Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 100 il - Azərbaycan və Türkiyə üçün iki mühüm tarix

100 il - Azərbaycan və Türkiyə üçün iki mühüm tarix

01.11.2022 [10:21]

2023

Azərbaycanda “Heydər Əliyev İli”, Türkiyədə Cümhuriyyətin 100 illiyi

Mübariz ABDULLAYEV

Ölkəmizi qələbələrdən qələbələrə, uğurlardan uğurlara aparan Yeni Azərbaycan Partiyası (YAP), həm  də səmərəli beynəlxalq əməkdaşlıq münasibətlərinə malikdir. Ölkə daxilində demokratik proseslərin genişlənməsində aparıcı rol oynayan, sosial-iqtisadi islahatların reallaşmasına sanballı töhfələr verən YAP beynəlxalq əlaqələrini genişləndirməklə dünya miqyasında  Azərbaycanın müsbət imicinin möhkəmlənməsində, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayır.

Yeni Azərbaycan Partiyasının getdikcə genişlənən beynəlxalq əlaqələrindən söhbət açarkən YAP-la qardaş Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında formalaşan xoş münasibətləri xüsusi qeyd edə bilərik. Bu münasibətlərin kifayət qədər yüksək dinamikaya malik olması məmnunluq doğurur. Elə bu günlərdə YAP-ın Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının dəvəti ilə qardaş Türkiyədə səfərdə olub. Nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da təmsil olunublar. Səfər çərçivəsində YAP nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın ictimaiyyətə açıqladığı “Türkiyənin yüz ili” təqdimat proqramında iştirak edib. Həmçinin YAP-ın Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti rəsmiləri ilə görüşlərə qatılıb.

Tarixdən gələn dostluq, qardaşlıq

YAP ilə AK Parti arasında əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhuna uyğun olaraq inkişaf edir. İki ölkənin, iki xalqın hər zaman-sevincdə də, kədərdə də bir yerdə olmaları artıq ənənə halını alıb. Buna aid çoxlu sayda misallar sadalamaq mümkündür. İş elə gətirib ki, üzümüzə gələn növbəti ildə Azərbaycan və Türkiyə üçün mühüm önəm daşıyan iki ildönümü qeyd edəcəyik: Qardaş ölkədə cümhuriyyət qurulmasının 100-cü ildönümünü. Azərbaycanda isə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü. Prezident Rəcəb Tayyib Ərdoğan bir qədər bundan əvvəl Cəbrayılda mətbuata verdiyi Bəyanatında bu iki əlamətdar tarix arasında paralellər apararaq vurğulayıb: “Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”.

Bəhs olunan tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyənin yüz ili” strateji inkişaf proqramını açıqlayıb. Bildirildiyi kimi, “Türkiyənin yüz ili bacarığın yüz ilidir!”, “Türkiyənin yüz ili inamın və sabitliyin yüz ilidir!”, “Türkiyənin yüz ili, elimin yüz ilidir!”, “Türkiyənin yüz ili rəqəmsal inkişafın yüz ilidir!”, “Türkiyənin yüz ili qüdrətin yüz ilidir!”.

Belə bir möhtəşəm tədbirdə iştiraka Yeni Azərbaycan Partiyasının dəvət alması rəmzi məna daşıyır. Eyni zamanda YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verirdi. Ulu Öndər ölkələrimiz arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyətini “Bir millət, iki dövlət” kəlamı ilə ifadə etmişdi.

Azərbaycanla Türkiyə arasında hazırda zirvədə olan münasibətlər çox doğru olaraq tarixdən gələn dostluq, qardaşlıq kimi səciyyələndirilir. İki qardaş ölkə xalqları dil, din, mənəviyyat eyniliyinə söykənən ortaq dəyərlərə və ənənələrə malikdirlər. Çox yaxşı haldır ki, hər iki ölkədə bu ənənələr yüksək dəyərləndirilir, dövlətlər və cəmiyyətlər səviyyəsində qorunur və yeni-yeni çalarlarla daha da zənginləşdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi, iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub.

