. Ona görə də bu partiya uğur qazanıb, cəmiyyətin aparıcı qüvvəsinə çevrilib”.
YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək ölkəmizin qazandığı uğurlardan danışıb. O, bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı böhrandan, xaos və anarxiyadan xilas etdi. ölkəmiz çox qısa zamanda inkişaf yoluna çıxdı. “Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə iqtisadiyyatı dinamik inkişaf edən, demokratik ölkə kimi tanıdır”.
Prezident İlham Əliyevin “YAP bölgənin aparıcı siyasi təşkilatına çevrilib” fikrini önə çəkən T.Budaqov bildirib ki, ölkəmizin sürətli inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu var. 1993-cü ildən iqtidarda olan YAP sıralarını gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirir, nüfuzunu artırır. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1068 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31