Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslanır

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyi beynəlxalq hüquq normalarına və tarixi ədalətə əsaslanır

09.10.2020 [09:00]

Prezident İlham Əliyev: İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir
Xəbər verildiyi kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrinin sentyabrın 27-də qoşunların təmas xəttində növbəti dəfə törətdiyi təxribatlara cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Ordumuzun qarşısına Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və düşmən qüvvələrini işğal altındakı torpaqlarımızdan çıxarmaq kimi mühüm vəzifələr qoyulub. Bu, 30 il ərzində pozulmuş tarixi ədalətin bərpası deməkdir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu ümidləri tam doğruldur və ona həvalə edilən xilaskarlıq missiyasını şərəflə yerinə yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatını uğurla davam etdirdiyinə diqqət çəkərək vurğulayıb: “Biz adekvat tədbirlər görməyə məcbur olduq, operativ surətdə əks-hücuma keçdik. Bu əks-hücum nəticəsində düşmənin çox sayda atəş nöqtələrini, döyüş mövqelərini susdurduq, şimal və cənub istiqamətlərində işğal altında olan ərazilərin bir hissəsini azad etdik, bununla da Azərbaycanın bir sıra yaşayış məntəqələri, oradakı vətəndaşlar bu gün artıq normal şəraitdə yaşaya bilərlər, çünki ermənilərin artilleriya atəşləri artıq oraya çatmır”.
BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi tam və qeyd-şərtsiz yerinə yetirilməlidir
Azərbaycan xalqının tarixində qürur doğuran səhifələr çoxdur. Bu gün vaxtilə düşmən qüvvələrinin zəbt etdiyi ərazilərimizin işğaldan təmizlənməsi də xalqımız üçün şərəfli həqiqət anıdır. Bu günlərdə hər bir azərbaycanlının qəlbi düşmənə layiqli zərbələr endirən əsgər və zabitlərimizlədir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması Azərbaycan üçün bir nömrəli ümummilli məsələdir. Respublikamız o mövqedən çıxış edir ki, işğal olunmuş ərazilərimizin tamamilə geri qaytarılması təmin edilməlidir.
Bu gün Azərbaycanın həyata keçirdiyi torpaqlarımızın işğaldan azad olunması tədbirlərinin çox ciddi əsasları var. Azərbaycan öz təhlükəsizliyini, mülki əhalini qorumaqda və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməkdə tam haqlıdır. Ölkəmiz Dağlıq Qarabağ probleminin həllində, ərazi bütövlüyümüzün təmin olunmasında prinsipial yanaşmadan çıxış edərkən ilk növbədə tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır.
Hər iki nöqteyi-nəzərdən yanaşdıqda Azərbaycanın mövqeyi mükəmməldir. İndi ermənilərin iddia etdikləri ərazilərdə vaxtilə Qarabağ xanlığı mövcud olub. Xanlıq məhz Azərbaycana xas olan dövlət quruluşudur. Qarabağ xanlığının tarixinə nəzər saldıqda aydın şəkildə görünür ki, burada ermənilər yaşamayıblar. Eləcə də Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasını rəsmiləşdirən Kürəkçay sülh müqaviləsində ermənilər barədə ümumiyyətlə söhbət açılmır. Bütün bunlar ona dəlalət edir ki, ermənilər Qarabağa sonradan köçürülüblər və burada məskunlaşandan sonra öz xislətlərinə uyğun olaraq ərazi iddiaları ilə çıxış etməyə başlayıblar.
Eyni zamanda, beynəlxalq hüquq da Ermənistanın mövqeyinin qüsurlu və yanlış olduğunu göstərir. Başqa sözlə desək, beynəlxalq hüquqda və dünya praktikasında Ermənistanın istinad edib öz mövqeyini əsaslandıracaq hansısa bir məqam yoxdur. Ermənistanın Dağlıq Qarabağda qurduğu qondarma rejim separatizmin bariz nümunəsidir. Bu isə dünya üçün təhlükəli presedentlərə yol açır. Ümumiyyətlə, beynəlxalq hüquq normaları ilə işğal, təcavüz faktı və separatizm bir araya sığmır. Təsadüfi deyil ki, dünyanın əksər dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda qəbul etdikləri sənədlərdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər.
Məlumdur ki, Azərbaycan həmişə münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olub, səbr və təmkin nümayiş etdirib. Üç onillik ərzində danışıqlarda davamlı şəkildə konstruktiv yanaşma sərgiləməsi ölkəmizin sülhə böyük önəm verməsinin ifadəsidir. Lakin ötən müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyinin, təxribatlarının nəticəsi olaraq danışıqlar prosesi pozulub.