Hər zaman sevinclərini və kədərlərini bir-biri ilə bölüşən iki xalqın qardaşlığı ölkəmizin son otuz ildə üzləşdiyi keçmiş Dağlıq Qarabağ münaqişəsinə Türkiyənin münasibətində bütün cəhətləri ilə bir daha özünü göstərdi. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı.  Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir.

İki ölkə arasında formalaşan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın iclasları müntəzəm keçirilir. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı hədəf qoyublar və bu hədəfə çatılması tam realdır. Enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətini təşkil edir.

YAP-AK Parti əməkdaşlığı yeni mərhələdə

Yeni Azərbaycan Partiyası “Türkiyənin yüz ili” kimi mühüm təqdimat proqramına Türkiyə xaricindən dəvət edilən yeganə siyasi təşkilat olub. Bu, hər iki ölkədə qarşılıqlı münasibətlərin dərinləşməsinə bütün səviyyələrdə necə böyük önəm verildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, qarşılıqlı hörmətin və ehtiramın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir. Eləcə də YAP-la AK Parti arasında gözəl ənənələr formalaşıb. Belə ki, iki hakim partiya rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib, əməkdaşlığın əhatə dairəsi genişlənib. İki partiya arasında 2 iyun 2021-ci il tarixində əməkdaşlığa dair niyyət protokolunun imzalanması ilə qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni mərhələsi başlayıb. Belə bir sənədin imzalanması böyük siyasi önəm daşıyır. Azərbaycanın və Türkiyənin aparıcı siyasi partiyaları arasında perspektiv əməkdaşlıq, koordinasiyalı fəaliyyətin təmin olunması üçün daha münbit zəmin formalaşıb. YAP-ın və AK Parti rəsmilərinin birgə iştirakı ilə çoxsaylı tədbirlərin keçirilməsi və bu tədbirlərdə səmərəli müzakirələrin aparılması bunu bir daha təsdiqləyir. Son vaxtlarda iki partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən belə tədbirlər sırasında ümummilli lider Heydər Əliyevin anadan olmasının növbəti ildönümünə həsr olunmuş “Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri”, “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzularında konfransların keçirilməsinini xüsusi qeyd edə bilərik. Bundan başqa, 2021-ci ilin dekabrında İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammitində Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Ümumiyyətlə, belə sıx təmaslara aid misallar çoxdur. Aparılan müzakirələr qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə güclü impuls verir.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin qardaş ölkəyə bu səfəri də məhsuldar keçib. O cümlədən səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş, eləcə də AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala arasında görüş baş tutub. Bu görüşlərdə həm ölkələrimizin, həm də iqtidar partiyalarının ortaq hədəflər əsasında daim birgə hərəkət edərək mühüm nailiyyətlər qazanacaqlarına əminlik ifadə olunub. Yeni Azərbaycan Partiyasının “Türkiyənin yüz ili” təqdimat proqramına Türkiyə xaricindən dəvət edilmiş yeganə siyasi təşkilat olduğunu xatırladan Tahir Budaqov deyib: “Bu, iki dost, qardaş və strateji müttəfiq ölkə arasındakı münasibətlərin nümunəvi xarakter daşıdığını göstərir, o cümlədən YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. Həm ölkələrimiz, həm də Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası liderlərimizin - Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın öndərliyində böyük məsafə qət edərək mühüm uğurlara imza atıblar və gələcəyimiz üçün parlaq perspektivlər, etibarlı zəmin yaradıblar. Şübhəsiz ki, siyasi partiyalar olaraq bundan sonra da dövlət başçılarının qardaşlıq münasibətlərini, Azərbaycan ilə Türkiyə arasında sarsılmaz strateji müttəfiqliyi əsas və örnək götürərək əlaqələrimizi daha da gücləndirəcək, səmərəli, faydalı və məqsədyönlü birgə fəaliyyətimizi uğurla davam etdirəcəyik”.

Paylaş:
Baxılıb: 681 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31