Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qohum evliliklərindəki böyük risk...

Qohum evliliklərindəki böyük risk...

08.05.2024 [11:00]

Beynəlxalq Talassemiya Günüdür

Yeganə BAYRAMOVA

Bəzi xəstəliklər var ki, anadangəlmədir və bu xəstəliklərdə irsi faktorlar, həmçinin qohum evlilikləri mühüm rol oynayır. Belə xəstəliklər siyahısında talassemiyanı xüsusi vurğulamaq yerinə düşər. Məlumdur ki, irsi qan xəstəliyi olan talassemiya dünyanın bütün ölkələrində geniş yayılıb.

Talassemiya nədir?

Talassemiya qan xəstəliyidir. Qırmızı qan hüceyrələrinə təsir göstərən pozğunluqdur. Qanın içərisindəki oksigeni daşıyan hüceyrələr sümüklərin içərisində yaranır. Bunlar isə hemoqlabin adlandırılan molekul tərəfindən daşınır. Bunlar pozulanda isə oksigen çatmır və qansızlıq yaranır.

Simptomları...

Talassemiyanın simptomları müxtəlifdir. Ən çox rast gəlinən simptomlar isə bunlardır: Sümük deformasiyaları, tünd rəngli sidik, inkişafın gecikməsi, daimi yorğunluq, sarı və ya solğun dəri.

İki nəfər talassemiya daşıyıcısı evlənərsə...

Qohum nikahların genetik xəstəlikləri artırması faktdır. Araşdırmalar müəyyən edir ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.

Talassemiya daşıyıcılarının bəzilərində yüngül qan azlığına təsadüf edilə bilər. Elə bu səbəbdən də çoxları talassemiyanın daşıyıcısı olduqlarını heç təsəvvürlərinə belə gətirmirlər. Onlar özlərini sağlam hiss etsələr də, xəstəliyin əlamətlərini uşaqlarına irsən ötürürlər. Əgər xəstəliyin daşıyıcıları olan iki nəfər bir-biri ilə evlənibsə, onda övladlarında talassemiyanın çox ağır forması hesab edilən “böyük talassemiya” inkişaf edir. Qeyd edək ki, hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar.  Belə olan halda qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksək olur. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksəkdir. Yəni, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktorlardan biridir. Genetik xəstəliklər arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Azərbaycanda vəziyyət...

Talassemiyanın geniş yayıldığı ölkələr sırasında Azərbaycan da var. Hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Ümumilikdə isə əhalinin hər 12 nəfərdən biri xəstəliyin daşıyıcısıdır. Son statistik göstəricilərə görə, hazırda ölkəmizdə tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin ümumi sayı 4096 nəfərdir, onların 1967 nəfəri 17 yaşına çatmamış şəxslərdir.

Xəstəliklə bağlı ən çox müraciətlər isə Zaqatala, Şəki, Oğuz, Qəbələ. Ağdaş, Kürdəmir, Masallı, Lənkəran, Sabirabad rayonlarındandır. Həmin bölgələrdə talassemiya daşıyıcılarının çoxluğu nəticəsində xəstə uşaqların doğulması riski də daha çoxdur.

Ölkəmizdə son illərdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Son illərdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. Artıq ölkəmizdə talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli ?ərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.

Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Yeri gəlmişkən, bu gün - mayın 8-i Beynəlxalq Talassemiya Günüdür. 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis olunan bu günün əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Paylaş:
Baxılıb: 601 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30