Ümumiyyətlə, beynəlxalq hüquqa məhəl qoymayan işğalçı dövlət əslində münaqişənin mərhələli şəkildə həlli ilə bağlı baza prinsiplərindən geri çəkilib. Son vaxtlarda Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirməyə davamlı cəhd göstərib. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurub və onu tamam mənasız edib. İşğalçı dövlətin yüksəksəviyyəli rəsmiləri heç nədən çəkinmədən yeni ərazilər işğal etmək üçün yeni müharibəyə başlayacaqlarını açıq şəkildə dilə gətirirdilər. Düşmən qüvvələri qoşunların təmas xəttində, eləcə də iki ölkə arasındakı dövlət sərhədi boyunca ard-arda təxribatlar törədirdilər. Bütün bu kimi faktlar əyani şəkildə təsdiqləyir ki, danışıqlar prosesinin pozulmasına və hazırkı gərgin vəziyyətin yaranmasına, aktiv döyüş əməliyyatlarının başlamasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün ölkəmizin haqlı tələblərini bir daha diqqətə çatdıraraq “İlk növbədə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə - erməni işğalçı qüvvələri Azərbaycanın ərazilərini ələ keçirdikləri dövrdə qəbul edilmiş 4 qətnaməsi yerinə yetirilməlidir. Bu qətnamələrdə təcavüzkara çox dəqiq siqnal göndərilir. Orada yazılıb ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir”, - deyə vurğulayıb.
Bəhs olunan qətnamələrin qəbul olunmasından artıq 27 il ötüb. Ancaq erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Ermənistanın beynəlxalq hüquqa etinasızlığı o həddə çatıb ki, bu ölkənin baş naziri N.Paşinyan bu günlərdə BBC-yə müsahibəsində bəhs olunan qətnamələri aşağılamağa və onların mahiyyətini təhrif etməyə belə özündə “cəsarət” tapıb. Bu, açıq-aydın işğalçı dövlətin beynəlxalq birliyə meydan oxuması anlamına gəlir. Məhz işğalçı dövlətin qeyri-konstruktiv mövqe tutmasına görə status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Ermənistanın mövqeyinin yalana söykəndiyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər”.
Döyüş meydanında acı məğlubiyyətlə üzləşən Ermənistanın silahlı qüvvələri mülki əhalini hədəf alır
Məlum olduğu kimi, torpaqlarımızın 20 faizini zəbt edən erməni vandalları işğal altındakı ərazilərimizdə ağılasığmaz müharibə cinayətləri törədiblər. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin salınıb. İşğal olunmuş ərazilərimizdə meşələrimiz, təbii sərvətlərimiz talan olunub, işlək müəssisələr dayandırılaraq onların avadanlıqları Ermənistana daşınıb. Erməni vandalları, həmçinin tarixi abidələrimizə ciddi ziyan vurublar.
İşğalçı dövlət müharibə cinayətlərini hazırda da davam etdirir. Məlumdur ki, Ermənistanın hərbi birləşmələri heç vaxt Ordumuzla açıq döyüşlərdə qalib gəlməyib. Onlar daim yaşayış məntəqələrini, dinc sakinləri, mülki əhalini hədəf alırlar. Bu dəfə də döyüş meydanında acizliyini görən düşmən Azərbaycanın kənd və şəhərlərini artilleriya atəşinə tutur. Artıq erməni hərbi birləşmələrinin mülki obyektləri atəşə tutması nəticəsində respublikamızın müxtəlif bölgələrində 170-dən çox dinc sakin müxtəlifdərəcəli xəsarətlər alıb, 800-dən çox ev dağıdılıb, həmçinin 30 yaxın mülki şəxsin həyatına son qoyulub. Belə dəhşətli faktlara diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, bu, erməni tərəfin köhnə taktikasıdır. “Son günlərdə Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir, bu, Cenevrə konvensiyalarının çox kobud şəkildə pozulmasıdır, cinayətdir, müharibə cinayətidir. Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənistan, həmçinin Mingəçevirdə kritik enerj infrastrukturunu, eləcə də Yevlax rayonunda ixrac boru kəmərlərini vurmağa cəhd göstərir, tarixi abidələri məhv edir. Ümumiyyətlə, erməni tərəfi təxribat xarakterli hərəkətləri ilə qarşıdurmaya KTMT-ni, Avropa ölkələrini cəlb etməyə, münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır. Azərbaycan sülhü genişəhatəli, uzunmüddətli, dünyanın aparıcı ölkələri tərəfindən həm Azərbaycan, həm də Ermənistan üçün məqbul olan ciddi zəmanətlər şərti ilə əbədi nizamlama kimi görür. Hazırda Azərbaycan özü status-kvonu dəyişir və bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31